Rektorlar

Azərbaycan universitet rektorlarının Forum 2024-dəki nitqləri

Ceyran MAHMUDOVA

Ceyran MAHMUDOVA

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə elmlər doktoru, professor

2001-ci ildə Ulu öndərimiz Heydər Əliyevin təşəbbüsü ilə Dünya Azərbaycanlılarının I qurultayı keçirildi. Sonrakı illərdə Prezident İlham Əliyev cənablarının sərəncamları və dəstəyi ilə bu qurultaylar davam etdirildi. Artıq 2022-ci ildə Dünya Azərbaycanlılarının V qurultayı keçirildi. 2024-cü ilin sentyabr ayında Bakı, Xankəndi və Şuşada keçirilən Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin I forumu dünya azərbaycanlılarının yeni formatda bir araya gəlməsi baxımından çox önəmli tədbir kimi dəyərləndirilməlidir.

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin forum iştirakçılarına müraciəti bu tədbirin mühüm əhəmiyyətini vurğulayaraq tədbirin gedişinə xüsusi ovqat qatdı.

Mənə 2024-cü ilin sentyabr ayında Bakıda keçirilən Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin I forumunda iştirak etmək nəsib oldu və bu tədbirdən çox xoş təəssüratlarla, maraqlı ideyalarla qayıtdım. Ən başlıcası isə, vətəndən uzaqlarda, Yer kürəsinin müxtəlif qitələrində yaşayan həmvətənlərimizin milli irsimizin, mədəni dəyərlərimizin təkcə daşıyıcısı deyil, həm də təbliğatçısı olmalarıdır.

Forumda biz həmvətənlərimizin müxtəlif elm sahələri üzrə fəaliyyətləri və nailiyyətləri ilə tanış olduq. Çox sevindirici haldır ki, alimlərimiz beynəlxalq elmi məkanda özlərinə layiqli yer tuta bilmiş və tanınmışlar. Müzakirə edilən elmi-nəzəri məruzələr, müasir Azərbaycan elmi və təhsilinin beynəlxalq elm, təhsil məkanına daha aktiv inteqrasiyası üçün verilən səmərəli təkliflər çox dəyərli idi.

Forum mənə müxtəlif ölkələrdə yaşayan alimlərimizlə unudulmaz tanışlıqlar, eyni zamanda uzun illərdir tanıdığım, lakin çoxdan görüşmədiyim həmkarlarımla görüşmək imkanı yaratdı.

Xaricdə, müxtəlif ölkələrdə yaşayan azərbaycanlı alimlərin bir araya gəlməsi və forum çərçivəsində bütün tədbirlərin yüksək səviyyədə keçirilməsində böyük zəhməti olan, DAAB-nin sədri, beynəlxalq elmi cameədə tanınmış riyaziyyatçı, Humboldt mükafatının ilk azərbaycanlı laureatı kimi adı tarixə düşən alim, vətənpərvər və təvazökar şəxsiyyət Məsud Əfəndiyevə xüsusi təşəkkürümü bildirmək istəyirəm.

Belə bir aforizm var: “Gözəllik dünyanı xilas edəcək”. Mən bu deyimi forumdakı çıxışlar, bütün iştirakçıların çıxışlarının leytmotivi olan sülh və əmin-amanlıqla bağlayaraq deyə bilərəm ki, bugünkü narahat dünyamızı təhsil, elm və mədəniyyət xilas edə bilər.

Gələn forumda görüşənədək!

Ədalət MURADOV

Ədalət MURADOV

Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, professor

Hörmətli həmkarlar, dəyərli alimlər, möhtərəm qonaqlar!

Əvvəlcə Dünya Azərbaycanlı Alimlər Birliyinin bu mötəbər forumu münasibətilə hər birinizi UNEC adından salamlayıram. Dünyanın çeşidli guşələrində elmin müxtəlif sahələrində çalışan azərbaycanlı alimlərin bir araya gəlməsi bir millət olaraq həmrəyliyimizin, intellektual potensialımızın və milli kimliyimizin təntənəsidir. Bu forum yalnız akademik müzakirə platforması deyil, eyni zamanda Azərbaycanın gələcəyinə yönəlik elmi və texnoloji strategiyaların təməlinin atıldığı mühüm bir mərhələdir.

Bu gün burada toplaşaraq biz yalnız biliklərimizi bölüşmür, həm də elmimizin gələcəyini birlikdə dizayn edirik. Dünyanın nüfuzlu elm ocaqlarında fəaliyyət göstərən azərbaycanlı alimlərin bu forumda iştirakı Azərbaycanın intellektual diasporunun artıq beynəlxalq sistemin bir parçasına çevrildiyinin sübutudur.

İnanıram ki, bu birlik təkcə informativ məqsəd daşımır və praktiki nəticələr doğuracaq əməkdaşlıq formatına çevriləcəkdir. Biz dünya miqyasında güclü azərbaycanlı alimlər şəbəkəsi qurmaqla elm sahəsində milli güc mərkəzləri formalaşdıra bilərik. Bu isə həm diaspor siyasətimizin, həm də akademik diplomatiyamızın mühüm tərkib hissəsidir.

Forumun konkret nəticələrə yönəlməsi üçün aşağıdakı təklifləri diqqətinizə çatdırmaq istəyirəm:

1. Dünya azərbaycanlı alimlərinin məlumat bazası, fəaliyyət sahələri, elmi əsərləri və maraq dairələrini birləşdirən interaktiv portal yaradılmalıdır. Bu həm əməkdaşlıqları asanlaşdırar, həm də Azərbaycan elminin qlobal xəritədə tanınmasına xidmət edər;

2. Dünya azərbaycanlı alimlərinin iştirakı ilə aparılacaq ortaq tədqiqatlara maliyyə dəstəyi mexanizminin formalaşdırılması;

3. Təklif edirəm ki, forumun nəticəsi olaraq “Dünya Azərbaycanlı Gənc Alimlər Mentorluq Təşəbbüsü” adlı proqram başlasın. Bu proqram çərçivəsində təcrübəli alimlər gənc azərbaycanlı tədqiqatçıları yönləndirəcək, akademik və peşəkar inkişaflarına dəstək verəcəklər;

4. Orta və uzunmüddətli məqsədimiz Nobel mükafatı səviyyəsində elmi uğurlar əldə etməkdirsə, bu istiqamətdə sistemli şəkildə çalışmaq üçün institusional proqramlar hazırlanmalıdır. Burada həm xarici, həm də yerli akademik resurslar səfərbər edilməlidir.

Bu forum milli kimliyimizin elmi potensialla birləşdiyi, azərbaycançılıq düşüncəsinin elm dili ilə danışdığı məqamdır. Qoy bu toplantı bir rəmz olsun – Azərbaycanın yalnız neft və qazla deyil, eyni zamanda elmlə, innovasiya ilə, süni intellektlə dünyada tanınmasının rəmzi. UNEC olaraq biz bu əməkdaşlığı daha da dərinləşdirməkdə qərarlıyıq.

Qoy bu forum dünya azərbaycanlılarının elmi həmrəyliyinin başlanğıcı deyil, davamı və yüksəlişi olsun!

Təşəkkür edirəm!

Elbrus İSAYEV

Elbrus İSAYEV

Naxçıvan Dövlət Universitetinin rektoru, tarix üzrə fəlsəfə doktoru, dosent

Elm və təhsil hər bir xalqın inkişafının təməl daşı, gələcəyə gedən yolun ən etibarlı bələdçisidir. Bu yolun yolçuları olan alimlər cəmiyyətin düşüncə sərhədlərini genişləndirən, elmi yeniliklərə imza atan, dünyanı dəyişdirən insanlardır. Azərbaycanda da bütün dövrlərdə elmə, təhsilə böyük önəm verilmiş və bir çox görkəmli alimlər yetişmişdir.

Tarix boyu Azərbaycan xalqı elmə və maarifə dərin hörmətlə yanaşmış, adlı-sanlı alimləri ilə qürur duymuşdur. Bu gün isə dünyanın müxtəlif ölkələrində yaşayan alimlərimiz beynəlxalq elmi mühitdə öz sözlərini deməklə bərabər, milli kimliyimizi və intellektual potensialımızı da layiqincə təmsil edirlər. Son illərdə ölkəmizdən kənarda, dünyanın müxtəlif elm və tədqiqat mərkəzlərində fəaliyyət göstərən azərbaycanlı alimlər elmi uğurları ilə həm Azərbaycanı, həm də Türk dünyasını layiqincə təmsil edirlər.

Xaricdə yaşayan alimlərin fəaliyyətinin əlaqələndirilməsi, təcrübə mübadiləsinin təşkili və onların bir araya gətirilməsi istiqamətində Dünya Azərbaycanlı Alimlər Birliyi (DAAB) mühüm rol oynayır. Bu birlik azərbaycanlı elm adamlarının həm bir-biri ilə, həm də Ana Vətənlə elmi, mədəni və mənəvi bağlarını gücləndirmək məqsədilə yaradılmış, bir sıra qlobal təşəbbüslərə imza atmışdır. DAAB-nin təşəbbüsləri sayəsində dünyanın dörd bir yanında fəaliyyət göstərən alimlərimizin səyləri daha sistemli və təsirli şəkildə birləşdirilir.

2024-cü il sentyabrın 9-da Bakı şəhərində Diasporla İş üzrə Dövlət Komitəsinin, Elm və Təhsil Nazirliyinin dəstəyi, Dünya Azərbaycanlı Alimlər Birliyinin təşkilatçılığı ilə Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin birinci forumunun keçirilməsi müxtəlif ölkələrdə yaşayan alimlərimizi bir araya gətirmək, yerli alimlərlə görüşdürmək, bilik və təcrübə mübadiləsi aparmaq, dünya azərbaycanlı elm adamlarının şəbəkələşməsinə töhfələr vermək baxımından mühüm əhəmiyyət daşımışdır. Ölkə başçısı, Prezident cənab İlham Əliyevin göndərdiyi təbrik məktubu isə həmin forumun kəsb etdiyi əhəmiyyətin və ona olan diqqətin göstəricisi idi.

Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin forumunun təşkili, dünyanın müxtəlif yerlərində fəaliyyət göstərən elm adamlarımızın Bakıda toplanması mühüm bir hadisə kimi yaddaşlarda qaldı. Bu forum 23 ölkədən 80-dən çox xaricdə yaşayan azərbaycanlı alimin bir araya gəlməsi, Azərbaycan elminin, təhsilinin nüfuzunun daha da artırılması, dünyanın elm və təhsil sahəsindəki yeniliklərin tətbiq edilməsi baxımından əhəmiyyət daşıyırdı.

Məhz bu baxımdan tədbirdə iştirak edən Almaniyanın Münhen Texniki Universitetinin professoru, Humboldt mükafatı alan ilk azərbaycanlı alim, Əməkdar elm xadimi, fizika-riyaziyyat elmləri doktoru, dünyaşöhrətli Məsud Əfəndiyevin forumun təşkilində əsas məqsədin Azərbaycan elminin inkişafına töhfə vermək, peşəkar və gənc alimlər arasında körpü yaratmaq olduğunu, Azərbaycanın beynəlxalq nüfuzunun daha da gücləndirilməsi, elmimizin yüksək səviyyədə inkişaf etdirilməsi üçün səylərin birləşdirilməsinin vacibliyini bildirməsi təqdirəlayiq idi.

Forumda bir daha göründü ki, Azərbaycan üçün elm və təhsil sahəsində son illərdə xeyli müsbət işlər görülmüş və elmimizin səviyyəsinin artırılması, yeni dövrün tələblərinə uyğun kadrların yetişdirilməsində xaricdə yaşayan Azərbaycan alimlərinin iştirakı günün əsas tələblərindəndir.

Dünyaşöhrətli azərbaycanlı alim Məsud Əfəndiyevin tədbirdə bir ayrıcalıq göstərib Naxçıvan Dövlət Universitetinin vizyonlarının onun üçün daha cəlbedici və maraqlı olmasını bildirərək, şəxsi təşəbbüslə Naxçıvana gəlmək, universiteti öz gözlərilə görmək istəməsi, Dünya Azərbaycanlı Alimlər Birliyi ilə Naxçıvan Dövlət Universiteti arasında qarşılıqlı əməkdaşlığı həyata keçirməkdən ötrü hansı işləri görməli olduğumuzu bildirməsi isə bizim üçün ən xoş duyğulardan biri idi.

Məsud müəllim bir müsahibəsində qeyd edir ki: “Bu qədim diyar ölkəmizə çox dəyərli alimlər bəxş etmişdir. Naxçıvana gəlişimin əsas səbəblərindən biri də bu idi. Həmin alimlər, həqiqətən də, Azərbaycanın taleyüklü məsələlərində elmlə bağlı böyük işlər görüblər. Elə dəyərli şəxsiyyətlərin doğulduğu yeri öz gözlərimlə görmək mənim üçün çox vacib idi. İki gündür ki, artıq Naxçıvandayam. Bizim Dünya Azərbaycanlı Alimlər forumunun İdarə Heyətinin planlaşdırdığı işlər barədə fikir mübadiləsi apardıq. Ən çox xoşuma gələn hadisə isə Naxçıvan Dövlət Universitetinə gələn zaman ilk olaraq məni elm ocağının kitabxanasına aparmaqları oldu. Düşünürəm, bu, müəyyən bir simvoldur. Yanaşma tərzi aparıcı universitetlərə xas olan bir cəhət idi... Almaniyada ikən Elbrus müəllimə demişdim ki, orada tələbələrlə yanaşı, şagirdlərlə də ünsiyyətim olsun, onlarla görüşmək istəyirəm. Onlar bizim gələcəyimizdir. Şagirdlərin gələcək təhsili üçün hansı məqamlara toxunmaq lazımdır? Bunların hər biri mənə maraqlı idi və öyrənmək istəyirdim. Zənnimcə, birbaşa ünsiyyət həm düzgün, həm də mənalıdır. Bütün informasiyaları müəllimlərdən deyil, birbaşa şagirdlərdən almaq istəyirdim. Azərbaycanın qədim adət-ənənələrinin qorunması və oradakı sərgiləri müsbət qiymətləndirirəm. Ümumilikdə burada olmağımdan çox məmnunluq duyuram”.

17–18 dekabr 2024-cü il tarixlərində Məsud Əfəndiyev Naxçıvan Dövlət Universitetində oldu. Naxçıvanda ilk dəfə səfərdə olan professor keçirilən görüşlərdə Dünya Azərbaycanlı Alimlər Birliyinin yaranması və məqsədləri barədə danışaraq, bu birliyin dünya elmi ictimaiyyətində azərbaycanlı alimlərin mövqeyinin gücləndirilməsi və onların arasında əməkdaşlığın genişləndirilməsinə xidmət etdiyini qeyd edirdi.

Səfər çərçivəsində Dünya Azərbaycanlı Alimlər Birliyinin sədri, tanınmış alim Məsud Əfəndiyev universitetin Elmi Kitabxanasında və Beynəlxalq məktəbində, Naxçıvan Qızlar liseyində, Ordubad şəhərində akademik Y.Məmmədəliyevin Ev Muzeyində, digər bir sıra tarixi yerlərdə oldu. Naxçıvan Dövlət Universitetinin Beynəlxalq məktəbindəki görüşdə professor şagirdlərə öz elmi və beynəlxalq təcrübələrindən danışaraq onları elmə, təhsilə daha çox maraq göstərməyə çağırdı. Hər bir şagirdin böyük potensialının olduğunu və bu potensialı üzə çıxartmaq üçün səbir, daim çalışmaq lazım gəldiyini bildirdi. Professor Almaniyanın Münhen şəhərində Helmholtz Tədqiqat Mərkəzində apardığı işlərdən və müxtəlif beynəlxalq layihələrdə iştirakından bəhs edərək şagirdlərin beynəlxalq platformalarda əməkdaşlıq etmələrinin onların bilik və bacarıqlarını artırmaq üçün böyük imkanlar yaratdığını söylədi.

Səfər müddətində Naxçıvan Dövlət Universiteti ilə Dünya Azərbaycanlı Alimlər Birliyi arasında əməkdaşlıq müqaviləsi imzalanması mühüm hadisələrdən biri idi. Naxçıvan Dövlət Universiteti uzun illərdir, xarici ölkələrlə yaradılmış əlaqələr sayəsində hər il onlarla yüksəkixtisaslı professoru universitetdə elmi-pedaqoji fəaliyyətə cəlb edir. Ancaq xaricdən gələcək professorların, yüksəkixtisaslı mütəxəssislərin azərbaycanlı olmaları Azərbaycan elminin dünyada mövcudluğu və nüfuzu haqqında hər zaman müsbət təəssüratlar yaradacaqdır. İmzalanan əməkdaşlıq müqaviləsi çərçivəsində Dünya Azərbaycanlı Alimlər Birliyi (DAAB) və Naxçıvan Dövlət Universiteti xaricdə yaşayan azərbaycanlı alimlərin NDU-da tədris prosesinə cəlb olunması, tərəflərin yerləşdiyi ölkələrin qanunvericiliyinə uyğun olaraq, ikili diplom imkanlarını təmin edən tələbə mübadiləsi proqramlarının hazırlanması, dünyanın müxtəlif ATM-lərində fəaliyyət göstərən azərbaycanlı alimlərlə birgə elmi tədqiqatların aparılması, NDU-nun rəsmi internet səhifəsində “Xaricdə yaşayan azərbaycanlı alimlər” bölməsinin yaradılması, Azərbaycan və ingilis dillərində onlar haqqında məlumatların yerləşdirilməsi, universitetin elmi kitabxanasında yaradılmış “Xaricdə yaşayan azərbaycanlı alimlərin elmi əsərləri” fondunun vaxtaşırı onların əsərləri ilə zənginləşdirilməsi, media mərkəzində xaricdə yaşayan azərbaycanlı alimlərin videomühazirələrindən ibarət arxiv yaradılması, DAAB tərəfindən NDU-da mütəmadi olaraq birliyə üzv alimlərin təlim və seminarlar təşkil etməsinin təmini, magistrant və doktorant hazırlığında DAAB-yə üzv alimlərin imkanlarından istifadə, akademik tədqiqat məlumatlarının və texniki materialların mübadiləsi, mədəni fəaliyyətlərdə əməkdaşlıq, konfrans, seminar, simpozium, konqres və s. birgə akademik və elmi fəaliyyətlərin təşkili, birliyə üzv alimlərin yaşadıqları ölkələrdəki ATM-lərlə NDU arasında əməkdaşlığın təşviqi əsas məqsədlər və prioritetlər kimi müəyyənləşdirilmişdir.

Dünya Azərbaycanlı Alimlər Birliyi ilə əməkdaşlıq müqaviləsi çərçivəsində ötən dövr ərzində 2 dəfə birliyin üzvü olan xaricdə yaşayan həkimlərin Naxçıvana səfərləri təşkil olunub. Onların iştirakı ilə universitetin Tibb fakültəsində ustad dərsləri, elmi seminarlar təşkil edilib, elmi konfranslar keçirilib.

Nəticə etibarilə, elm və təhsil yolunda göstərilən bu cür əhəmiyyətli təşəbbüslər – xüsusilə, Dünya Azərbaycanlı Alimlər Birliyi ilə Naxçıvan Dövlət Universiteti arasında qurulan əməkdaşlıq – milli elmi potensialımızın beynəlxalq səviyyədə tanıdılması və gələcək nəsillərin yetişdirilməsi baxımından mühüm addımdır. Azərbaycanlı alimlərin dünyanın müxtəlif elmi mərkəzlərində əldə etdikləri bilik və təcrübənin vətəndə paylaşılması, intellektual körpülərin qurulması və gənc nəslin elmə yönləndirilməsi ölkəmizin davamlı inkişafına güclü təkan verir. Bu əməkdaşlıqlar, sadəcə, elmi əlaqələrin genişləndirilməsi ilə kifayətlənmir, eyni zamanda milli kimliyimizi, mədəni irsimizi və vətənə bağlılığımızı gücləndirir. Elm yolunda birləşən səylərimiz gələcəyin daha işıqlı, daha bilikli və daha uğurlu Azərbaycanı naminə atılmış ən dəyərli addımlardır.

Elçin BABAYEV

Elçin BABAYEV

Bakı Dövlət Universitetinin rektoru, fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru, dosent

Hazırda xarici ölkələrdə yaşayan, dünya elminin inkişafına əhəmiyyətli töhfələr verən azərbaycanlı alimlərlə əlaqələrin gücləndirilməsi, bir tərəfdən, elm, təhsil, təcrübə mübadiləsi platformalarının qurulması, diaspor təşkilatlarının daha da inkişafı, digər tərəfdənsə, onların ölkəmizin elm və təhsil müəssisələri ilə sıx, effektiv əməkdaşlığa cəlb edilməsi yolu ilə qabaqcıl beynəlxalq təcrübə, elmi-texnoloji yeniliklərin ölkəmizin elm, təhsil mühitinə inteqrasiyası, tətbiqi, universitet və elmi-tədqiqat institutlarının (ETİ) elmi məhsuldarlığının artırılması, qlobal elmi məkanda mövqeyinin gücləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Ölkəmizdəki universitet və ETİ-lərin beynəlxalq akademik mühitlə əlaqələndirilməsi işinə Dünya Azərbaycanlı Alimlər Birliyi, o cümlədən xaricdə yaşayan alimlərimiz aşağıdakı istiqamətlər üzrə əlavə olaraq funksional və davamlı əməkdaşlıq imkanları yarada bilərlər:

  • ölkənin iqtisadi-sosial sahələrdə ehtiyacları, regional və qlobal elmi prioritetlər, habelə universitet və ETİ-lərin kadr potensialı, infrastruktur və texniki imkanları nəzərə alınmaqla, elmi-tədqiqat prioritetlərinin müəyyənləşdirilməsi üçün birgə fəaliyyətin təşkili və həyata keçirilməsi;
  • ölkədə müasir dünya əmək bazarının tələblərinə cavab verən peşəkar və ixtisaslı kadr potensialının yaradılması;
  • universitet və ETİ-lərin təhsil – elmi-tədqiqat – sənaye əlaqələrini özündə ehtiva edən inteqrasiya olunmuş modern elmi-texnoloji ekosistemin qurulması və bu istiqamətdə institusional təşəbbüslərin dəstəklənməsi, tədqiqat infrastrukturundan birgə və effektiv istifadə imkanlarının yaradılması;
  • dövlət, sənaye və özəl sektorun dəstəyi ilə prioritet istiqamətlər üzrə xarici ölkələrin aparıcı elm və təhsil mərkəzlərində ixtisasartırma və təcrübə proqramlarına hədəflənmiş məqsədli təqaüd mexanizmlərinin hazırlanması;
  • prioritet elm sahələri üzrə birgə elmi-tədqiqat laboratoriya və ya mərkəzlərinin yaradılması, ortaq proqram və protokollar əsasında konkret nəticəyə yönəlmiş tədqiqat fəaliyyətlərinin təşkili və icrası;
  • Azərbaycandakı elmi jurnalların beynəlxalq bazalara (Scopus, WoS və s.) daxil edilməsi məqsədilə müvafiq siyasətin beynəlxalq standartlara uyğunlaşdırılması və indekslənmə prosesinin metodiki dəstəklə təmin edilməsi;

xarici universitetlər, tədqiqat mərkəzləri ilə, o cümlədən diaspor alimlərimizin çalışdığı qurumlarla elmi əməkdaşlıq müqavilələrinin bağlanılması, bu müqavilələr çərçivəsində qarşılıqlı maraqlara əsaslanan elmi-texniki layihələrin planlaşdırılması, maliyyələşdirilməsi, elmi nəticələrinin ortaq nəşrlər və patentlərlə təmin olunması.

Eyni zamanda aşağıdakı əlavə mexanizmlər də diaspor alimləri ilə əməkdaşlığın gücləndirilməsində effektiv ola bilər:

  • diaspor alimlərinin ölkəmizdəki universitet və elmi müəssisələrlə əlaqələr qurması üçün vahid platforma və ya virtual şəbəkələrin yaradılması; Platformanın davamlı fəaliyyəti üçün dövlət strukturlarının və sənaye/biznes tərəfdaşlarının institusional və maliyyə dəstəyinin təmin olunması;
  • diaspor alimlərinin universitet və ETİ-lər tərəfindən təşkil edilən müxtəlif elmi tədbirlərdə məruzələrlə çıxışa dəvət edilməsi, alimlər arasında təcrübə mübadiləsinə şərait yaradılması, xüsusilə elmi yeniliklər, tendensiyalar və yeni texnologiyalar haqqında məlumat vermələri üçün onların iştirakı ilə elmi yeniliklərə həsr olunmuş seminar və ustad dərslərinin, görüşlərin keçirilməsi;
  • diaspor alimlərinin Azərbaycandakı elmi fəaliyyətlərə inteqrasiyasını təşviq edən məqsədli qrant proqramlarının hazırlanması və dayanıqlı maliyyələşmə mexanizmlərinin formalaşdırılması;
  • xarici alimlərin Azərbaycan universitetlərində guest/visiting professor statusu ilə müvəqqəti tədris və tədqiqat fəaliyyəti göstərməsi üçün hüquqi-institusional bazanın formalaşdırılması;

xaricdə çalışan alimlərimizin yerli tədqiqatçılara mentorluq etməsi üçün xüsusi proqramların hazırlanması; diaspor alimlərimizə Azərbaycanın tədqiqat və təhsil sisteminə inteqrasiya olunmaq üçün xüsusi müqavilələr və stimullaşdırıcı paketlərin təqdim edilməsi;

diaspor alimlərimizin birgə layihələr üçün beynəlxalq qrantlara müraciət etməsi və bu qrantların alınması üçün dəstək mexanizmlərinin yaradılması;

yerli alimlər üçün xarici qrant proqramlarına çıxış imkanlarının artırılması və müraciət prosesinin optimallaşdırılması.

Bakı Dövlət Universiteti xaricdə fəaliyyət göstərən azərbaycanlı alimlərlə müxtəlif formatlarda əməkdaşlıq edir. Bu əməkdaşlıq çərçivəsində həmin alimlər beynəlxalq elmi tədbirlərə ekspert qismində dəvət olunur, onların iştirakı ilə açıq mühazirələr və tematik seminarlar keçirilir. Onlar doktorantların birgə rəhbərliyi üçün elmi məsləhətçi kimi də cəlb olunurlar. Bundan əlavə, alimlər beynəlxalq elmi layihələrin hazırlanması, icrası və elmi nəticələrin yayılması proseslərinə birbaşa elmi-təşkilati töhfə də verirlər.

Gülçöhrə MƏMMƏDOVA

Gülçöhrə MƏMMƏDOVA

Azərbaycan Dövlət Memarlıq və İnşaat Universitetinin rektoru, professor

Hörmətli həmkarlar, əziz alimlər və forum iştirakçıları!

Azərbaycan Dövlət Memarlıq və İnşaat Universitetinin adından hər birinizi salamlayır, bu mötəbər tədbirin təşkilində əməyi olan hər kəsə təşəkkürümü bildirirəm.

Bu gün biz çox mühüm bir hadisənin – Dünya Azərbaycanlı Alimlər Birliyinin (DAAB) təşəkkül tapmasının şahidiyik. DAAB təkcə bir təşkilat deyil, həm də bilik, həmrəylik və milli elmi potensialın qlobal səviyyədə birləşdirilməsi üçün strateji platformadır.

Müasir dövrdə elm və təhsil sərhədsizdir. Azərbaycanlı alimlər dünyanın müxtəlif ölkələrində nüfuzlu universitetlərdə və elmi-tədqiqat institutlarında uğurla fəaliyyət göstərirlər. Bu intellektual potensialı bir araya gətirmək, onun koordinasiyalı və məqsədyönlü istifadəsini təmin etmək olduqca vacibdir. DAAB məhz bu ehtiyacdan irəli gələrək, elm diplomatiyası, beynəlxalq elmi əməkdaşlıq və milli innovasiya potensialının gücləndirilməsi üçün yeni imkanlar yaradır.

AzMİU olaraq, biz DAAB ilə birgə əməkdaşlığa böyük maraq göstəririk. İnşaat, memarlıq, şəhərsalma, mühəndislik və rəqəmsal texnologiyalar sahəsində çalışan xaricdəki azərbaycanlı alimlərlə aşağıdakı istiqamətlərdə əməkdaşlıqları mümkün hesab edirik:

  • Birgə tədqiqat layihələrinin həyata keçirilməsi – iqlim dəyişikliyi, dayanıqlı rəqəmsal infrastruktur, şəhər planlaşdırılması və yaşıl texnologiyalar kimi sahələrdə innovativ elmi işlər aparıla bilər;
  • İxtisasartırma və doktorantura üzrə ortaq proqramlar – gənc alimlərimizin xaricdə təcrübə qazanması, dünya elminə inteqrasiya olunması üçün mübadilə proqramlarının təşkili;
  • Onlayn seminarlar, vebinarlar və yay məktəbləri – DAAB şəbəkəsindəki mütəxəssislərin Azərbaycandakı universitetlərdə biliklərini paylaşması;
  • Beynəlxalq elmi jurnallarda birgə nəşrlər və sitat bazalarında mövcudluğun gücləndirilməsi;
  • Texnopark və startap layihələrinə dəstək – birlik üzvlərinin texnoloji və mühəndislik yönümlü startap ideyalarının kommersiyalaşdırılması istiqamətində birlikdə fəaliyyət.

DAAB-dən gözləntimiz təkcə elmi resursların paylaşımı deyil. Biz bu birliyi həm də dəyərlərin, milli kimliyin, elmi etikanın daşıyıcısı kimi görürük. DAAB vasitəsilə həm Azərbaycanın beynəlxalq elmi nüfuzunu artırmaq, həm də qlobal elmi çağırışlara milli baxışla cavab vermək mümkündür.

Sonda demək istəyirəm ki, DAAB-nin fəaliyyəti təkcə bu gün üçün deyil, gələcək nəsillər üçün də bir yol xəritəsidir. Biz bu yolda həmrəyliklə irəliləməliyik.

Diqqətinizə görə təşəkkür edirəm!

Hamlet İSAXANLI

Hamlet İSAXANLI

Xəzər Universitetinin rektoru, professor

Azərbaycan Respublikasında, paytaxt Bakı şəhərində baş tutan Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin forumu Azərbaycan elmi və ali təhsili üçün ən əlamətdar hadisələrdən biridir. Çağdaş dünyamızda ölkələrin yarışında ön plana iqtisadiyyat deyil, elm və texnologiya çıxır. Çünki çağdaş iqtisadiyyat elmin və texnologiyanın törəməsidir. Elmi və texnologiyası yüksək olmayan ölkənin dayanıqlı və rəqabətədavamlı iqtisadiyyata malik olması çətin işdir. Elmin inkişafı ali məktəblərdə, universitetlərdə baş verir. Sosializm dövründə Elmlər Akademiyası da mühüm elm ocağı idi, indiki zamanda isə o ya tamam dəyişir, alimlər klubuna çevrilir, elmi araşdırma institutlarına malik olmur (Baltik ölkələri, Gürcüstan), ya da böhran keçirir, addım-addım şəklini və mahiyyətini dəyişdirir, xırdalaşır, zəifləyir – Azərbaycanda olduğu kimi.

Nə etməliyik, hara gedirik? Dünya Azərbaycanlı Alimlər Birliyinin (DAAB) təşkilatçılığı, Diasporla İş üzrə Dövlət Komitəsinin və Elm və Təhsil Nazirliyinin dəstəyi ilə keçirilən forum, yəqin ki, bu həyati vacib sualları müzakirə edəcək, onlara ağıllı cavab tapmağa, tövsiyələr verməyə çalışacaq.

Biz necə ali məktəb istəyirik? Ağla gələn təbii cavab: Güclü! Güclü ali məktəb nə deməkdir? Güclü dəqiq ifadə deyil. Keyfiyyətli? Bu, bir qədər daha anlaşılan ifadədir. Keyfiyyəti, birqiymətli olmasa da, ölçmək mümkündür. Keyfiyyət üçün ali məktəbin insanları və maddi qaynaqları yaxşı olmalıdır. Daha dəqiq olmağa ehtiyac var:

1) Ali məktəbdə öyrənən, öyrənmək üçün gələn yaxşı – istedadlı və çalışqan tələbə olmalıdır.

2) Ali məktəbdə öyrədən, müəllimlik edən yaxşı – istedadlı alim olmalıdır.

3) Müəllim tələbəyə nə öyrədəcək, necə öyrədəcək? Ali məktəbdə yaxşı təhsil modeli, çağdaş dünyanın problemləri ilə səsləşən tədris plan və proqramları olmalıdır.

4) Ali məktəbin yaxşı şəraiti və mühiti olmalıdır. Yetərli maddi baza, informasiya bazası, ciddi laboratoriyalar, sağlam və cazibəli mühit ali məktəbi müəyyən edən zəruri elementlərdir.

Bu keyfiyyət ölçüləri arasında ən vacib olanı nədir, hansıdır? Universal cavab: Hər biri. Üz vursaq, mən “istedadlı alim həlledicidir” deyərdim. Tanınmış alim işləyən ali məktəbə yaxşı, istedadlı tələbə gələcək, xəstə həkimi seçdiyi kimi tələbə də yaxşı müəllimi seçir, onun yanına gəlməyə, ondan öyrənməyə çalışır. Ali məktəbdə yaxşı idarəetmə və tanınmış alimlər varsa, dünyada mövcud olanlardan bəhrələnərək bir təhsil modeli seçiləcək. Nəhayət, bu işlər düzəldikcə ali məktəbdəki şərait və mühit də get-gedə yaxşılaşacaq, güclənəcək.

1809–1810-cu illərdə Berlin Universitetini (İndiki Vilhelm Humboldt Universitetini) qurarkən Vilhelm Humboldt yaxşı universitetin əsas parametrlərini belə ifadə etmişdi: “Güclü alim dəvət olunur, ona şərait yaradılır, o, tələbələrə dərs deyərkən onları öz yaradıcı mühitinə daxil edir, tələbə də bəzi müəllim və dərsləri seçə bilir və nəhayət, dövlət, maliyyələşdirməsinə baxmayaraq, universitetin işinə qarışmır”.

Beləliklə, yaxşı alimlər, mütəxəssislər olmadan keyfiyyətli ali məktəb qurmaq mümkün deyil. Azərbaycan ali məktəblərində çalışan alimlərlə kifayətlənmək mümkün deyil. Elmin çox şaxələndiyi, çox yeni sahələrin meydana girdiyi bir dövrdə hər sahədə güclü alimlər olmasa, iş getməz. DAAB üzərinə düşən işlərdən biri budur – alimlərin seyrək sıralarını doldurmaq, təkcə xaricdə çalışan azərbaycanlı alimlərlə deyil (bu da bəs etmir), xarici ölkə universitetlərində çalışan, öz sahələrində lider sayılan alimləri cəlb etmək işində Azərbaycan universitetləri ilə (istəkli olan ali məktəblərimizlə!) birgə çalışmaq lazımdır. Daha bir mühüm məsələ – dünyanın yaxşı universitetləri ilə əməkdaşlıq işlərinə kömək etmək, o cümlədən ikili (double-degree) diplom proqramlarının təşkilinə kömək etməkdir.

Xəzər Universiteti olaraq söylədiyim keyfiyyətli ali təhsil prinsiplərinə əməl etməyə çalışmışıq. Böyük məmnuniyyətlə DAAB ilə yaxından əməkdaşlıq etmək, vətənimizin, xalqımızın inkişafına, az da olsa, birlikdə töhfə vermək istəyimizi ifadə edirəm.

Sağ olun!

Natiq ƏLİYEV

Natiq ƏLİYEV

Azərbaycan Rəssamlıq Akademiyasının rektoru, Azərbaycan Respublikasının Xalq rəssamı, professor

“Xalq həmişə öz ziyalıları, öz mədəniyyəti, öz elmi ilə tanınır” – Ulu öndər Heydər Əliyevin bu dərinmənalı kəlamı hər bir xalqın elm və mədəniyyət sahəsindəki nailiyyətlərinin onun beynəlxalq miqyasda tanınmasında nə qədər mühüm rol oynadığını ifadə edir.

Bu baxımdan, dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlı alimləri bir araya toplayaraq onların elmi bilik və təcrübələrinin əsaslandığı qlobal elmi nailiyyətləri yerli elmi müstəvidə təqdim etmək və bu sahədə beynəlxalq əməkdaşlıqları gücləndirmək Azərbaycan elminin inkişafına verilmiş ən böyük töhfələrdəndir.

Elmin bir çox sahələrinə dair strateji inkişafın təmin edilməsi və Azərbaycanın elmi mühitinin beynəlxalq miqyasda tanıdılması istiqamətində ölkəmizə dəstək məqsədilə təsis edilmiş Dünya Azərbaycanlı Alimlər Birliyinin bu sahədəki xidməti müstəsnadır.

Dünya Azərbaycanlı Alimlər Birliyinin təşkilatçılığı ilə 9–11 sentyabr 2024-cü il tarixində keçirilən Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin I forumu milli həmrəyliyi möhkəmləndirən, elmi potensialı bir araya gətirən və diasporla əlaqələri gücləndirən nümunəvi tədbirlərdən biridir. Dünyanın 24 ölkəsindən təşrif buyurmuş ziyalı həmvətənlərimizi bir araya gətirərək fikir mübadiləsi aparmaq, həqiqətən, qürurvericidir.

Azərbaycan elmi mühitinin beynəlxalq miqyasda tanıdılması istiqamətində görülən işlər, dünya elmi ictimaiyyətində yerli alimlərin qlobal elmi platformada təqdimatı forumun əsas prioritetlərindən idi.

Forum çərçivəsində baş tutan görüşdə təhsil ocaqlarının fəaliyyəti və onların inkişafyönümlü tələblərə əsaslanan strateji məqsədləri barədə məlumatlar təqdim olundu. Xaricdə yaşayan alimlərimizin elmi potensiallarının vətəndə səmərəli şəkildə reallaşdırılması, ali təhsil müəssisələri ilə qarşılıqlı əməkdaşlıq əlaqələrinin və bilik mübadiləsinin genişləndirilməsi kimi məsələlər əsas diqqət mərkəzində saxlanıldı.

Tədbirdə innovativ layihələrin həyata keçirilməsində beynəlxalq təcrübənin paylaşılması və müştərək proqramların layihələndirilməsi ilə bağlı təkliflərin irəli sürülməsinin milli elmin inkişafında mühüm rol oynayacağı xüsusi vurğulandı.

Eyni zamanda forum çərçivəsində işğaldan azad edilmiş ərazilərə, xüsusən, Qarabağ Universitetinə səfərin təşkil edilməsi bölgədə elmin yenidən dirçəldilməsi üçün böyük əhəmiyyət kəsb edəcək və bu, elmi potensialın artırılmasına geniş şərait yaradacaqdır.

Forum yalnız elmi və intellektual müzakirələrlə məhdudlaşmadı, eyni zamanda incəsənətin təbliği və inkişafı baxımından da mühüm bir platformaya çevrildi. İncəsənətlə elmin vəhdət təşkil etdiyi bu forumda iştirakım mənə bir daha göstərdi ki, yaradıcılıq və bilik bir-birini tamamlayan əsas dəyərlərdir. Bu təcrübə elm və incəsənətin qarşılıqlı təsirinin cəmiyyətin mənəvi tərəqqisi üçün nə qədər vacib olduğunun göstəricisidir. Tədbirdə Azərbaycanın təkcə iqtisadi və elmi deyil, həm də zəngin mədəni irsə, güclü ziyalı potensialına sahib dövlət olduğu bir daha nümayiş etdirildi.

Azərbaycan Rəssamlıq Akademiyasının rəhbəri kimi inanıram ki, bu cür təşəbbüslər gələcək nəsillərin yaradıcılıq və intellektual inkişafında önəmli rol oynayacaq. Dünya Azərbaycanlı Alimlər Birliyi mütəmadi olaraq elm və mədəniyyət sahəsində çalışan bütün ziyalılarımızı bir araya gətirərək, ortaq dəyərlər və məqsədlər ətrafında yeni əməkdaşlıqların əsasını qoyacaqdır.

Azərbaycan dövlətinə, eləcə də bu birliyin yaradılmasında və forumun təşkilində əməyi olan hər kəsə dərin təşəkkürümü bildirirəm. İnanıram ki, Dünya Azərbaycanlı Alimlər Birliyi Azərbaycanın elmi-mədəni yüksəlişinə xidmətini davam etdirəcəkdir.

Rüfət ƏZİZOV

Rüfət ƏZİZOV

Forum keçirildiyi dövrdə Sumqayıt Dövlət Universitetinin rektoru, 2025-ci ildən Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru, kimya üzrə fəlsəfə doktoru

Forum haqqında təəssüratlarım

Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin forumu qlobal miqyasda alimlərimizin şəbəkələşməsi, tanışlıq və qarşılıqlı əməkdaşlıq imkanlarının öyrənilməsi baxımından olduqca mühüm təşəbbüs idi. Forum müxtəlif ölkələrdə yaşayan alimlərimizin Azərbaycan elmi və təhsil mühiti ilə daha yaxından tanış olması üçün əlverişli platforma yaratdı. Bu həm də xaricdə çalışan mütəxəssislərimizin Azərbaycanın elmi inkişaf gündəliyi ilə bağlı məlumatlanması və bu istiqamətdə potensial töhfələrinin müəyyən olunması baxımından əhəmiyyətlidir.

Forumda müzakirə olunan mövzular, çıxışlar və iştirakçıların təklifləri göstərdi ki, dünyada fəaliyyət göstərən azərbaycanlı alimlərin intellektual potensialını Azərbaycan elminin inkişafı ilə əlaqələndirmək üçün real imkanlar mövcuddur. İnanırıq ki, forum çərçivəsində formalaşmış əlaqələr gələcəkdə konkret və praktiki elmi-tədqiqat layihələrinə çevriləcək, bu da həm Azərbaycan universitetlərinin, həm də alimlərimizin qlobal elm məkanında mövqeyinin möhkəmlənməsinə xidmət edəcək.

DAAB ilə əməkdaşlıq perspektivləri

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) olaraq yaxın perspektivdə əsas məqsədlərimizdən biri universitetimizin tədqiqat yönümlü ali təhsil müəssisəsinə çevrilməsidir. Bu istiqamətdə beynəlxalq tərəfdaşlıqlar və elmi şəbəkələr bizim üçün strateji əhəmiyyət daşıyır. DAAB ilə əməkdaşlıq bu baxımdan bir çox imkanlar yarada bilər.

Əməkdaşlığın mümkün istiqamətləri kimi aşağıdakıları qeyd etmək istərdim:

  • Müştərək beynəlxalq elmi-tədqiqat layihələrinin hazırlanması və reallaşdırılması;
  • Nüfuzlu beynəlxalq jurnallarda həmmüəllifliklə elmi məqalələrin nəşri üçün ortaq tədqiqatların təşkili;
  • Doktorantlarımız üçün xaricdə fəaliyyət göstərən azərbaycanlı alimlərin elmi rəhbər kimi cəlb olunması;
  • DAAB üzvü olan tanınmış alimlərin qonaq müəllim kimi universitetimizdə mühazirə və seminarlar keçməsi;
  • Tədqiqatçılar arasında təcrübə mübadiləsinin təşkili, ortaq seminar və simpoziumların keçirilməsi.

Əlavə olaraq, sənaye və innovasiya sahələrində ortaq layihələrin təşkili, bilik və texnologiya transferinin təşviqi sahəsində DAAB ilə birgə təşəbbüslərin reallaşdırılması da mümkündür.

Bu əməkdaşlığın həm ADNSU-nun beynəlxalq səviyyədə mövqeyinin möhkəmlənməsinə, həm də DAAB şəbəkəsinin ölkəmizdə daha geniş təmsil olunmasına töhfə verəcəyinə inanıram.

Zəhmətiniz və dəvətiniz üçün bir daha təşəkkür edir, forumun davamlı xarakter almasını və uğurlarının artmasını arzulayıram.

Şahin BAYRAMOV

Şahin BAYRAMOV

Qarabağ Universitetinin rektoru, iqtisad üzrə fəlsəfə doktoru, dosent

9–11 sentyabr 2024-cü il tarixlərində Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin Bakı forumu keçirildi. Bu forum çərçivəsində xaricdə yaşayan azərbaycanlı alimlərin işğaldan azad olunmuş ərazilərə – Xankəndi və Şuşa şəhərlərinə səfəri son dərəcə dəyərli və əlamətdar hadisə oldu. Soydaşlarımızın uzun illər düşmən nəzarətində olmuş doğma torpaqlara qayıdışdan duyduqları fərəh, onların burada aparılan quruculuq işləri ilə tanış olma həvəsi və Qarabağ Universitetinə göstərdikləri maraq bizi son dərəcə məmnun etdi. Bu forum təkcə elmi-mədəni inteqrasiyanın deyil, həm də milli həmrəyliyin təcəssümü idi.

Forum çərçivəsində keçirilən görüş zamanı universitetimizin fəaliyyəti, infrastrukturun müasir tələblərə uyğunlaşdırılması və qarşıya qoyulan strateji hədəflər haqqında ətraflı məlumat verdik. Bildirdik ki, xaricdə fəaliyyət göstərən alimlərimizin təcrübəsi, intellektual potensialı və elmi əməkdaşlığa olan açıq münasibəti gələcəkdə universitetimizlə qarşılıqlı layihələrin və birgə elmi-tədqiqat işlərinin həyata keçirilməsi üçün geniş imkanlar yaradır.

Qarabağ Universiteti olaraq xaricdəki alimlərimizlə daha sıx əməkdaşlıq əlaqələri qurmaq, onların bilik və bacarıqlarından yararlanmaqla ali təhsil sistemimizi daha da gücləndirmək niyyətindəyik.

Bu gün artıq Qarabağ Universiteti ilə Dünya Azərbaycanlı Alimlər Birliyi (DAAB) arasında əməkdaşlıq yeni praktik mərhələyə keçir. Qarabağ Universiteti olaraq xaricdə yaşayan azərbaycanlı alimlərlə əlaqələrin qurulmasını və möhkəmləndirilməsini əsas məqsədlərimizdən biri kimi görürük.

Bu əlaqələrin ardıcıl və sistemli şəkildə inkişaf etdirilməsi məqsədilə 18 oktyabr 2024-cü il və 28 aprel 2025-ci il tarixlərində Dünya Azərbaycanlı Alimlər Birliyinin üzvləri ilə onlayn formatda görüşlər təşkil etdik. Görüşlərdə müxtəlif ölkələrin nüfuzlu universitet və elmi-tədqiqat institutlarında çalışan soydaşlarımız iştirak etdilər. Onlarla Qarabağ Universitetinin gələcək inkişaf strategiyası, tədrisin keyfiyyətinin yüksəldilməsi, elmi tədqiqatların təşkili və universitetimizin beynəlxalq akademik məkanlara inteqrasiyası barədə geniş fikir mübadiləsi apardıq.

Xaricdə yaşayan alimlərimizin Qarabağ Universitetinə olan dərin marağı və əməkdaşlıq istəyi bizi məmnun etməklə yanaşı, eyni zamanda məsuliyyətimizi də artırır. Onların bilik və təcrübəsindən faydalanmaq, birgə layihələr həyata keçirmək, elmi və pedaqoji potensialımızı daha da inkişaf etdirmək istiqamətində geniş imkanlar mövcuddur.

Biz Qarabağ Universiteti olaraq gələcək əməkdaşlıq planlarımızda DAAB ilə birgə fəaliyyətə xüsusi önəm veririk. Qarabağ Universitetinin hərtərəfli inkişafına xidmət edən layihələrin hazırlanması və həyata keçirilməsi bu əməkdaşlığın əsas hədəflərindəndir. Bu çərçivədə biz aşağıdakı istiqamətlər üzrə konkret təşəbbüslərlə çıxış etməyi planlaşdırırıq:

  • Elmi-tədqiqat layihələrinin birgə təşkili: DAAB üzvlərinin təcrübə və biliklərindən faydalanmaqla Qarabağ Universitetində prioritet sahələr üzrə yerli və beynəlxalq əhəmiyyət daşıyan birgə tədqiqatların aparılması;
  • Ortaq elmi tədbirlərin təşkili: beynəlxalq simpoziumlar, elmi konfranslar, seminarlar və müzakirə platformalarının birgə keçirilməsi yolu ilə həm Qarabağ Universitetinin elmi nüfuzunun artırılması, həm də diaspor alimlərinin universitetlə birbaşa təmas imkanlarının genişləndirilməsi;
  • Müasir elmi infrastrukturun qurulması: DAAB üzvlərinin tövsiyə və dəstəyi ilə qabaqcıl texnologiyaların tətbiq olunduğu müasir laboratoriyaların və tədqiqat mərkəzlərinin yaradılması, bu mərkəzlərin maddi-texniki bazasının gücləndirilməsi;
  • Beynəlxalq tanıtım və imic quruculuğu: universitetimizin beynəlxalq akademik platformalarda, reytinq sistemlərində və elmi şəbəkələrdə daha geniş şəkildə təmsil olunması məqsədilə DAAB üzvləri ilə birgə fəaliyyətlər həyata keçirilməsi;
  • Tələbə və əməkdaşların inkişafı: DAAB üzvlərinin tərəfdaş universitetlərlə əlaqələrindən yararlanmaqla tələbə və müəllim heyətinin beynəlxalq təlimlərə, akademik mübadilə və təcrübə proqramlarına cəlb olunması;
  • İnnovativ tədris və mentorluq proqramlarının tətbiqi: xaricdə yaşayan azərbaycanlı alimlərin Qarabağ Universitetində qısa və uzunmüddətli tədris fəaliyyətinə cəlb olunması, ustad dərsləri, vebinarlar və mentorluq proqramlarında yaxından iştirakı.

Qarabağ Universiteti olaraq inanırıq ki, qeyd olunan istiqamətlər üzrə qurulacaq əməkdaşlıqlar həm universitetimizin strateji inkişaf hədəflərinə çatmasına, həm də doğma Qarabağın intellektual dirçəlişinə mühüm töhfə verəcəkdir.

Fikrimizcə, sadalanan istiqamətlər üzrə əməkdaşlıq təkcə Qarabağ Universitetinin deyil, ümumilikdə Azərbaycanın beynəlxalq elm və ali təhsil məkanında nüfuzunun yüksəlməsinə səbəb olacaq.

Biz universitet olaraq tədqiqat əsaslı ali təhsil modelinə keçidi prioritet hesab edir, DAAB ilə əməkdaşlığı da bu məqsədə doğru atılan strateji addımlardan biri kimi dəyərləndiririk. İnanırıq ki, dünyanın müxtəlif ölkələrində uğurla fəaliyyət göstərən alimlərimizin elmi potensialı və intellektual dəstəyi Qarabağ Universitetinin həm regional, həm də beynəlxalq miqyasda nüfuzlu bir elm və təhsil ocağına çevrilməsinə töhfə verəcək.

Qarabağ Universiteti DAAB ilə çoxşaxəli əməkdaşlığı yalnız elmi və pedaqoji bir proses kimi deyil, eyni zamanda milli birlik və diaspor potensialının səfərbər olunması baxımından strateji önəm daşıyan bir platforma kimi dəyərləndirir.

Bu önəmli təşəbbüsə verdikləri dəstəyə görə başda DAAB-nin rəhbəri professor Məsud Əfəndiyev olmaqla, bütün üzvlərinə təşəkkürümüzü bildirir və gələcək fəaliyyətlərində uğurlar arzulayırıq.

Vazeh ƏSKƏROV

Vazeh ƏSKƏROV

Forum keçirildiyi dövrdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru vəzifəsini müvəqqəti icra edən, dosent

Öncə uzun müddət xaricdə yaşamış diaspor üzvü olan biri kimi qeyd etmək istərdim ki, Azərbaycanda ilk dəfə Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin forumunun Bakı, Xankəndi və Şuşada keçirilməsi çox böyük tarixi əhəmiyyət kəsb edən hadisəyə çevrildi. Bu həmçinin Azərbaycanın elm və təhsil sahəsindəki inkişafına əhəmiyyətli töhfələr verəcək tədbir kimi də tarixə düşdü. Forumun əsas məqsədlərindən biri, müxtəlif ölkələrdə yaşayan azərbaycanlı alimləri bir araya gətirmək, bilik və təcrübələrini bölüşmək, dünya azərbaycanlı elmi ictimaiyyətində şəbəkələşməni gücləndirmək idi.

Tədbir dünyanın 23 ölkəsindən 80-dən çox alim, ümumilikdə 200-ə yaxın elm adamını bir araya gətirərək, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi, Elm və Təhsil Nazirliyi və Dünya Azərbaycanlı Alimlər Birliyinin təşkilatçılığı ilə reallaşdı. Bu hadisə Azərbaycan diasporu və elm dünyasının fəal əməkdaşlığını nümayiş etdirməklə ölkəmizin beynəlxalq elmi, mədəni əlaqələrini genişləndirmək məqsədinə töhfə verdi.

Forumun ən önəmli məqamlarından biri isə proqram çərçivəsində dünya azərbaycanlı alimlərinin işğaldan azad olunmuş Şuşa və Xankəndi şəhərlərinə səfər etməsi idi. Səfər zamanı Qarabağ Universiteti ilə tanışlıq yarandı, eləcə də universitetin professor-müəllim heyəti ilə məsləhətləşmələr aparıldı. Nəticə olaraq, birgə elmi fəaliyyətin dəstəklənməsi qərara alındı. Bu həm də Azərbaycanın ərazi bütövlüyü və dirçəlişi istiqamətində atılmış vacib addımdır.

Forumun Azərbaycanda keçirilməsi isə həm elmi sahədə əməkdaşlığı gücləndirməyə, həm də milli qürurumuzu və inkişaf strategiyalarımızı daha da möhkəmləndirməyə xidmət edir.

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) ilə Dünya Azərbaycanlı Alimlər Birliyi (DAAB) arasında əməkdaşlıq, birgə fəaliyyət çox müxtəlif, səmərəli təşəbbüslər və layihələr vasitəsilə həyata keçirilə bilər.

Bu əməkdaşlıq elmi, tədris, tədqiqat, innovasiya sahələrində böyük imkanlar açır, həmçinin Azərbaycan və diaspor alimlərinin resurslarından daha effektiv istifadə etməyə şərait yaradır. ADNSU regionda ilk texniki universitet kimi fəaliyyətə başlayaraq bu gün də neft və qaz, energetika, ekologiya, yaşıl enerji, yer elmləri, informasiya texnologiyaları, innovasiya və s. sahələr üzrə dünyanın aparıcı universitetlərinin alimləri ilə əməkdaşlıq edir və əlaqələrin genişləndirilməsində maraqlıdır. Tezliklə tədqiqat universitetinə çevriləcək ADNSU həm də dünya reytinq sıralamalarında öz yerini ildən-ilə möhkəmləndirməkdədir.

Gələcəkdə ADNSU ilə DAAB-nin birgə fəaliyyət göstərə biləcəkləri sahələri və təşəbbüsləri vurğulamaq istərdim:

  • Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrində (neft, qaz, energetika, ekologiya, texnologiyalar və s.), innovasiya və texnologiya sahələrində əməkdaşlıq etmək;
  • Diaspordan olan alimlərin və yerli mütəxəssislərin birgə tədqiqat qruplarını formalaşdıraraq sənaye sahələrində çoxşaxəli birgə tədqiqatlar həyata keçirmək;
  • Hər il Azərbaycan və xaricdə keçirilən elmi konfranslarda alimlərin təmsil olunmasını təmin etmək və əməkdaşlıq çərçivəsində beynəlxalq elmi simpoziumlar, müzakirə və təcrübə mübadilələri təşkil etmək;
  • ADNSU tələbə və müəllimlərinin, doktorantların DAAB-yə üzv olan alimlərin fəaliyyət göstərdiyi təhsil müəssisələrində təhsil proqramları çərçivəsində mübadiləsini həyata keçirmək;
  • Birgə magistratura və doktorantura proqramlarının yaradılması, sənaye sahəsində pilot layihələrin həyata keçirilməsi;
  • Diaspordan və yerli universitetlərdən hər iki tərəf üçün təlim və peşəkar inkişaf proqramları təşkil etmək;
  • Birgə texnologiya və innovasiya mərkəzləri, laboratoriyalar, texnoparklar yaradaraq startap və texnoloji layihələri dəstəkləmək;
  • Dünyadakı Azərbaycan diasporunun elmi-intellektual resurslarını, müasir texnologiyalarını inteqrasiya edən proqramlar, azərbaycanlı alimlərin, tədqiqatçıların xaricdə və ölkə daxilində əməkdaşlığını koordinasiya edən mərkəzlər formalaşdırmaq.
Vilayət VƏLİYEV

Vilayət VƏLİYEV

Azərbaycan Texniki Universitetinin rektoru, professor

9–11 sentyabr 2024-cü il Azərbaycan tarixində unudulmaz və strateji əhəmiyyətli bir hadisə baş verdi – Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin I forumu keçirildi. Bakı, Xankəndi və Şuşanı əhatə edən bu forum yalnız bir elmi tədbir deyildi. Bu, Azərbaycan elminin beynəlxalqlaşması, milli intellektual birliyin formalaşması və elm vasitəsilə diaspor gücünün səfərbər olunması baxımından dönüş nöqtəsi idi.

Forumun təşkilatçıları – Dünya Azərbaycanlı Alimlər Birliyi (DAAB), Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi və Elm və Təhsil Nazirliyi bu təşəbbüslə xaricdə çalışan azərbaycanlı alimləri vahid strateji gündəm ətrafında birləşdirməyi bacardı. 30-dan çox ölkədən 150-dən artıq azərbaycanlı alim və ziyalının iştirakı ilə reallaşan bu tədbir həmrəylik, elm və milli şüurun vəhdətinə çevrildi.

Açılış mərasimi Bakıda, Gülüstan Sarayında baş tutdu. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin forum iştirakçılarına ünvanladığı müraciət tədbirin dövlət siyasətindəki yerini açıq şəkildə göstərdi. Cənab Prezident elm adamlarının Qarabağın bərpasında oynayacağı rola xüsusi diqqət çəkdi və xaricdə yaşayan ziyalıların milli inkişaf prosesinə qatılmasının vacibliyini vurğuladı.

Forum çərçivəsində müxtəlif elmi sahələri əhatə edən məruzələr təqdim olundu. Süni intellekt və data elmlərindən tutmuş bioinformatika, yaşıl enerji, iqlim dəyişikliyi, diaspor siyasəti, təhsil sistemləri və mədəni irsin qorunmasına qədər geniş spektri əhatə edən çıxışlar Azərbaycan alimlərinin dünyanın qabaqcıl bilik sistemlərinə inteqrasiya səviyyəsini bir daha nümayiş etdirdi.

Plenar sessiyalarda Nobel mükafatçıları Əziz Sancar və Arye Varşelin forum iştirakçılarına göndərdiyi məktublar tədbirin beynəlxalq elmi çevrələrdə yaratdığı rezonansı təsdiqlədi.

Forumun ən təsirli hissələrindən biri sentyabrın 11-də baş tutan Xankəndi və Şuşaya səfərlər oldu. İştirakçılar azad Qarabağın simvoluna çevrilmiş bu şəhərlərdə elmi-intellektual baxışlarını vətən sevgisi ilə birləşdirdilər. Qarabağ Universitetini ziyarət və orada səsləndirilən müraciətlər bu torpaqlarda yenidənqurma işlərinə xaricdəki alimlərin bilik və təcrübə ilə qatılmaq istəyini ortaya qoydu.

Dünya Azərbaycanlı Alimlər Birliyinin rəsmi olaraq formalaşdırılması və onun fəaliyyət prinsiplərinin müəyyən edilməsi forumun ən vacib nailiyyətlərindən biri oldu. Səslənən fikirlər bir daha göstərdi ki, Azərbaycanın elmi diasporu artıq təkcə müşahidəçi deyil, təşəbbüskar və qurucu tərəfdaşdır. Azərbaycan elmi yalnız daxildə deyil, diaspor vasitəsilə dünyada da mövqeyini möhkəmləndirə bilər. Elmin dili ilə danışan bu forum, Azərbaycanın gələcək qlobal tanıtımında və texnoloji inkişafında mühüm rol oynayacaq.

Yaqub PİRİYEV

Yaqub PİRİYEV

Bakı Mühəndislik Universitetinin rektoru, texnika elmləri üzrə fəlsəfə doktoru

Bakı Mühəndislik Universiteti olaraq 2024-cü ilin 9–11 sentyabr tarixlərində Bakıda, Xankəndidə və Şuşada keçirilmiş Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin forumunu Azərbaycanın elmi və milli-mənəvi həyatında mühüm əhəmiyyət kəsb edən tarixi hadisə kimi yüksək qiymətləndiririk.

Forumun təşkilində məqsəd xaricdə yaşayan azərbaycanlı alimləri bir araya gətirmək, onların elmi və intellektual potensialını vətənimizin inkişafına yönəltmək, milli həmrəyliyi möhkəmləndirmək və beynəlxalq elmi əməkdaşlığı genişləndirmək idi. Hesab edirik ki, bu məqsədlər uğurla həyata keçirilmişdir.

Tədbirdə iştirak edən yüzlərlə alim müxtəlif elmi sahələr üzrə dəyərli məruzələrlə çıxış etmiş, Azərbaycanın elmi və mədəni irsinin qorunması, Qarabağ bölgəsinin bərpasında müasir elmin və texnologiyanın tətbiqi, ekoloji problemlərin həlli, gənclərin elmə marağının artırılması və beynəlxalq elmi əlaqələrin gücləndirilməsi ilə bağlı bir çox aktual məsələləri gündəmə gətirmişlər. Forum çərçivəsində Prezident İlham Əliyevə ünvanlanmış müraciət və qəbul edilmiş təkliflər Azərbaycanın gələcək inkişafına dəyərli töhfələr verəcəkdir.

Bakı Mühəndislik Universiteti olaraq bu təşəbbüsü Azərbaycan intellektual diasporunun birliyi və potensialından səmərəli istifadə istiqamətində çox mühüm addım hesab edirik. Universitetimiz xaricdə fəaliyyət göstərən azərbaycanlı alimlərlə qarşılıqlı əməkdaşlığın qurulmasına və birgə elmi-tədqiqat layihələrinin həyata keçirilməsinə hər zaman açıqdır. Hesab edirik ki, xaricdə zəngin təcrübə toplamış alimlərimiz əsas iş yerlərindən ayrıldıqdan sonra ölkəmizə dönərək gənc alimlərin püxtələşməsində və yeni elmi məktəblərin formalaşdırılmasında mühüm rol oynaya bilərlər. Bu baxımdan onlara lazımi şəraitin yaradılması və elmi potensiallarının ölkə daxilində dəyərləndirilməsi xüsusi önəm daşıyır.

Eyni zamanda hesab edirik ki, belə forumlar həm də Azərbaycanın elmi brendinin beynəlxalq miqyasda daha geniş tanıdılmasına və gənc tədqiqatçıların inkişafına mühüm stimul olacaqdır.

Bakı Mühəndislik Universitetinin kollektivi adından forumun təşkilatçılarını, iştirakçı alimləri və bütün töhfə verən qurumları təbrik edir, onlara gələcək fəaliyyətlərində yeni-yeni nailiyyətlər arzulayırıq.

Əminik ki, bu forumun ənənəvi xarakter alması və davamlı şəkildə keçirilməsi Azərbaycanın elm və təhsil strategiyasına güclü dəstək verəcək, ölkəmizin beynəlxalq elmi mühitdə mövqelərini daha da möhkəmləndirəcəkdir.