Nə zaman və harada

“Müzakirədən öhdəliyə, əlaqədən əməkdaşlığa” prinsipinə əsaslanan, nəticəyönümlü və strateji əməkdaşlıq platforması.

2024-cü ildə keçirilmiş I Forum xaricdə yaşayan azərbaycanlı alimlərin potensialının müəyyənləşdirilməsi və ilkin əlaqələrin qurulması baxımından mühüm mərhələ olmuşdur. Sonrakı dövrdə Dünya Azərbaycanlı Alimlər Birliyinin (DAAB) İdarə Heyəti və üzvləri ilə I Forumda iştirak etmiş universitetlərin əksəriyyəti arasında onlayn görüşlər keçirilmiş, prioritet istiqamətlər müəyyənləşdirilmiş və onların icrası üçün əlaqələndiricilər təyin olunmuşdur. II Forum bu prosesin məntiqi davamı kimi əməkdaşlığın institusional və strateji mərhələyə keçidini təmin etməyi hədəfləyir.
II Forumun əsas fərqləndirici xüsusiyyəti onun praktiki nəticələrə yönəlmiş əməkdaşlıq platforması olmasıdır.
Günün hədəfi: müzakirə mövzularının müəyyənləşdirilməsi və universitetlər ilə AMEA nümayəndələrinin (əsas aparıcı qüvvə — driving force) bu mövzular ətrafında birgə işçi müzakirələrinin təşkili. Mövzular əməkdaşlıq memorandumlarında əks olunmuş istiqamətlər və ya konseptual mövzular (Qeydlər bölməsi, A–F bəndləri) əsasında müəyyən edilir.
Günün hədəfi: universitet və AMEA nümayəndələri (əsas aparıcı qüvvə — driving force) ilə görüşlərin davam etdirilməsi, konkret layihələrin detallaşdırılması və əməkdaşlıq razılaşmalarının hazırlanması.
I Forumdan fərqli olaraq, təklif olunan birgə müzakirələr DAAB üzvlərini və hər bir universitet rektoru, eləcə də AMEA prezidenti tərəfindən namizəd göstərilmiş 20-yə qədər əsas akademik və tədqiqat əməkdaşından ibarət nümayəndə heyətlərini bir araya gətirəcək. Bu nümayəndələr əməkdaşlığı irəlilətmək və ideyaları konkret layihələrə çevirmək üçün əlverişli mövqedə olmalı, müzakirələrin məqsədyönlü və nəticəyönümlü keçməsinə kömək etməlidir.
Müzakirələr tematik masalar ətrafında təşkil olunacaq; hər bir masa müxtəlif ixtisaslardan olan yerli mütəxəssisləri və DAAB üzvlərini əvvəlcədən müəyyən edilmiş konseptual mövzuları araşdırmaq üçün bir araya gətirəcək.
Aşağıdakı məlumatlar — o cümlədən Forumun konsepsiyası, proqramı və təklif olunan mövzular — ilkin xarakter daşıyır və hazırlıqlar irəlilədikcə yenilənəcək. Bu saytın bütün ziyarətçiləri Forumun konsepsiyasını və proqramını formalaşdırmaq üçün rəy və təkliflərini bölüşə bilərlər.
Süni intellekt, verilənlər elmi və ağıllı infrastrukturun inkişafı; böyük verilənlər analitikası; bulud və yüksək məhsuldarlıqlı hesablama; rəqəmsal əkizlər; 5G/6G və gələcək kommunikasiya texnologiyaları; ağıllı şəhər və kənd konsepsiyaları; IoT və Sənaye 4.0 həlləri; kvant texnologiyalarına hazırlıq; kibertəhlükəsizlik və milli rəqəmsal dayanıqlılıq.
Təhsil sisteminin modernləşdirilməsi; universitetlərin qlobal reytinq strategiyaları; rəqəmsal təhsil və hibrid öyrənmə modelləri; süni intellekt dəstəkli fərdiləşdirilmiş təhsil; ömürboyu öyrənmə və mikrosertifikatlar; akademik liderliyin inkişafı; beynəlxalq ikili diplom və ortaq proqramlar; tədqiqat yönümlü universitet modelinin qurulması; elmi etik standartlar və açıq elm siyasətləri.
Biotibbi tədqiqatlar və genomika; milli sağlamlıq məlumat sistemləri və elektron səhiyyə; fərdiləşdirilmiş tibb; süni intellekt əsaslı diaqnostika; bioinformatika və biotexnologiya; dərman tədqiqatları və klinik sınaqlar infrastrukturu; ictimai səhiyyə və epidemioloji modelləşdirmə; yaşlanan əhali üçün tibbi innovasiyalar; rəqəmsal sağlamlıq və telemedicina.
Yaşıl enerji strategiyaları; bərpa olunan enerji mənbələri; enerji saxlama texnologiyaları; smart-grid sistemləri; iqlim dəyişikliyi ilə mübarizə və adaptasiya; karbon neytrallığı siyasətləri; su resurslarının idarə olunması; dairəvi iqtisadiyyat; müharibədən təsirlənmiş ərazilərin ekoloji bərpası; davamlı şəhərsalma və ekoloji monitorinq.
Rəqəmsal mədəniyyət platformaları; milli irsin rəqəmsallaşdırılması; süni intellekt əsaslı dil texnologiyaları; kütləvi tərcümə sistemləri; rəqəmsal humanitar elmlər; qlobal Azərbaycan mədəniyyətinin təşviqi; media və informasiya savadlılığı; kreativ sənayelər və mədəni iqtisadiyyat; virtual muzeylər və artırılmış reallıq tətbiqləri.
Milli elm fondunun yaradılması və beynəlxalq modellər; innovasiya və startap ekosistemi; texnologiya transferi və sənaye–universitet əməkdaşlığı; qrant mexanizmləri və birgə beynəlxalq layihələr; elmi diplomatiya və beynəlxalq şəbəkələşmə; diaspor alimlərinin sistemli inteqrasiyası; beyin axınının qarşısının alınması və geri dönüş proqramları; intellektual mülkiyyət hüquqları və rəqəmsal hüquqi çərçivə; elmin idarə olunmasında verilənlərə əsaslanan qərarvermə.
Yekun iclasın bütün qrupların eyni məkanda iştirakı ilə keçirilməsi forumun nəticəliliyinin artırılması və qəbul olunan qərarların vahid şəkildə təqdim olunması baxımından əsas şərtlərdən biridir.
İştirakçıların universitet və ya AMEA məkanlarına yönləndirilməsi əlavə vaxt itkisinə səbəb ola bilər. Bu səbəbdən, daha səmərəli yanaşma kimi, DAAB üzvlərinin və yerli tərəfdaşların — əsas aparıcı qüvvə (driving force) qruplarının — bütün müzakirələri forumun keçirildiyi məkanda davam etdirməsi məqsədəuyğun hesab olunur. Bu yanaşma logistikanın sadələşdirilməsinə və işçi qruplar arasında koordinasiyanın gücləndirilməsinə xidmət edir.