Təşkil prinsipləri
Forumun məramı DAAB-ın gələcək fəaliyyətini yönləndirəcək qısa, orta və uzun vədəli strategiyaların hazırlanmasıdır. Yəni forumun, əgər belə demək mümkünsə, ərsəyə gətirəcəyi “məhsul” bir necə strateji plan olmalıdır.
10 Sentyabr üçün nəzərdə tutulmuş tədbirlər çərçivəsində xarici qonaqların iştirak edəcəyi bir necə səhər və nahar sonrası sessiyalar silsiləsi planlaşdırılıb:
Səhər sessiyalarında qruplar QARIŞIQ şəkildə formalaşdırılır, yəni iştirakçılar məşğul olduğu elm sahəsindən, ixtisasından, yaşadığı ölkədən asılı olmayaraq qruplara bölünürlər.
- Nahar sonrası sessiyalarda isə iştirakçılar təmsil etdikləri elm sahələri üzrə qruplarda (bu qrupları İXTİSAS qrupları adlandırmaq olar) işləyirlər.
- Qrupların bu iki yolla təşkili iştirakçıların şəbəkələşmisinə töhfə vermiş olacaqdır. Yəni, məsələn, QARIŞIQ qruplara qatılmış iştirakçılar daha sonra İXTİSAS qruplarından birində yer almış ola biləcəklər. Bu da öz növbəsində iştirakçıların daha çox həmkarı ilə ünsiyyət qurmasına və şəbəkələşmənin genişlənməsinə gətirəcəkdir.
- Müzakirələr başlamadan öncə moderatorlar iştirakçıları auditoriyaya təqdim etməli, onların adı, soyadı, məşğul olduğu elm sahəsi, iş yeri, elmi nailiyyətləri haqqında çox qısaca (10 saniyə) məlumat verməlidirlər.
- Sessiyalar beyin fırtınası (brainstorming) üsulu ilə həyata keçirilir.
- Masalar üzərində onun nömrəsini bildirən lövhə yerləşdiriləcəkdir. Masalar üzərinə iştirakçıların adı, soyadı, təmsil etdiyi ölkənin adı yazılmış olan lövhələr qoyulacaqdır.
- İXTİSAS qruplarının iştirakı ilə aparılacaq müzakirələr zamanı masaların üzərinə əlavə olaraq elm sahələrinin adlarının əks olunduğu lövfə də yerləşdiriləcəkdir.
- Sessiyalara moderatorluğu DAAB İdarə Heyətinin üzvləri və digər təyin olunmuş (seçilmiş) iştirakçılar keçirəcəklər. Moderatorlar həm QARIŞIQ, həm də İXTİSAS qrupları daxilində müzakirələri yönləndirəcək və ümumi idarəni həyata keçirəcəklər. İştirakçılar tərəfindən səsləndirilən fikir və təklifləri qeydə almaq üçün isə hər masa ətrafında bir mirzə (scribe) seçilmiş olacaqdır. Moderatorlar bütövlükdə qruplara məsul olduqları halda, mirzələr masa ətrafındakı müzakirələrin kağıza həkk olunmasına məsul olacaqlar. Yəni moderatorların sayı eyni olaraq qalacaq, mirzələrin sayı isə masaların sayı qədər olacaqdır. Sessiyaların sonunda moderatorlar mirzələrin qeydlərini toplayacaq və onları ümumiləşdirərək qrupların adından auditoriyaya təqdim edəcəklər.

