Foruma təqdim olunmuş məruzələr

Elm, təhsil, siyasət və digər mövzular üzrə təqdimatlarla tanış olun

Asəf Salamov

Asəf Salamov

Azərbaycanda bioinformatikanın və intensiv kompüter istifadəsi ilə aparılan digər tədqiqat sahələrinin inkişaf perspektivləri

Bioinformatika, süni intellekt və Azərbaycanda elmi potensial: yeni imkanlar və strateji prioritetlər

Mən Kaliforniya ştatının Berkeley şəhərində yerləşən Lawrence Berkeley Milli Laboratoriyasının Genom İnstitutunda (Joint Genome Institute – JGI) məlumat (data) alimi kimi fəaliyyət göstərirəm. İşim müxtəlif mikroorqanizmlərin – xüsusilə göbələklər və yosunlar kimi təkhüceyrəlilərin genomlarının annotasiyası üzərində qurulub. Bu məqsədlə hesablama əsaslı ardıcıllıq analizi metodlarından istifadə edirəm ki, bu da bioinformatika elmi sahəsinin tərkib hissəsidir.

Əvvəllər bioinformatika əsasən genom (DNT) və zülal ardıcıllıqlarının analizinə yönəlsə də, son illərdə bu sahəyə təkhüceyrəli transkriptomika, proteomika və metabolomika kimi multi-omik yanaşmalar da daxil olmuşdur. Qeyd etməyə dəyər ki, Lawrence Berkeley Laboratoriyası ABŞ Energetika Nazirliyi (DOE) tərəfindən maliyyələşdirildiyi üçün burada insan və heyvan genomları üzrə araşdırmalar aparılmır. Tədqiqatlar yalnız enerji və ətraf mühit problemlərinin həllinə töhfə verə biləcək orqanizmlərlə məhdudlaşır.

Azərbaycanda bioinformatikanın inkişaf potensialı

Azərbaycanda bioinformatika sahəsi hələ inkişaf mərhələsindədir və bu sahədə fəaliyyət göstərən laboratoriyaların sayı çox azdır. Lakin son illərdə genetik sekvensləşdirmənin maya dəyərinin azalması və bir çox orqanizmlərin istinad genomlarının əlçatan olması bu sahədə yeni imkanlar yaradıb.

Bioinformatikanın Azərbaycanda kənd təsərrüfatı üçün əhəmiyyətli bitki növlərinin təkrar sekvensləşdirilməsi istiqamətində inkişafı genetik müxtəlifliyin müəyyən olunması, duza və istiyə davamlılıq, məhsuldarlığın artırılması və qida keyfiyyətinin yaxşılaşdırılması kimi məqsədlərə xidmət edə bilər.

Bundan əlavə, Azərbaycanın flora və faunası olduqca zəngindir və bəzi növlər yalnız bu coğrafiyaya xasdır. Bioinformatika bu endemik növlərin marker genlərinin sekvensləşdirilməsi, onların kataloqlaşdırılması və biomüxtəlifliyin qorunması istiqamətində mühüm rol oynaya bilər.

Tibbi sahədə isə bioinformatika genetik məsləhətləşmələrin aparılmasına imkan verir. Bu, xüsusilə beta-talassemiya kimi genetik xəstəliklərin daşıyıcılığını müəyyən etmək və evliliyə hazırlaşan cütlüklərə risklər haqqında əvvəlcədən məlumat vermək baxımından əhəmiyyətlidir.

Süni intellektin bioinformatikaya təsiri

Son illərdə bioinformatika da daxil olmaqla, bir çox elmi sahələrdə süni intellekt (AI) və maşın öyrənməsi (ML) metodlarının tətbiqi sürətlə artır. Mən 2024-cü ilin iyul ayında Monreal şəhərində keçirilən, bioinformatika üzrə nüfuzlu beynəlxalq tədbir olan ISMB konfransında iştirak etdim. Təqdimatların və posterlərin yarıdan çoxu süni intellektin biologiyada tətbiqi ilə bağlı idi.

Bu metodların bəziləri qısamüddətli trend və ya şişirdilmiş gözləntilərlə bağlı olsa da, AlphaFold proqramı kimi dərin elmi nailiyyətlər bioinformatikada inqilabi dönüş yaratmışdır. AlphaFold-un zülal strukturlarının dəqiq proqnozlaşdırılması struktur biologiyasında böyük sıçrayışa səbəb olmuşdur.

Konfrans çərçivəsində keçirilən və zülal funksiyasının proqnozlaşdırılmasına həsr olunmuş beynəlxalq müsabiqədə 2000-dən çox laboratoriya iştirak edirdi. Ən yaxşı nəticələr isə Çin və Rusiya komandaları tərəfindən əldə olunmuşdu. Maraqlısı odur ki, qalib Rusiya komandası heç də bioloq və ya bioinformatiklərdən ibarət deyildi – bu qrup Sberbank-ın süni intellekt komandası idi. Bu fakt süni intellektin bioloji problemlərin həllində nə qədər sürətlə mövqeyini gücləndirdiyini sübut edir.

Süni intellekt və elmi tədqiqatlar: ABŞ və qlobal prioritetlər

ABŞ Energetika Nazirliyi süni intellekt üzrə FASST (Frontiers in Artificial Intelligence for Science, Security, and Technology) təşəbbüsünü işə salıb. Məqsəd milli laboratoriyaların AI sahəsində fəallığını artırmaqdır. ABŞ Konqresi bu sahəyə milyardlarla dollar investisiya yatırır, halbuki bir çox digər sahələrdə büdcə kəsintiləri müşahidə olunur.

Gənc tədqiqatçılar və tələbələr də AI və ML sahələrinə artan maraq göstərirlər. Berkeley laboratoriyasına təcrübəyə gələn tələbələr daha çox CRISPR texnologiyası və AI tətbiqləri ilə maraqlanırlar. Bu tendensiya göstərir ki, AI gələcəyin əsas elmi prioritetlərindən biri olacaq.

Azərbaycanda süni intellekt təhsili: perspektivlər və imkanlar

Azərbaycan güclü riyaziyyat ənənəsinə malik ölkədir və həm ölkə daxilində, həm də xaricdə yaşayan istedadlı alimlər bu sahədə fəaliyyət göstərir. Bu potensialdan istifadə edərək dərin öyrənmə (deep learning) və maşın öyrənməsi sahələrini riyazi və statistik əsaslarla öyrədən ixtisaslaşmış kursların təşkili mümkündür.

Dünya üzrə pulsuz və yüksək keyfiyyətli onlayn AI kurslarının mövcudluğu bu sahəyə maraq göstərən hər kəs üçün əlçatan imkanlar yaradır.

Qeyd edilməlidir ki, böyük dil modellərinin (LLM) sıfırdan yaradılması üçün güclü hesablama resursları və superkompüterlər tələb olunur – bu isə yalnız “Google”, “Meta” və “OpenAI” kimi nəhəng şirkətlər üçün əlçatandır. Buna görə də Azərbaycanın diqqəti mövcud AI alətlərindən elmi və texnoloji tətbiq səviyyəsində istifadə istiqamətində olmalıdır.

Nəticə

Azərbaycanın elmi irsi, güclü riyaziyyat bazası və intellektual potensialı süni intellekt, maşın öyrənməsi və bioinformatika sahələrinə strateji yanaşma və investisiyanın vacibliyini göstərir. Bu sahələrin inkişafı, ölkənin elmi və texnoloji müstəqilliyini gücləndirə, qlobal elmi icmaya inteqrasiyasını sürətləndirə və gələcək nəsillər üçün rəqabətqabiliyyətli bilik ekosistemi formalaşdıra bilər.

Bəxtiyar Si̇racov

Bəxtiyar Si̇racov

Dünya Azərbaycanlı Alimlər Birliyinin virtual məkanda fəaliyyəti

Bu məruzədə Dünya Azərbaycanlı Alimlər Birliyinin (DAAB) internet üzərindən təklif edə biləcəyi tədris və elmi xidmətlər barədə məlumat verilir. Birliyin məqsədi Azərbaycan alimlərinin bir araya gəlməsini və bilik mübadiləsini təmin etməklə yanaşı, müasir tədris yanaşmalarını tətbiq edərək Azərbaycanın elmi potensialını artırmaqdır. İnternet üzərindən təklif oluna biləcək xidmətlər bu məqsədə çatmağa kömək edə bilər.

Birliyin veb-saytının qurulması

Birliyin veb-saytı əsas kommunikasiya və məlumat mərkəzi kimi fəaliyyət göstərə bilər. Sayt üzərindən birliyin missiyası, vizionu və dəyərləri haqqında məlumatlar təqdim oluna bilər. Saytın digər funksiyaları arasında tədbirlər və layihələr haqqında məlumatların yerləşdirilməsi və onlayn resursların paylaşılması da mümkündür. Burada məqalələr, video dərsliklər və digər faydalı materiallar təqdim oluna bilər.

Ziyalılarımızın data bankı

Birlik alimlərin məlumatlarını toplamaq və onlarla əlaqə yaratmaq məqsədilə ziyalılarımızın data bankını yarada bilər. Bu məlumat bazasında aşağıdakı məlumatlar toplana bilər:

  • Şəxsi məlumatlar: ad, soyad, əlaqə məlumatları, ünvan və s.
  • Təhsil: ixtisas, alınan dərəcələr, təhsil müəssisələri, akademik nailiyyətlər.
  • İş təcrübəsi: əvvəlki iş yerləri, vəzifələr və nailiyyətlər.
  • Bacarıqlar: texniki və dil bilikləri, komanda işi və liderlik bacarıqları.
  • Nailiyyətlər və sertifikatlar: qazanılmış sertifikatlar və təlimlər.
  • İctimai fəaliyyətlər: könüllülük təcrübəsi və ictimai təşkilatlarda iştirak.
  • Hobbilər: mütaliə, idman və şəxsi maraqlar.
  • İnternet resursları: məqalələr, kitablar və mühazirələr.

Bu məlumatlar birliyin təklif etdiyi elmi əməkdaşlıq və tədris fəaliyyətlərini dəstəkləmək məqsədilə istifadə oluna bilər.

Onlayn tədris ocaqları (virtual universitet)

Birlik onlayn tədris ocaqları vasitəsilə müxtəlif sahələrdə tədris materialları təklif edə bilər. Bu ocaqlarda professor və müəllim heyəti tərəfindən dərslər və mühazirələr keçirilə bilər. Həmçinin fakültələr və kafedralar formalaşdırılaraq tədris prosesi genişləndirilə bilər.

Virtual universitetin bir hissəsi olaraq təcrübi laboratoriyalar və mühazirə auditoriyaları təşkil oluna bilər. Bu platformalar tələbələrə praktiki dərsləri izləmək və biliklərini tətbiq etmək imkanı yarada bilər. Beynəlxalq onlayn tədris platformalarına bağlantılar təmin edilərək tədris prosesi qlobal səviyyədə inteqrasiya oluna bilər.

Tədris proqramları və dərsliklər

Birlik müxtəlif sahələr üzrə Azərbaycan dilində, həm də xarici dillərdə tədris proqramları və dərsliklər hazırlaya bilər. Xüsusilə xarici dillərdə bestseller ədəbiyyatlarının tərcüməsi və “Amazon” platforması vasitəsilə dərsliklərin və tədris materiallarının kağız, elektron və audio formatlarda yayılması təmin oluna bilər.

Elm sahələri üzrə ocaqlar

DAAB müxtəlif elm sahələri üzrə ocaqlar təklif edə bilər. Bu ocaqlar ənənəvi elm sahələri ilə yanaşı, müasir elm sahələrini də əhatə edə bilər. Məsələn:

  • Ənənəvi elm sahələri: riyaziyyat, fizika, kimya, biologiya, tibb elmləri və s.
  • Müasir elm sahələri: nanotexnologiyalar, kvant fizikası, biotəbabət elmləri, süni zəka, kibertəhlükəsizlik və s.

Bundan əlavə, fənlərarası sahələr üzrə də fəaliyyətlər həyata keçirilə bilər, məsələn, sistemlər biologiyası, materialşünaslıq, fəza elmləri və s.

Multimedia ocaqları

Elmin populyarlaşdırılması məqsədilə multimedia ocaqları təşkil oluna bilər. Bu ocaqlar vasitəsilə podkastlar, video mühazirələr və cizgi filmləri təqdim etmək olar. Elmi mühazirələr, laboratoriya təcrübələri və alimlərin bioqrafiyaları bu platformalar üzərindən geniş şəkildə yayıla bilər.

Müsabiqə və yarışlar

Birlik müsabiqələr və yarışlar təşkil edə bilər. Məsələn:

  • Proqramlaşdırma, kibertəhlükəsizlik, data texnologiyaları və s.
  • Musiqi, təsviri sənət və s.
  • Müxtəlif mövzuları əhatə edən intellektual oyunlar

Tibbi ocaqlar

Birlik tibbi ocaqlar vasitəsilə sağlam həyat tərzi, populyar tibbi biliklər və müasir tibbi araşdırmalar mövzusunda tədris fəaliyyəti həyata keçirə bilər.

Sosial şəbəkələrdə fəaliyyət

Birlik sosial şəbəkələrdə geniş fəaliyyət göstərə və üzvləri ilə əlaqə saxlamaq üçün “Instagram”, “LinkedIn”, “Facebook” və “YouTube” kimi platformalarda fəal ola bilər.

Beləliklə, Dünya Azərbaycanlı Alimlər Birliyi internet üzərindən təklif edə biləcəyi xidmətlər vasitəsilə Azərbaycan alimlərinin beynəlxalq səviyyədə tanınmasına və elm sahələrində yeniliklərin meydana gəlməsinə töhfə verə bilər. Bu xidmətlər tədrisin keyfiyyətini artırmaq və elmi əməkdaşlığı gücləndirmək üçün vacib bir addım ola bilər. Bizim məqsədimiz yalnız məlumat paylaşmaq deyil, həm də elmi əməkdaşlıq və tədrisin inkişafına töhfə verməkdir.

Dinara Abbasova

Dinara Abbasova

Biliklərin strateji idarə olunması: təşkilati səmərəlilik və davamlılığın əsas hərəkətverici gücü

Annotasiya

Müasir bilik əsaslı iqtisadiyyatda təşkilatların rəqabət qabiliyyəti və davamlı inkişafı, intellektual aktivlərin səmərəli idarə olunmasından birbaşa asılıdır. Strateji bilik idarəetməsi (Bİ) – biliklərin müəyyənləşdirilməsi, əldə olunması, saxlanması, paylaşılması və istifadəsini əhatə edən sistemli proseslər toplusudur. Bu məqalədə strateji Bİ-nin təşkilati inkişafdakı həlledici rolu araşdırılır, onun əsas üstünlükləri təqdim olunur və tətbiqi üçün strukturlaşdırılmış çərçivə təklif edilir. Təhlillər mövcud statistik məlumatlar və praktiki nümunələr əsasında aparılmış, Bİ-nin davamlı öyrənmə və dayanıqlılıq baxımından əhəmiyyəti vurğulanmışdır.

Giriş

Bilik əsaslı iqtisadi sistemlərə keçid təşkilatlarda uğurun açarını intellektual kapitala çevirib. Artıq bilik sadəcə dəstək vasitəsi deyil, istehsalın, innovasiyanın və rəqabətliliyin əsas strateji aktividir. Bununla belə, bir çox təşkilat biliklərin effektiv idarə olunması və ötürülməsi proseslərində ciddi çətinliklərlə üzləşir: məlumatların axtarışına sərf olunan vaxt, qeyri-strukturlu mühitlər, zəif bilik paylaşımı mədəniyyəti və s.

Belə bir şəraitdə strateji Bİ əməliyyat səmərəliliyini artırmaq, səhvlərin sayını azaltmaq, layihələrin icrasını sürətləndirmək və kritik biliklərin qorunmasını təmin etmək baxımından vacib rol oynayır.

Müasir təşkilatlarda Bİ-nin zəruriliyi

Empirik araşdırmalar aşağıdakı əsas problemlərin Bİ-yə olan ehtiyacı artırdığını göstərir:

  • əməkdaşların 74%-i müvafiq təşkilati biliklərə çıxışda çətinlik çəkir.
  • maliyyə xidmətləri təşkilatlarının 67%-ində ciddi bilik boşluqları mövcuddur.
  • İşçilər həftəlik iş vaxtlarının, təxminən, 35%-ni məlumat axtarışına sərf edirlər.
  • təşkilatların 60%-ində bilik paylaşımı mədəniyyəti formalaşmayıb.

Bu çatışmazlıqlar maliyyə itkisinə, layihələrin gecikməsinə və işçi məmnuniyyətsizliyinə səbəb olur. Strateji Bİ bu problemlərin qarşısını almaqla yanaşı, innovasiya və davamlı öyrənmə mədəniyyəti formalaşdırır.

Strateji Bİ-nin təşkilatlar üçün faydaları

Strateji Bİ tətbiq edən təşkilatlar aşağıdakı mühüm üstünlükləri əldə edirlər:

  • Səhv hallarının azalması
  • Layihələrin 30%-ə qədər daha sürətli həyata keçirilməsi
  • Gəlirlərin orta hesabla 40% artması
  • Yeni işçilərin adaptasiya müddətinin 25% qısalması
  • Qərarvermə və risklərin idarə olunmasında keyfiyyətin yüksəlməsi

Bİ strategiyasının məqsədləri və hədəfləri

Effektiv Bİ strategiyası təşkilatın aşağıdakı əsas ehtiyaclarına cavab verir:

  • Kritik biliklərin toplanması və saxlanması
  • Keçmiş təcrübələrin təkrar istifadəsi
  • Davamlı öyrənmə və inkişafın təşviqi
  • Risklərin effektiv şəkildə idarə olunması

Strategiyanın hazırlanması və tətbiqi

Strateji Bİ-nin həyata keçirilməsi aşağıdakı mərhələləri əhatə edir:

MərhələƏsas fəaliyyətlər
Problem identifikasiyasıBilik boşluqları və səmərəsizlikləri müəyyən etmək məqsədilə müsahibələr, sorğular və diaqnostik təhlillər aparın.
Strategiyanın hazırlanmasıMüəyyən edilmiş ehtiyaclara əsaslanaraq beyin fırtınası keçirin və innovativ Bİ həlləri dizayn edin.
TətbiqBilik bazaları, sənəd idarəetmə sistemləri, əməkdaşlıq platformaları kimi Bİ alətlərini tətbiq və təşkilatın əsas proseslərinə inteqrasiya edin.
İcra nəzarətiƏsas fəaliyyət göstəricilərini (KPI-ləri) müəyyənləşdirin və izləyin; nəticələri qabaqcadan müəyyən olunmuş meyarlarla müqayisə edərək qiymətləndirin.
Daimi təkmilləşdirməGeribildirim dövrlərini təşviq edin və Bİ sistemlərinin müntəzəm yenilənməsi və təkmilləşməsi üçün davamlı mexanizmlər yaradın.

Öyrənmə modelləri və bilik transferi mexanizmləri

Effektiv bilik ötürülməsi aşağıdakı yanaşmalarla həyata keçirilir:

  • Formal təlimlər və e-learning modulları
  • İş yerində təcrübə və təlim proqramları
  • Mentorluq və kouçinq yanaşmaları
  • Rəqəmsal həllər: bilik portalları, sənəd bazaları, ekspert kataloqları

Bu mexanizmlər həm səssiz (tacit), həm də aydın (explicit) biliklərin qorunmasına və təşkilatda geniş istifadəsinə imkan yaradır.

Nəticə

Strateji bilik idarəetməsi təşkilat üçün əlavə funksional sahə deyil, daxili səmərəliliyin, innovasiyanın və dayanıqlılığın əsas hərəkətverici qüvvəsidir. Hər bir təşkilat üçün vahid model olmasa da, məqsədəuyğun strategiyaların hazırlanması, liderliyin dəstəyi və maraqlı tərəflərin iştirakı sayəsində Bİ güclü rəqabət üstünlüyünə çevrilə bilər. Bİ-ni strateji prioritet kimi qəbul edən təşkilatlar davamlı təkmilləşmə və innovasiya mədəniyyəti quraraq bilik iqtisadiyyatında ön sıralarda mövqe tuturlar.

Ədəbiyyat

  • Axero Solutions (2023). The State of Knowledge Management in Organizations.
  • McKinsey & Company (2023). The Value of Knowledge in Business Performance.
  • Rezolve.ai (2023). Knowledge Gaps and Their Impact on Financial Services.
  • Procedureflow (2023). Knowledge Management Efficiency Studies.
  • The Conference Board (2022). Best Practices in Knowledge Transfer and Learning Curves.

Eldar Əhədov

Eldar Əhədov

Sibir və Şərqi Sibir toponimikası: Türk irsinin qorunması və toponimik soyqırım fenomeni

Sibir və Şərqi Sibir toponimiyasının regional xüsusiyyətlərini öyrənmək və Orta Asiyanın geniş coğrafiyasını əhatə edən toponimik-linqvistik irsin qorunub saxlanmasını təmin etmək istəyi “Mərkəzi və Şərqi Sibir Toponimikası haqqında” adlı kitabımın meydana çıxmasına səbəb oldu. Bəziləri üçün sırf elmi görünə biləcək bu mövzu biz azərbaycanlılara, mədəniyyətimizə və tariximizə nə dərəcədə aiddir?

Əgər mövzuya qərəzsiz və minimal toponimiya biliyi ilə yanaşılsa belə, aydın şəkildə görünür ki, Sibirin coğrafi adlarında, xüsusilə Anqara və Podkamennaya Tunquska çaylarının suayırıcı xəttindən cənubda əvvəlcə seyrək, daha sonra isə cənuba doğru intensiv şəkildə türkmənşəli adlar üstünlük təşkil edir. Krasnoyarsk bölgəsində bu adlar artıq yer adlarının yarıdan çoxunu, Xakasiya və Minusinsk hövzəsində isə demək olar ki, 100%-ni təşkil edir. Niyə? Çünki son bir neçə min il ərzində bu ərazilərdə – Cənubi Sibir, Sayan, Altay dağlıq və meşə-çöl zonalarında yaşayan xalqların əsas ünsiyyət vasitəsi türk dilləri olmuşdur. Bu bölgədə yakut və dolqan dilləri də daxil olmaqla, türkmənşəli dillər Şimal Buzlu Okeanı adalarına qədər yayılan əhalinin dil tərkibini formalaşdırmışdır.

Bu irs təkcə Orta və Şərqi Sibirdəki Orxon-Yenisey abidələri ilə məhdudlaşmır. O həmçinin Sakit okeandan Karpat dağlarına, Qara dənizə qədər uzanan nəhəng bir coğrafiyada yaşayan qədim türk tayfalarının məişət əşyaları, incəsənət nümunələri, arxeoloji tapıntıları və ən başlıcası, dil izləri ilə sübut olunur. Bu izlər – toponimlər, yəni əcdadlarımızın danışıq dilini bu günədək yaşadan coğrafi adlardır.

Lakin tarixin müxtəlif dönəmlərində işğalçılar bu ərazilərə daxil olduqdan sonra əvvəlki əhalini məhv etmiş, sonra isə onların mənəvi izlərini – coğrafi adlarını sistemli şəkildə dəyişməyə başlamışlar. Şəhər, kənd, dağ, çay və göllərin adlarını dəyişdirmiş, xalqın bu torpaqlarla olan mənəvi bağlarını qırmağa çalışmışlar. Bu prosesə toponimik soyqırımı demək tamamilə ədalətlidir. Çünki bu, nasizmin ən təhlükəli ideoloji formalarından biri olan mədəni yaddaşın silinməsi aktıdır.

Sibirin türkmənşəli coğrafi adlarının fərqli cəhəti onların şəxsi adları deyil, təbiətə, coğrafi xüsusiyyətlərə və insanın torpağa qarşı duyduğu səmimi heyranlığa əsaslanmasıdır. Bu adlar rəhbərləri və ya hakimləri deyil, çayların rəngi, dağların forması, bitki örtüyü, heyvanlar, hava şəraiti və s. kimi konkret təbiət hadisələrini əks etdirir. Sibir türk toponimiyası, türk xalqlarının doğma torpağa duyduğu fədakar məhəbbətin və əbədi sədaqətin təcəssümüdür.

Coğrafi adlar müasir sivilizasiyanın tərkib hissəsidir. Onlar toplumların kollektiv yaddaşıdır, mədəni kimliyin daşıyıcısıdır. Toponimlər vasitəsilə biz keçmişə, əcdadlarımıza və tariximizə bağlanırıq. Qədim coğrafi adlar bizim yaddaş məbədlərimizdir. Bu məbədləri təsadüfi küləklər, modaya çevrilmiş dəyişikliklər və ya müvəqqəti idarəetmə rahatlıqları naminə məhv etməyə heç kimin haqqı yoxdur.

Bu səbəbdən təklif edirəm ki, qədim coğrafi adlara bəşəriyyətin qeyri-maddi mədəni irs nümunələri statusu verilsin. Bu adlar qorunmalı, öyrənilməli və gələcək nəsillərə olduğu kimi çatdırılmalıdır.

Ekspert rəyi: “Hörmətli Eldar, nə yaxşı ki, təkcə elmi deyil, həm də humanitar əhəmiyyət daşıyan mühüm bir məsələni gündəmə gətirdiniz. Bu hamımız üçün çox vacibdir. Sizə Sibirin toponimiyasına həsr olunmuş yeni kitabınız münasibətilə təbriklərimi çatdırıram. Əminəm ki, bu əsər türkologiyaya dəyərli bir töhfə olacaq.” – Tofiq Davud oğlu Məlikli, filologiya elmləri doktoru, professor, şərqşünas, ədəbiyyatşünas, tərcüməçi, yazıçı, Azərbaycan Respublikasının Əməkdar elm xadimi.

Mehdi Gəncəli̇

Mehdi Gəncəli̇

“Azərbaycan” qəzetinin müasir zamanda əks-sədası

Müasir Azərbaycan dövləti Azərbaycan xalqının müstəqil və suveren iradəsinin inikasıdır. Azərbaycan xalqının tarixində çox şərəfli səhifələr olmuşdur. Cümhuriyyət dövrü tariximizdəki şərəfli səhifələrin başında gəlir. Müasir Azərbaycan Respublikası özünü 1918-ci ildə qurulan Azərbaycan Cümhuriyyətinin varisi elan etdiyindən Cümhuriyyət tariximizin hərtərəfli öyrənilməsi xüsusi əhəmiyyət daşıyır.

Məmnuniyyətlə qeyd etmək lazımdır ki, Cümhuriyyət tariximizin tədqiqi sahəsində müstəqillik dövrümüzdə xeyli iş görülmüşdür. Yenə sevindirici haldır ki, bu tədqiqatlar, ümumiyyətlə, Cümhuriyyət tariximizlə bağlı bütün işlər xüsusilə gənc nəslin diqqətini çox cəlb edir, maraqla izlənilir.

Xalqımızın, dövlətçiliyimizin böyük və şərəfli tarixinin ən mühüm parçalarından biri olan Cümhuriyyət dövrünün araşdırılması baxımından “Azərbaycan” qəzetinin, lüğət, qeyd və şərhlər, indeks əlavə edilməklə müasir əlifbada yenidən nəşr edilməsi xüsusi əhəmiyyət daşıyır. ADA Universitetinin təşəbbüsü və himayəsi ilə həyata keçirilən bu böyük iş qeyd etməliyəm ki, “Azərbaycan” qəzetinin bəsit bir transliterasiyası olmayaraq, kifayət qədər ciddi, elmi bir işdir və vaxt baxımından nisbətən yavaş irəliləməklə birgə, yenə kifayət qədər müvəffəqiyyətlə həyata keçirilməyə davam edir.

Möhtərəm rektorumuz Hafiz müəllimin sözləri ilə ifadə etsək: “Qəzetin müasir oxucu üçün əlçatan olması tariximizin Cümhuriyyət dövrü kimi zəngin səhifəsinin öyrənilməsi baxımından çox əhəmiyyətlidir.”

İlk nömrəsi 15 sentyabr 1918-ci ildə Gəncədə, sonuncu nömrəsi 27 aprel 1920-ci ildə Bakıda nəşr edilən “Azərbaycan” qəzetinin transliterasiyasının 20 cilddə nəşr edilməsi nəzərdə tutulmuşdur. Bu cildlərdən 11-cisi bu günlərdə mətbəədən çıxaraq oxucuların istifadəsinə verilmişdir.

Hər hansı bir dövrün tarixini ardıcıl və sistematik olaraq gündəlik qəzetdən izləmək o dövr haqqında düşüncələrinizin, dünya görüşünüzün tamamilə fərqli bir şəkildə formalaşmasına səbəb olur. Bu, dövrün tarixini kənardan, başqa qaynaqlardan öyrənməkdən müəyyən dərəcədə fərqlidir. “Azərbaycan” qəzetini ardıcıl oxuyarkən özünüzü qəzetin çap edildiyi dövrdə, hadisələr burulğanının içində hiss edir, dövrün ab-havasını bütövlükdə tənəffüs edirsiniz. Siyasi, ictimai, hərbi, ədəbi-mədəni həyatın çox müxtəlif aspektlərindən, incə təfərrüatlarından xəbərdar olmaq imkanı əldə edirsiniz.

“Azərbaycan” qəzetinin nəşrindən yüz ildən çox vaxt keçsə də, oradakı məqalələr, xəbərlər, şərhlər bu gün də öz aktuallığını qorumağa davam edir. Yüz il ərzində dəyişməyən geopolitik balansı, bölgədəki problemlərin qaynaqlarını öyrənmək baxımından olduqca əhəmiyyətlidir. Qərblə Şərqin kəsişdiyi yerdə yerləşən Azərbaycan uğrunda böyük güclərin apardığı mübarizə həmin dövrdə olduğu kimi indi də bariz şəkildə görülməkdədir.

Nümunələrlə göstərmək lazım gələrsə:

Qarabağ məsələsi – 2020–2023-cü illərdə müzəffər Ordumuzun Qarabağı işğaldan azad etməsi tariximizin ən böyük qəhrəmanlıq salnamələrindən biridir. Ermənilərin Qarabağa iddiaları Azərbaycan Cümhuriyyətinin qurulmasından qısa bir müddət sonra başlamışdı. Bir tərəfdən, Ermənistanın dəstəyi ilə Qarabağdakı ermənilərin üsyan etmələri, digər tərəfdən, Anadoludan gələn silahlı erməni dəstələrinin Qarabağda və Zəngəzurda qətliam törətmələri 1991-ci ildə müstəqilliyimizin bərpasından sonra analoji şəkildə təkrarlanmışdır. 1918-ci ilin martında törətdikləri soyqırımı cinayətini 1992-ci ildə Xocalıda və digər ərazilərimizdə də təkrar etmişdilər. Bu baxımdan ermənilərin yüz ildən çoxdur Cənubi Qafqazda həyata keçirdiyi cinayətlərin tarixini bilməyimiz, milli hafizəmizdə unutmamağımız üçün “Azərbaycan” qəzetinin səhifələrindəki materiallarla tanış olmaq yetərlidir. Üzeyir Hacıbəylinin, Xəlil İbrahimin Qarabağla, erməni fitnəsi ilə bağlı yazdıqları məsələni dərk etməyimiz üçün olduqca əhəmiyyətlidir.

Azərbaycan adı məsələsi – Azərbaycan Cümhuriyyətinin elanından sonra Qacar dövləti yeni ölkənin adına qarşı etiraz etmiş, qonşu ölkə mətbuatında bir sıra məqalələr dərc olunmuşdur. Hətta Qacar hökuməti Məhəmməd Əmin Rəsulzadənin İstanbulda tanınma ilə bağlı təqdim etdiyi memoranduma mənfi cavab vermiş, Azərbaycan adlı dövləti tanımadıqlarını bildirmişdir. Təəssüf ki, bu mövqe indi də bu və ya digər şəkildə cənub qonşumuz tərəfindən irəli sürülməklə tarixi keçmiş yanlış şəkildə təhrif edilir. Türkmənçay müqaviləsindən bu yana yaşanan bəzi məsələlərin qaynağını bilmək, Azərbaycan-İran münasibətlərinin tarixini doğru şərh etmək üçün “Azərbaycan” qəzetindəki materiallara baxmaq gərəklidir.

Parlamentarizm məsələsi − Azərbaycan dövlətçiliyinin tarixini öyrənmək, müsəlman şərqində açılan ilk demokratik parlamentin fəaliyyətini araşdırmaq, yüz il ərzində baş verən demokratik yeniliklərlə müqayisə etmək baxımından “Azərbaycan” qəzetində dərc olunan stenoqramları oxumaq olduqca önəmlidir. Bu gün olduğu kimi, yüz il öncə də Azərbaycanda milli və dini azlıqların hüquqlarının qorunduğunu, ölkənin bütün vətəndaşlarının bərabər haqlara sahib olduğunu göstərmək baxımından bu yazıları oxumaq vacibdir. Stenoqramlara baxdığımız zaman o dövrdə Azərbaycanın dünyaya parlaq bir nümunə olduğunu açıq şəkildə görürük.

Türkiyə-Azərbaycan münasibətləri – “Azərbaycan” qəzetində dövlət xadimlərinin müraciətlərinə, mühərrirlərin yazılarına, şairlərin şeirlərinə baxdığımız zaman Osmanlı Türkiyəsi ilə Azərbaycan Cümhuriyyəti arasındakı dostluq, qardaşlıq bağlarının möhkəmliyi açıq şəkildə görünür. Xüsusən də Qafqaz İslam Ordusunun zabit və əsgərlərinə olan münasibət olduqca yüksək ehtiram şəklindədir. Batum müqaviləsindən Şuşa bəyannaməsinə qədər keçilən yolu öyrənməyimiz, münasibətlərin tarixi fəlsəfəsini dərk etməyimiz baxımından “Azərbaycan” qəzetindəki bu yazılar çox əhəmiyyətlidir.

Nigar Məsumova

Nigar Məsumova

Azərbaycan və Rusiya arasında təhsil sahəsində əməkdaşlıq: problemlər və perspektivlər

Hörmətli forum iştirakçıları!

Hər kəsi burada, Azərbaycan torpağında, tarixi vətənimizin paytaxtında salamlamağa çox şadam!

Mən Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunu (Universitetini) bitirmişəm. İxtisas etibarilə iqtisadçıyam. Türkiyə iqtisadiyyatı mövzusunda namizədlik dissertasiyası müdafiə etmişəm. Bu mövzu məni çox dərindən maraqlandırır. Bununla belə, elmi maraqlarımın əhatə dairəsi genişlənib, jurnalistika, reklam və ictimaiyyətlə əlaqələr sahələri əlavə olunub. Mən həm də Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun Beynəlxalq Jurnalistika fakültəsinin dekan müavini, Reklam və ictimaiyyətlə əlaqələr şöbəsinə rəhbərlik edirəm.

Təhsil və elm xərcləri

İlk növbədə, ölkələrimizdə təhsil xərclərini xatırlatmaq istərdim.

Təhsilə dövlət xərcləri (Ümumi Daxili Məhsulun faizi):

İlAzərbaycanRusiyaAlmaniya
20003,92,94,5
20102,83,85,1
20204,33,75,6
20222,9-4,5

Dünya Bankının Məlumatı, 2024. URL: www.worldbank.org

Almaniyanı ona görə seçdim ki, o, təhsil və elm sahəsində inkişaf edib, qabaqcıldır.

Bu rəqəmləri təhlil edərək deyə bilərik ki, Azərbaycanda və Rusiyada dövlətin təhsilə ayırdığı vəsait hələ də inkişaf etmiş ölkələrin səviyyəsinə çatmayıb. Təhsilə sərmayə qoymaq lazımdır, gələcəyimiz bundan asılıdır.

Elmə və inkişafa çəkilən xərclər haqqında məlumat verə bilərəm. İnkişaf etmiş ölkələrdə elmə çəkilən xərclər Ümumi Daxili Məhsulun 2%-i qədər və ya ondan yuxarıdır. Bəli, təbii ki, elə inkişaf etmiş ölkələr də var ki, elmə o qədər də pul xərcləmir və qlobal elmi nailiyyətlərdən xeyli geri qalır.

İlAzərbaycanRusiyaAlmaniya
20000,341,052,41
20100,221,132,72
20200,221,093,13
20220,150,94-

Dünya Bankının Məlumatı, 2024. URL: www.worldbank.org

Elmə, təhsilə çəkilən xərclər gələcəyə qoyulan sərmayədir. Xərcləri artırmaq lazımdır, düzdü, geri dönüş tezliklə olmayacaq, amma mütləq olacaq.

Yumşaq güc (Soft Power/Smart Power)

Biz hamımız yaxşı bilirik ki, həm elm, həm də təhsil yumşaq gücün alətləridir. Biz əcnəbi tələbələri ölkədə təhsil almağa cəlb edirik, vətəndaşlarımızı xarici ölkələrin universitetlərində oxumaq üçün xaricə göndəririk. Bütün bunlar gələcəkdə öz təsirini göstərəcək və həm tələbə göndərən, həm də qəbul edən ölkələrə fayda verəcək. Bu, ölkələr arasında gələcək əməkdaşlığın, əlaqələrin möhkəmləndirilməsinin və daha yaxşı dünyanın qurulmasının əsasını qoyur. Gələcək əməkdaşlıq üçün maneələr aradan qaldırılır. Ənənəvi olaraq Rusiya və Azərbaycan təhsil sahəsində əməkdaşlıq edir. Halbuki əgər əvvəllər bu tendensiya Azərbaycandan Rusiyaya tələbə axınının xeyrinə idisə, indi tələbələrin – Rusiya vətəndaşlarının Azərbaycanda təhsil almaq imkanı yaranıb. Məsələn, mənim universitetim (Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu) indi məni Azərbaycana – ADA Universitetinə təcrübə proqramında iştirak üçün göndərir. Bu, həqiqətən, maraqlıdır. Tələbələr üçün yeni üfüqlər açılır.

Bir neçə əlavə nümunə. Ümumiyyətlə, rəqəmləri bəyənirəm, onlar obyektiv qiymət verirlər. Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda hazırda 78 tələbə – Azərbaycan vətəndaşı təhsil alır. Cəmi 8400 nəfərin (bakalavr və magistr) təhsil aldığı institutda tələbələrin 12%-i əcnəbilərdir.

Mənim fikrimcə, hazırda içində olduğumuz çətin dövrlərdə təhsil, elm və təbii ki, mədəniyyət sahəsində əlaqələri kəsməyə dəyməz. Bu əlaqələr gələcəkdə ölkələr arasında əlaqələrin bərpası üçün körpü ola bilər.

Dillər

Nə qədər çox dil bilsə, müasir insanın qloballaşan dünyada yaşaması bir o qədər asan olar. Dil hər bir xalqın sərvətidir. Bu gün 255 milyon insan rus dilində danışır. Onlardan 148 milyonu bu dili ana dili hesab edir. Ayrılıqda Azərbaycan dili ilə bağlı heç bir statistik məlumat tapmadım, yalnız təxmin edə bilərəm, Rusiyada 10 milyon azərbaycanlı yaşayır (amma hamının öz ana dilini bilməsi fakt deyil), İranda yaşayan azərbaycanlıların sayı dəqiq deyil. Amma Rusiyada yaşayan türkdilli xalqların statistikası var, ümumilikdə 90 milyon təşkil edir.

Təbii ki, dili öz ölkənizdən kənara da yaymaq lazımdır. Məsələn, Rusiyada Moskvada etnomədəni Azərbaycan komponentli orta məktəb var. Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda, məsələn, Azərbaycan dilini öyrədirlər, bizdə Azərbaycan dilini bilən mütəxəssislər var.

Azərbaycanda tədrisin rus dilində olduğu 300-ə yaxın məktəb var və rusdilli universitet və proqramı da seçə bilərsiniz. Bu, əhəmiyyətli nailiyyətdir, bu fakt hər zaman yüksək səviyyədə qeyd olunur, hər iki tərəf bu rəqəmlərlə fəxr edir. Bu gün əsas odur ki, əldə etdiyimiz uğurları itirməyək.

Təhsil sahəsində birgə layihələr

Uğurla həyata keçirilən layihələrimiz var. Azərbaycanda hal-hazırda Lomonosov adına Moskva Dövlət Universitetinin filialı, Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialı, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu və ADA universitetlərində maliyyə üzrə birgə MBA proqramı fəaliyyət göstərir.

Ümumiyyətlə, Azərbaycan və Rusiya hələ də gənc dövlətlərdir və dünya universitetləri reytinqlərində hər iki ölkənin az sayda universiteti təmsil olunur. Bunlar əsasən texniki universitetlər və ya fakültələrdir, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu və ADA kimi humanitar universitetlər üçün özlərini sübut etmək olduqca çətindir.

RAGT (Rusiya Azərbaycanlı Gənclər Təşkilatı)

Mən xüsusilə gənclərlə işi qeyd etmək istərdim. Rusiyada 15 il əvvəl Azərbaycan gənclər təşkilatı – RAGT yaradılıb, abreviatura çox simvolikdir. Biz Rusiyada azərbaycanlı gənclərin birləşməsində böyük uğurlar görürük: müntəzəm görüşlər keçirilir, ictimai tədbirlər təşkil olunur, milliyyətcə azərbaycanlı olmayan Rusiya vətəndaşları arasında Azərbaycanın müsbət imici təbliğ olunur. Bu təşkilatın yaradılmasının başlanğıcında Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun məzunları dayanıb. Bu, gözəldir!

Rusiyanın Azərbaycandakı fəaliyyətinə gəlincə, rusdilli gənclərin və ya etnik rus olan Azərbaycan vətəndaşlarının tarixi vətənləri ilə əlaqəni kəsməmək üçün toplaşa biləcəyi bir neçə platforma var. Bu, həqiqətən, gözəldir və qürur üçün başqa bir səbəb verir.

Problemlər və perspektivlər

İndiki ekstremal şəraitdə elm və təhsil sahəsində əməkdaşlığı dayandırmağa ehtiyac yoxdur. Başa düşməliyik ki, gənclərimizin gözəl gələcəyinə ümid verən elm və təhsildir. Yalnız savadlı gənclər yüksək nəticələr əldə edə, ölkəni daha da yaxşılaşdıra bilər. Elmə, təhsilə çəkilən xərc gələcəyə qoyulan sərmayədir.

Nizami Məmmədov

Nizami Məmmədov

Ekoloji sivilizasiyanın astanasında: Yaşıl enerjiyə keçid

Annotasiya

Çıxışda yaşıl enerjiyə keçid, ekoloji sivilizasiyanın formalaşmasının mühüm göstəricisi kimi təqdim olunur. Məqalədə iqlim dəyişikliyinin enerji kontekstində təhlili aparılır, bu mürəkkəb və dinamik prosesdə təbii və texnogen amillərin qarşılıqlı nisbəti müəyyən edilir. İqlim dəyişikliyinin yaratdığı geofiziki, ekoloji və sosial-iqtisadi nəticələrə diqqət yetirilir, bu sahədə beynəlxalq sazişlərin rolu və iqlim dəyişikliklərinin idarə edilməsinin mövcud səviyyəsi qiymətləndirilir. İqlimin təbii tənzimlənmə mexanizmlərinin qorunması zərurəti əsaslandırılır və bəşəriyyətin yeni enerji modelinə keçidinin iqlim şəraitindən asılılığı vurğulanır. Günəş, külək və hidrogen enerjisindən istifadənin

Azərbaycan modeli kontekstində spesifik xüsusiyyətləri araşdırılır.

Açar sözlər: iqlim, iqlim dəyişikliyi, iqlimin təbii tənzimlənməsi, texnogen təsir, istixana qazları, nəzarət mexanizmləri, dünya enerjisi, yaşıl enerji, ekoloji sivilizasiya, Azərbaycan modeli.

Giriş

Son əsrlərdə elmi-texniki tərəqqi bəşəriyyətin sosial və iqtisadi inkişafına mühüm təsir göstərmişdir. Ancaq bu gün aydın olur ki, bu inkişafın bəzi nəticələri həm biosferə, həm də insanın özünə qarşı yönəlmişdir. XX əsrin ortalarından etibarən təbii mühitə texnogen təsirin miqyası elə həddə çatmışdır ki, insanlıq öz mövcudluğunu və gələcək nəsillərə nə miras qoyacağını ciddi şəkildə düşünməyə başlamışdır.

İqlim dəyişikliyi, biosferin deqradasiyası, antropoloji böhran, yeni virusların yayılması və süni intellektin sosial nəticələri müasir dövrün qlobal problemləri sırasına daxildir. Əhalinin və tələbatların artması, texnoloji yeniliklərin nizamsız tətbiqi biosferin mühüm ekoloji parametrlərinin pozulmasına səbəb olmuşdur.

Bu vəziyyətdən çıxış yolu təbiətə sırf utilitar münasibətin yenidən nəzərdən keçirilməsidir. Təbii mühitin tam qorunması mümkünsüzdür, lakin insan-təbiət münasibətlərindəki ziddiyyətlər insan fəaliyyətinin yönü və mahiyyəti dəyişməklə tənzimlənə bilər.

Ekoloji sivilizasiya və elmi-texniki paradiqmalar

Günümüzdə aydın olur ki, insan fəaliyyətinin metodologiyasında fundamental dəyişikliklər baş vermədiyi halda, ekoloji və antropoloji fəlakətlərin qarşısını almaq mümkün olmayacaq. Bəşəriyyətin strateji çıxış yolu – bütün sahələrdə yaşıl transformasiya və ekoloji sivilizasiyanın formalaşdırılmasıdır.

Texnogen sivilizasiyanın ekoloji sivilizasiyaya transformasiyası – sadəcə texnoloji dəyişiklik deyil, həm də mənəvi, etik və fəlsəfi baxımdan yeni mərhələyə keçiddir. Bu kontekstdə epistemologiya ilə etika arasındakı əlaqə, bilik və məsuliyyətin vəhdəti xüsusi əhəmiyyət kəsb edir.

Tarixi prosesin həm obyektiv, həm də subyektiv amillərlə müəyyən olunduğu nəzərə alınaraq, bəşəriyyətin gələcək inkişafının biosferin qanunlarına uyğun planlaşdırılması zərurəti ortaya çıxır.

Enerji, cəmiyyət və iqlim əlaqəsi

Enerji müasir cəmiyyətin fəaliyyətinin əsas sütunlarından biridir. Yaşıl enerji inqilabı təkcə enerji sektorunu deyil, bütün mədəni və sosial sistemləri yenidən formalaşdırma potensialına malikdir.

Burada iki əsas məqsəd var:

  • Fosil yanacaqlardan istifadənin minimuma endirilməsi.
  • Hidrogen, günəş, külək və hidroenerji kimi bərpa olunan enerji mənbələrinin inkişafı.

Enerji istehsalı və istehlakı səviyyəsi cəmiyyətin sivil və iqtisadi inkişafının göstəricisidir. Odur ki bu sahədə baş verən hər bir dəyişiklik geniş miqyaslı təsirlərə malikdir. Neft, qaz və kömür kimi ənənəvi resurslardan istifadə hələ davam etsə də, bəşəriyyət artıq bərpa olunan enerji erasına keçid mərhələsindədir.

Azərbaycanın yaşıl enerji modeli

Azərbaycan bu sahədə strateji liderlik nümayiş etdirir. Günəşli və küləkli iqlimi, enerji keçidini dəstəkləyən dövlət siyasəti və texnoloji investisiyalar bu keçidi mümkün edən əsas amillərdəndir. Külək və günəş enerjisi üzrə paralel və tamamlayıcı potensial, enerji təhlükəsizliyinin və sabitliyinin təminatına xidmət edir.

2020-ci ildən etibarən külək və günəş elektrik stansiyalarının genişmiqyaslı tikintisi Azərbaycanın bu sahədəki iddiasını praktiki fəaliyyətlə sübut edir.

Azərbaycanın COP29 konfransına ev sahibliyi etməsi, ölkənin qlobal ekoloji siyasətdəki rolunun və nüfuzunun göstəricisidir. Bu hadisə həmçinin qabaqcıl texnologiyaların ölkəyə transferi və ekoloji innovasiyaların təşviqi baxımından strateji əhəmiyyət daşıyır.

Nəticə və tövsiyələr

Cəmiyyətin biosfer prosesləri ilə uzlaşması – bəşəriyyətin qarşısında duran əsas çağırışdır. Ekoloji sivilizasiyanın qurulması üçün vacib olan addımlar bunlardır:

  • Beynəlxalq əməkdaşlığın genişləndirilməsi;
  • Biosferə uyğun texnologiyaların tətbiqi;
  • Karbohidrogen yanacağın istifadəsinin azaldılması;
  • Hidrogen, günəş və külək enerjisinin inkişafı;
  • Davamlı ekoloji təhsil və ekomədəniyyətin formalaşdırılması.

Bu dəyişikliklər yalnız texniki deyil, həm də mədəni və mənəvi transformasiyanı tələb edir. Təbiət öz qanunlarını diktə edir – bəşəriyyət isə bu şərtlərlə yaşamağı öyrənməlidir.

ƏDƏBİYYAT

  • İlham Əliyev. Xızı-Abşeron Külək Elektrik Stansiyasının təməlqoyma mərasimində nitqi.13.01.2022. //https://president.az/az/articles/view/55816/videos
  • Mamedov N.M. Harmonization of the biosphere and technosphere as a global problem of modern times. // Philosophical Aspects of Globalization: A Multidisciplinary Inquiry. Brill Rodopi, Leiden, Boston. 2022. – p. 196–210.
  • Məmmədov N.M., Məmmədəliyeva S.Y. Ekologiya və texnika. Bakı: “Səda”. 1999. – 96 s. T. 5, №1. – 2024. //https:// ecopoiesis.ru
  • Ван Ж., Фан М., Ван Ц. Экологическая цивилизация, органическое процессуальное мышление и будущее Китая в глобальном контексте // Экопоэзис: экогуманитарные теория и практика. –
  • Гусейнов А. А. Мораль и наука: характер их связи // Вопросы философии. – № 9. 2022. – 14–24 с.
  • Мамедалиев Ю. Г. Проблема водорода в Азербайджане. //За нефтяную технику. № 34. – 1934.
  • Мамедов Н. М. Становление экологической цивилизации – смысл исторического процесса. // Век глобализации. № 4. – 2024.
  • Мамедов Н. М. Экология и устойчивое развитие. Москва: МГАДА, 2013. – 365 с.
  • На пути к экологической цивилизации: экогуманитарная перспектива. Под редакцией А. И. Копытина и др. Москва: Когито-Центр, 2024. – 454 с.
  • Сидорович Владимир. Мировая энергетическая революция. Как возобновляемые источники энергии изменят наш мир. –Москва: «Альпина Паблишер». 2015.–208 с.

Reza Mori̇di̇

Reza Mori̇di̇

İstedad və hökumət siyasətləri: yeni inkişaf amillərinə keçid

Hörmətli xanımlar və cənablar,

Son onilliklər ərzində qlobal iqtisadiyyat fasiləsiz və sürətlə dəyişən bir transformasiya dövrünü yaşayır. Bu dəyişikliklər getdikcə daha sürətli tempdə davam edir.

Bu sürətli dəyişikliklərin əsas səbəbi texnologiyanın inkişafı olmuşdur. 1980-ci illərin sonlarında fərdi kompüterlərin yaranması və daha sonra internetin meydana çıxması bu prosesə böyük təkan vermişdir. İnternet sadəcə dünyanı bir neçə düymənin basılması ilə birləşdirməklə qalmadı, həm də gündəlik həyatımızın, demək olar ki, hər aspektini köklü şəkildə dəyişdirdi.

İnternetin təsiri istehsalatdan xidmət sektoruna, səhiyyədən maliyyəyə qədər hər bir sahəyə yayılmışdır. Bu gün dünya iqtisadiyyatı bilik və istedada əsaslanan dəyər yaratma prinsipi ilə idarə olunur və artıq ənənəvi maddi resurslardan daha çox intellektual kapitala üstünlük verilir.

Bilik iqtisadiyyatı şəraitində xüsusi bacarıqlara malik mütəxəssislər iş bazarında daha güclü mövqeyə sahib olurlar. Mikroçip istehsalının, proqram mühəndisliyinin və kompüter elmlərinin inkişafı bizə yeni imkanlar və yeni çağırışlar bəxş etdi.

Süni İntellekt, Robototexnika, Əşyaların İnterneti, Kvant Kompüterlər, 5G Şəbəkələri, Avtonom Nəqliyyat Vasitələri, Böyük Məlumat (Big Data) və FinTech sahələrindəki inqilabi yeniliklər bu dəyişiklikləri daha da sürətləndirəcəkdir.

Həyat elmləri sahəsində 1961-ci ildə Torontoda kök hüceyrələrin kəşfi və DNT-nin – həyatın genetik kodunun – deşifr edilməsi tibb elmini “incəsənət”dən dəqiq elmə çevirdi. Riyaziyyat, fizika, kimya, biologiya və kompüter elmlərindəki kəşflər regenerativ tibb və fərdi tibb kimi sahələrin yaranmasına səbəb oldu. Bu irəliləyişlər təkcə insan sağlamlığını yaxşılaşdırmır, həm də həyat müddətini əhəmiyyətli dərəcədə uzadır. Bununla yanaşı, uzunömürlülüyün artması cəmiyyətlər üçün yeni problemlər yaradır – yaşlı nəsillərin təminatı məsələsi hökumətlərin qarşısında duran əsas çağırışlardan biri olacaqdır.

Ölkələr bu sürətli dəyişikliklərə uyğunlaşmalı və çevik siyasət yürütməlidir. Qlobal iqtisadiyyat artıq dərin inteqrasiyadan keçmişdir və bu gün heç bir ölkə tam müstəqil şəkildə inkişaf edə bilməz. Bu qarşılıqlı asılılıq beynəlxalq ticarət və diplomatik münasibətlər üçün həm imkanlar, həm də çətinliklər yaradır.

Bu gün ölkələrin üzləşdiyi ən böyük problemlərdən biri istedad və bacarıqlı kadrların təmin olunmasıdır. Yeni texnologiyalar üçün doğru mütəxəssisləri tapmaq və yetişdirmək hər bir iqtisadiyyatın uğurunun açarıdır. Əgər bazarda tələblərlə təklif arasında uyğunsuzluq yaranarsa, bu, milli iqtisadi inkişaf üçün ciddi fəsadlar törədə bilər.

Bu gün istedad qloballaşıb və sərhədləri tanımır – eynilə kapital kimi! Dövlətlər və şirkətlər ən parlaq beyinləri öz tərəflərinə çəkmək və saxlamaq üçün ciddi rəqabət aparırlar, çünki gələcək insan kapitalı və innovasiyalara əsaslanan iqtisadiyyatların olacaqdır.

Bununla yanaşı, bilik və bacarıqların ömrü getdikcə qısalır. Texnologiyadakı sürətli yeniliklərə görə universitet və ya peşə təhsili alan bir şəxs yalnız bir neçə ildən sonra öyrəndiklərinin köhnəlmiş olduğunu görə bilər. Bu isə davamlı təhsil və peşəkar inkişafın nə qədər vacib olduğunu göstərir. Universitet və kollec diplomları yalnız bir başlanğıcdır – real dünyada daimi öyrənmə və təkmilləşmə zəruridir.

Şirkətlər analitik düşüncəyə və çevikliyə malik mütəxəssislər axtarır. Bu cür ixtisaslı kadrların çatışmazlığı şirkətlərin inkişafına, onların maliyyə göstəricilərinə və nəticə etibarilə milli iqtisadiyyata mənfi təsir göstərir.

Dünyanın bir çox ölkəsində işsizlik yüksək olsa da, şirkətlər lazımi bacarıqlara malik mütəxəssislər tapmaqda çətinlik çəkir. Bunu həll etmək üçün onlar dünyanın hər yerindən istedadlı insanları cəlb etməyə çalışırlar. Hökumətlər isə bu prosesə uyğunlaşaraq immiqrasiya qaydalarını dəyişdirir və yüksək ixtisaslı kadrların ölkədə qalması üçün şərait yaradır.

Məsələn, Kanada beynəlxalq tələbələrə məzun olduqdan sonra burada işləmək və Kanada iş təcrübəsi qazanmaq imkanı yaradır. Daha sonra isə bu tələbələr daimi yaşayış icazəsi və vətəndaşlıq üçün müraciət edə bilirlər.

Güclü və rəqabətədavamlı bilik iqtisadiyyatı yalnız yüksək ixtisaslı, daim özünü təkmilləşdirən işçi qüvvəsinə arxalana bilər. Sürətlə dəyişən dünyada yaşlı işçi qüvvəsinin texnoloji yeniliklərə ayaq uydurması getdikcə çətinləşir, bu isə hökumətlərin təhsil və bacarıqların inkişafı siyasətinə yenidən baxmasını tələb edir.

Gələcəyin qlobal iqtisadi liderliyi aşağıdakı amillərdən asılı olacaqdır:

  • Təhsilə və fasiləsiz bacarıq inkişafına investisiya;
  • İstedadlı insanları cəlb etmək və saxlamaq üçün çevik siyasətlər;
  • Səmərəli immiqrasiya qaydaları və işçi qüvvəsi üçün açıq qapı siyasəti;
  • Xarici investisiyaların təşviqi;
  • İntellektual mülkiyyətin qorunması.

Bu strategiyanın uğurlu nümunələrindən biri “Amazon” şirkətinin Torontonu ABŞ-dən kənarda ikinci qərargah yeri kimi nəzərdən keçirməsidir. Şirkətin bu qərarı verməsində əsas amillərdən biri Ontario əyalətində mövcud olan geniş istedad və kadr potensialı olmuşdur.

Ontario əyalətində 16 milyon əhali və 850 milyard dollar ÜDM var. Hər il burada 50 000 STEM (elm, texnologiya, mühəndislik və riyaziyyat) mütəxəssisi məzun olur. Süni intellekt sahəsində sənayenin artan tələbatına cavab vermək üçün Ontario universitetləri illik 1000 magistr məzunu yetişdirir.

Kanadanın innovasiya tarixi böyük ixtiralarla zəngindir – telefon, smartfon, elektrik lampası, insulin, ürək ritmini tənzimləyən cihaz (pacemaker), meningit-C vaksini, kök hüceyrə kəşfi, yüksək dəqiqlikli elektron mikroskop və IMAX texnologiyası bu ölkənin yetirdiyi dəyərlərdən yalnız bir neçəsidir.

Hörmətli xanımlar və cənablar,

Bu inkişaf Kanadada və dünyada davam edir. Gələcək insana, biliyə və innovasiyalara sərmayə qoyan ölkələrin olacaqdır.

Təşəkkür edirəm! Sağ olun!

Səadət Kəri̇mi̇

Səadət Kəri̇mi̇

Azərbaycan Respublikası ilə Skandinaviya və digər Qərbi Avropa dövlətləri arasında elm, təhsil münasibətləri – aktual məsələlər

Hörmətli xanımlar və bəylər! Dəyərli alimlərimiz!

Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin I Forumuna xoş gəlmisiniz!

Mən Dünya Azərbaycanlı Alimlər Birliyinin (DAAB) İdarə Heyətinin üzvü və Aİ üzrə, xüsusilə Şimali Avropa ölkələri təmsilçisi olaraq, öz adımdan və dərnəyimiz adından öncə bizə bu şəraiti yaradan ölkə başçısı Prezident cənab İlham Əliyevə minnətdarlığımı bildirirəm. Məhz Prezident İlham Əliyevin müdrik siyasəti və tapşırıqlarına əsasən, bu gün diasporun daha mütəşəkkil formada inkişafı üçün məqsədyönlü fəaliyyət aparılmaqdadır. Başda cənab Fuad Muradov olmaqla, Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsi rəhbərliyinə, başda cənab Emin Əmrullayev olmaqla, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə, həmçinin forumun Təşkilat Komitəsinə və DAAB-nin sədri, dünya şöhrətli professor, riyaziyyatçı məsləkdaşım Məsud Əfəndiyevə bu foruma verdikləri dəstəyə görə dərin təşəkkürümü bildirirəm.

Təxminən iki il öncə biz DK-nın təşəbbüsü və dəstəyi ilə təşkil olunmuş İstanbul görüşündə bir konsepsiya üzərində birləşərək müqəddəs bir yola çıxdıq. Mən bir-birindən dəyərli və təcrübəli elm xadimlərinin bu yeni yaranmış təşkilatda ulu Vətənimiz Azərbaycan üçün elm və təhsil sahəsində verimli layihələr hazırlayıb həyata keçirəcəyinə əminəm. Bu, DAAB-nin tərtib etdiyi Nizamnaməsindən və başından bəri ortaya qoyulan ambisiyalardan aydın olur.

Mən 2000-ci ildən İsveç Krallığında yaşayıram və ilk ildən öz vətənimdə aldığım akademik təhsilin təsdiqini almış, qürurla İsveç elm və təhsil sistemində alim olaraq elmi, pedaqoji fəaliyyət aparmış, Azərbaycanı təmsil etmişəm. 2007-ci ildən başlayaraq azərbaycanlı tələbələr ERASMUS+ proqramının, Avropa Komissiyası, EACEA, AB heyəti və Azərbaycan dövləti əməkdaşlığı sayəsində Avropada, o cümlədən İsveçdə təhsil alırlar. Müxtəlif proqramların çərçivəsində azərbaycanlı tələbələrin və alimlərin Avropa ali təhsil ocaqlarında təhsilini davam etdirməsi çox əlamətdar hadisədir.

Sayğıdəyər forum iştirakçıları! Bildiyiniz kimi, Aİ və Azərbaycan münasibətləri 1999-cu ildən qüvvədə olan Aİ-Azərbaycan Tərəfdaşlıq və Əməkdaşlıq Sazişinə əsaslanır. Geniş spektrdə Aİ-Azərbaycan əməkdaşlığını əks etdirmək, əsas sektorlarda siyasi dialoqu gücləndirmək və ticarəti artırmaq üçün nəzərdə tutulmuş yeni və təkmilləşdirilmiş çərçivə sazişi üzrə danışıqlar qabaqcıl mərhələdədir. 30 ildən artıqdır ki, tələbələr və işçilər ERASMUS proqramı çərçivəsində Avropa universitetləri arasında hərəkət etmişlər. 2015-ci ildən ERASMUS+ həmçinin tələbələr, tədqiqatçılar və işçilər üçün dünyanın digər yerlərindən Avropaya qısamüddətli mobilliyə icazə verib. Bu ikitərəfli mobillik tələbələrə 3–12 ay müddətində xarici universitetdə təhsil almağa və daha sonra göndərən müəssisədə dərəcələrinin bir hissəsi kimi tanınan kreditlər əldə etməyə imkan verir. 2018-ci ildən etibarən təcrübə keçmək də mümkündür. İşçilərin 5–60 günlük mobilliyi üçün də qrantlar verilir. Azərbaycanlı tələbələr və doktorantlar, eləcə də 2014–2020-ci illər üçün təhsil, təlim, gənclər və idman sahələrində fəaliyyət yaratmaq məqsədi daşıyan beynəlxalq ali təhsil səviyyəsini təyin etmək üçün Yeni ERASMUS+ proqramı iştirak etmişlərdir. Bu, ölkəmizin həm böyük potensialının göstəricisidir, həm də Azərbaycan üçün yaranan yeni potensial deməkdir!

Azərbaycandan olan 2000-dən artıq universitet tələbəsi və təhsil işçisi 2015–2020-ci illər arasında ERASMUS+ mübadilə proqramı çərçivəsində Avropada təhsil almaq və ya dərs demək imkanı qazanıb, 62 azərbaycanlı tələbəyə isə adıçəkilən dövrdə magistr təhsili almaq üçün təqaüd verilib. ERASMUS+ bakalavr, magistr və doktorantura tələbələri, o cümlədən yaxın illərdə məzun olanlar üçün (universiteti bitirdikdən sonra bir il ərzində) xaricdə işə yerləşdirilmə və təcrübə keçmə ilə bağlı dəstək təmin edir. 2014–2020-ci illər arasında Azərbaycandan 4 000-ə yaxın gənc və gənclər təşkilatı işçisi müştərək ERASMUS+ və gənclər layihələrində (mübadilə, təlim, siyasətlərin müzakirəsi, könüllülük) iştirak etmişdir.

Təhsil sahəsinə gəldikdə, fəxrlə demək istəyirəm ki, “Swedish İnstitute” adlı müəssisə tərəfindən verilən qrantlar da daxil olmaqla, hər il İsveç universitetlərində çoxlu sayda azərbaycanlı istedadlı gənc təhsil alır. Artıq Swedish Alumni – İsveç–Azərbaycan Tələbələr və Məzunlar Şəbəkəsi fəaliyyət göstərir və Gənc Avropa Səfirlərinin AB səviyyəsində etdiyi kimi, İsveçlə Azərbaycanı hər baxımdan bir-birinə yaxınlaşdırmaqda mühüm rol oynayır. Proqram-ölkə institutları Şərq tərəfdaşlığı ölkələrinin universitetləri ilə ikitərəfli əməkdaşlıq edir və tərəfdaşları adından müraciət edirlər. Azərbaycan ERASMUS Mundus Birgə Magistr dərəcələrində (EMJMDs) Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və dünyanın hər yerindən magistr tələbələri üçün təhsil, səyahət və yaşayış müavinətini əhatə edən təqaüdlərdə iştirak etmişdir. Azərbaycan, həmçinin iki ildən üç ilə qədər davam edən ERASMUS+ Ali Təhsildə Potensialın Gücləndirilməsi (CBHE) layihələrində iştirak edib ki, bunlar ali təhsil müəssisələrinin modernləşdirilməsi və islahatına, yeni kurikulumların hazırlanmasına, idarəetmənin təkmilləşdirilməsinə, ali təhsil müəssisələri ilə müəssisələr arasında əlaqələrin qurulmasına yönəlib. Onlar həmçinin milli hökumət orqanları ilə əməkdaşlıq edərək ali təhsil islahatları üçün zəmin hazırlayaraq siyasət mövzularını və məsələləri həll edə bilərlər.

İsveçdə ali təhsil hamınızın tanıdığı temperatur şkalasının ixtiraçısı Anders Selsiusun (Celsius) da çalışdığı Uppsala Universiteti 1477-ci ildə qurulduğundan bəri və akademik təhsil 17-ci əsrdən bəri fəaliyyət göstərdiyindən böyük təcrübəyə əsaslanır. Bioloq Karl fon Linne (Carl von Linné) və azadlıq dövrünün ruhunun digər müdafiəçiləri İsveç Elmlər Akademiyasının yaradılması, iqtisadiyyat üzrə professorluğun yaradılması və təbiət elmlərinə xüsusi önəm verilməsi ilə təhsil sistemini dəyişdirdilər. Bu qüvvələr həmçinin 1745-ci ildə İsveç təhsil sistemində islahatların aparılmasına yönəlmiş uzun cəhdlər silsiləsində ilk olaraq təhsil komissiyası təyin edən hökumətin arxasında idi. Dövlət 19-cu əsrdə universitetlərin maliyyələşdirilməsini və beləliklə, idarəetməni öz üzərinə götürməyə başladı. 19-cu əsrdə Uppsala və Lundda iki universitet var idi. Onların fəaliyyəti ilk dəfə 1852-ci il tarixli universitet nizamnaməsi ilə əlaqələndirilmiş, bununla da universitetlərin yurisdiksiyası onlardan alınaraq dövlətə verilmişdir. Qadınlar 1873-cü ildə universitet təhsilinə qəbul edildi: Ellen Fries 1883-cü ildə tarixində ilk qadın həkim oldu.

Karolinska İnstitutu 1810-cu ildə yaradılmış, 1861-ci ildə ona tibb üzrə lisentiad (med.lic) vermək hüququ və 1906-cı ildə doktorluq dərəcəsi vermək hüququ verilmişdir. Bu dövrdə universitet və xəstəxana birləşməklə Karolinska İnstitutut Avropada ilk universitet xəstəxanası olmuşdur. 19-cu əsrdə bir neçə universitet yaradılmışdır: Stokholm Universiteti, Höteborg Universiteti, Chalmers və KTH. 20-ci əsrin ilk illərində Umea Universiteti, Luleo Universiteti, Karlstad Universiteti, Jönköping Universiteti, Örebro Universiteti, Mid University of Sundsvall, Södertorn Högskola, Högskolan i Boros və bir çox başqaları, biznes məktəbləri, kənd təsərrüfatı məktəbləri və Hərbi Akademiya yaradıldı.

Bu təcrübə səbəbindən İsveç universitetləri ilə əməkdaşlıq edib təcrübələrindən bəhrələnmək bizim üçün məqsədəuyğundur. Bu səbəbdən Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) 2022-ci ilin yanvar ayında Ali Təhsildə ERASMUS + KA2 Potensialın Gücləndirilməsi layihəsinə müraciət etməyi planlaşdırdığında mənə edilən müraciət əsasında, UNEC ilə o zaman çalışdığım İsveçin KTH-si (Royal University of Technology) arasında əməkdaşlığın yaranmasında, çox böyük və əhatəli əməkdaşlıq müqaviləsinin bağlanmasında birbaşa rolum olduğu üçün sevinirəm. Layihənin məqsədi Bərpa Olunan Enerji Mənbələri (RES) və enerji səmərəliliyi sahəsində akademik heyətin potensialını artırmaq, mövcud tədris proqramlarını yeniləməkdir. Enerji ölkəsi kimi Azərbaycan ənənəvi enerji mənbələrindən çox asılıdır, lakin tədqiqatlar göstərir ki, ölkənin RES-də böyük potensialı var və ondan istifadə edilmir. Əsas məqsəd RES-də yerli insan kapitalını stimullaşdırmaq və layihə vasitəsilə hökumət-akademiya-sənaye əməkdaşlığını gücləndirməkdir. 2022-ci ildə UNEC ERASMUS KA2 layihəsi çərçivəsində təklifdə bizə qoşulacaq Avropa İttifaqına üzv dövlətdən tərəfdaş universitet axtarırdı. Araşdırma aparmış və KTH (Kral Texnologiya İnstitutu) haqqında məlumat tapmışdırlar. KTH-nin KTH və digər dörd Avropa universiteti tərəfindən təklif olunan Bərpa Olunan Enerji proqramında MS-də iştirak etdiyini görmüşdürlər. Sənaye Mühəndisliyi və İdarəetmə Məktəbinin Enerji Texnologiyaları Departamentinin professor-müəllim heyəti bərpa olunan resurslar sahəsində tədris və tədqiqat işləri ilə məşğuldur.

Hörmətli forum iştirakçıları! Hesab edirəm ki, DAAB konsepsiyası sayəsində belə nümunələrimiz, layihələrimiz, uğurlarımız qarşıda daha çox və daha səmərəli olacaqdır.

Elmi tədqiqat davamiyyətli cəmiyyətin inkişafının əsasını təşkil edən bilik və biliklərin qurulması üçün təməl təşkil edir. AGENDA 2030 proqramında tərtib edilmiş davamiyyətli inkişaf naminə qlobal məqsədlərə nail olmaq üçün tədqiqat bizim fikrimizcə mərkəzi rola malikdir (USA. About the Sustainable Development Goals. 2019. )

Beynəlxalq nöqteyi-nəzərdən İsveç bir neçə ildir ki, tədqiqat və inkişafa böyük resurslar yatırır. 2017-ci ildə İsveçdə elmi-tədqiqat və təkmilləşdirməyə ümumi xərclər Ümumi daxili məhsulun (Gross Domestic Product (GDP)) 3,3 faizini təşkil edib. Bu o deməkdir ki, İsveç Aİ-nin 3 faizlik hədəfini üstələyir və GDP-yə nisbətdə elmi-tədqiqata, təkmilləşdirməyə ən çox xərc çəkən OECD ölkələrindən biridir.

İsveç əhalisi arasında tədqiqatçıların yüksək nisbətinə malik ölkədir. Digər Skandinaviya ölkələri ilə birlikdə İsveç əhalisinin təqribən 0,75 faizi tədqiqatçı kimi çalışır. Bunu Hollandiya, İsveçrə, Böyük Britaniya və Almaniya kimi ölkələrlə müqayisə etmək olar, onlarda müvafiq faiz 0,4-0,5 faiz arasındadır. Əhaliyə düşən elmi nəşrlərin nisbətinə gəldikdə belə, İsveç yüksək yerləri tutur.

2015–2017-ci illər ərzində İsveçdə hər min nəfər əhaliyə, təxminən, 1,6 ədəd dərc edilmiş elmi məqalə düşür. Bu göstərici ilə İsveç yalnız Danimarka və İsveçrədən geridə durur, lakin Hollandiya, Böyük Britaniya, ABŞ və Almaniyanı qabaqlayır. İsveç həmçinin biliyə və tədqiqata böyük inamla səciyyələnir ki, bu da tədqiqatın ictimai problemləri həll etmək bacarığı üçün vacib şərtdir. İsveçin beynəlxalq miqyasda aparıcı tədqiqat ölkəsi olması üçün şərait buna görə yaxşıdır.

Dəyərli alimlər! Gələcəyin tədqiqat sistemi üçün İsveç tədqiqat sistemi problemlər və irəliləmə yollarını təqdim edir. Tədqiqat cəmiyyətin inkişafı, biznesin rəqabət qabiliyyəti və dünyanın üzləşdiyi sosial çağırışların öhdəsindən gəlmək üçün əsas olan biliklərin başlanğıc nöqtəsidir. Qarşıya qoyduğumuz məqsədlərə nail olmaq üçün bütün tədqiqatlar yüksək keyfiyyəti qoruyub saxlamalıdır, bu isə o deməkdir ki, biz mükəmməlliyə üstünlük verməliyik. İstər İsveç tədqiqatının keyfiyyətinin gücləndirilməsi, istərsə də bilikdə yeni sıçrayışlar üçün əsas şərt fərdi tədqiqatçının bütünlüyü və azadlığıdır. Eyni zamanda, cəmiyyətin tədqiqata və tədqiqatçılara yüksək etimadını qorumaq üçün şəffaflığın artırılması və yaxşı tədqiqat təcrübəsi ilə bağlı əsas konsensusun olması çox vacibdir.

İsveçin tədqiqat siyasətində əsas məqsəd uzun müddətdir ki, İsveçin dünyanın aparıcı tədqiqat və innovasiya ölkələrindən biri və aparıcı bilik ölkəsi olmasıdır. Bu gün dövlətimizin dəstəyi və çağırışı ilə burada olmağımız Azərbaycan Respublikasının da eyni məqsədi daşımasıdır! Və bizlər bütün gücümüzlə bu işdə yaxından iştirak etməliyik! Əlbəttə, burada hər iki ölkənin başlanğıc nöqtəsi ondan ibarətdir ki, yüksək keyfiyyətli tədqiqat, innovasiya və ali təhsil cəmiyyətin inkişafı və rifahına, iş dünyasının rəqabət qabiliyyətinə əsaslı şəkildə töhfə vermək və həm İsveçdə, Azərbaycanda, həm də qlobal miqyasda üzləşdiyimiz ictimai çağırışlara cavab verməkdir.

İsveç uzun illərdir ki, GDP-yə nisbətdə geniş elmi-tədqiqat və inkişaf xərcləri ilə tədqiqat və inkişafa böyük sərmayə qoyub. Beynəlxalq müqayisədə İsveç həm də tədqiqatçıların yüksək nisbətinə, adambaşına düşən elmi nəşrlərin yüksək nisbətinə görə seçilən və tədqiqata yüksək etimadı olan bir ölkədir. Bu rəhbər prinsiplərə əsaslanaraq İsveç Tədqiqat Şurası dünya səviyyəli İsveç tədqiqat sistemi üçün xüsusilə vacib olan on iki məqamı müəyyən etmişdir. Onları sizlər üçün səsləndirməkdə məqsədim həmin məqamların Azərbaycan üçün də yerinə düşdüyünü vurğulamaq istəməyimdir.

1. Tədqiqatçının təşəbbüsü ilə aparılan tədqiqatlar və azad tədqiqatçılar: Azad tədqiqatçılar və azad marağa əsaslanan tədqiqatlar yeni biliklərin, innovasiyaların və cəmiyyətin inkişafının əsasını təşkil edir. Cəmiyyətin uzunmüddətli inkişafı üçün şərait yaratmaqda azad tədqiqat dəstəyi gücləndirilməli, milli və ya beynəlxalq müsabiqələrdə ekspertlər tərəfindən qiymətləndirilən tədqiqatın keyfiyyətinə əsaslanaraq bölüşdürülməlidir.

2. Extern maliyyələşdirmə və əsas maliyyələşdirmə: İsveç tədqiqat keyfiyyətinin inkişafını təmin etmək üçün extern maliyyələşdirmə tələb olunur. Əsas maliyyələşdirmənin başlıca məqsədi ən yaxşı tədqiqatçıları daha yaxşı, daha uzunmüddətli və sabit şərtlərlə təmin etmək olmalıdır. Baza ayırmaları və hökumətin extern maliyyələşdirməsi arasında qarşılıqlı əlaqə aydın rolların bölüşdürülməsini və müxtəlif fondlardan necə istifadə olunduğuna dair aydın mənzərəni nəzərdə tutur.

3. Tədqiqat infrastrukturu: Qabaqcıl tədqiqat infrastrukturu bir çox hallarda ən yüksək keyfiyyətli tədqiqatların aparılması üçün ilkin şərtdir. Tədqiqat infrastrukturuna çıxışı yaxşılaşdırmaq üçün İsveç Tədqiqat Şurası tədqiqat infrastrukturunun prioritetləşdirilməsi, əlaqələndirilməsi və maliyyələşdirilməsinə cavabdeh rolunu qorumaq və gücləndirmək üçün artan resurslar almalıdır.

4. Görkəmli tədqiqat mühitləri: Yaxşı və yaradıcı tədqiqat mühitləri yüksək keyfiyyətli tədqiqat aparmaq və tədqiqat, təhsil və cəmiyyətin qalan hissəsini əlaqələndirmək üçün mühüm amildir. Tədqiqat mühitinin yaradılması üçün əsas məsuliyyət universitetlərin üzərinə düşür, extern maliyyə isə mühüm tamamlayıcıdır. Universitetlər güclü tədqiqat və təhsil mühiti üçün ən yaxşı şərait yaratmaq naminə daha geniş əməkdaşlıq etməlidirlər.

5. Strateji tədqiqat təşəbbüsləri: Strateji tədqiqat təşəbbüsləri azad maraq əsaslı tədqiqatın vacib tamamlayıcısıdır. Hökumət İsveç Tədqiqat Şurasına strateji tədqiqat səyləri üçün sahələr təklif etmək vəzifəsi ilə yeni strateji tədqiqatlar şurası yaratmaq tapşırığını verməlidir.

6. Dəyərləndirmə və keyfiyyət təminatı: Tədqiqat nəticələrinin dəyərləndirilməsi keyfiyyətə təkan verir. İsveç tədqiqatının ən yüksək elmi keyfiyyətə nail olması üçün bütün tədqiqatlar ekspert tərəfindən nəzərdən keçirilməlidir. Təhsil müəssisələri və milli aktorlar tərəfindən dəyərləndirmələr elə aparılmalıdır ki, bir-birini tamamlasın.

7. Beynəlxalqlaşma: İsveç universitetlərində tədqiqatçıların beynəlxalq əməkdaşlıq və kontekstlərdə iştirak etməsi İsveç tədqiqatının keyfiyyəti və inkişafı üçün çox vacibdir. İsveç həm təhsili, həm də tədqiqatı əhatə edən beynəlmiləlləşmə üçün birgə milli strategiyalar hazırlamalıdır.

8. Karyera yolları və mobillik: İsveç tədqiqatının uzunmüddətli keyfiyyətli inkişafı universitetlər və kolleclər daxilində karyera yolları üçün işlək və aydın sistem tələb edir. Bunun üçün maliyyə, tədqiqat, tədris xidmətləri və mobilliyi nəzərə alan və insan ləyaqətinə əsaslanan işə götürmə sisteminə daha çox resurs yönəldilməlidir.

9. Gender bərabərliyi: Tədqiqatın keyfiyyəti bərabər tədqiqat sistemi ilə gücləndirilir. Buna nail olmaq üçün ali təhsil müəssisələrinin gender bərabərliyinin təşviqi üzrə məsuliyyəti inkişaf etdirilməli və məsələn, əsas qrantların genderlə bağlı necə bölüşdürüldüyünə dair təqiblər vasitəsilə hesabat verilməlidir.

10. Tədqiqatda etika, yaxşı tədqiqat təcrübəsi və səhv davranış: Tədqiqatda etika tədqiqatın həyata keçirilməsi, keyfiyyət və etibarın təməl daşıdır. Tədqiqatın etik müayinələri bütün elmi sahədə və beynəlxalq əməkdaşlıqlarda qənaətbəxş və oxşar şəkildə fəaliyyət göstərməlidir. Yaxşı tədqiqat təcrübəsi üçün milli davranış kodeksi yaradılmalı, tədqiqat etikası məsələləri ilə bağlı məlumatlılıq və biliklər gücləndirilməlidir.

11. Açıq çıxış: Açıq girişə keçidi mümkün etmək üçün tədqiqat sisteminin aktorları arasında həm milli, həm də beynəlxalq səviyyədə dialoq tələb olunur. Elmi nəşrlərə açıq çıxışa keçid nəşrlərdə keyfiyyətə diqqət yetirməklə və tədqiqatçıların etimadnaməsini nəzərə almaqla həyata keçirilməlidir. Tədqiqat məlumatlarına açıq çıxışa keçiddə uğur qazanmaq üçün milli strategiya və artan resurslar tələb olunur.

12. Tədqiqat kommunikasiyası: Elmi prosesin elmi əsaslandırılmış biliyə və anlaşılmasına ehtiyac artır. Tədqiqat kommunikasiyaları ilə iş gücləndirilməli və əlaqələndirilməlidir ki, tədqiqatçılar, universitetlər və tədqiqat maliyyələşdirənlər bir-birini tamamlaya bilsinlər. Bundan əlavə, tədqiqatçılara öz tədqiqatlarını çatdırmağı asanlaşdıran biliklərin ötürülməsi üçün yeni infrastrukturlar inkişaf etdirilməlidir.

Əlbəttə, bilik və tədqiqat cəmiyyətimiz üçün yaxşı iqtisadi inkişafı, gələcək firavanlığımızı və davamlı rifahımızı təmin etmək üçün təməl təşkil edir. Lakin! Bununla belə, biz bilik və tədqiqatın əhəmiyyətinin getdikcə daha çox şübhə altına alındığı – “alternativ” adlandırılan faktların mövcudluğunun sosial müzakirələrdə təkrarlanan mövzu olduğu, bilik və məlumatlara çıxışın fərdiləşdirildiyi bir dövrdə yaşayırıq! Bu da, öz növbəsində, cəmiyyətin biliyə və elmə olan inamına təsir göstərir. Tədqiqatın rolu və onun gələcəkdə hansı rol oynaya biləcəyi barədə məlumatlılığı artırmaq üçün bu gündən daha çox dərəcədə tədqiqatın cəmiyyətin qalan hissəsi ilə açıq əməkdaşlıq şəraitində aparılması vacibdir. Buna cavab vermək və cəmiyyətin inkişafı üçün möhkəm bilik bazası yaratmaq üçün aparılan tədqiqatlar yüksək keyfiyyətlə səciyyələnməlidir.

Forumun gedişatında hər birinizə uğurlar diləyir, diqqətinizə görə təşəkkür edirəm!

Seymur Nəsi̇rov

Seymur Nəsi̇rov

Ərəb mənbələrində Azərbaycan və azərbaycanlılar

Uzun bir tarixi dövr ərzində Azərbaycan tarixi Ərəb-İslam dünyası ilə bağlı olduğu üçün islam mədəniyyətinin mərkəzlərindən biri hesab olunan Misirin məşhur və qədim kitabxanalarında, İslama aid elmi araşdırmalar mərkəzlərinin arxivlərində, xüsusilə də dünyanın ən qədim islam elmi mərkəzi sayılan Əl-Əzhər Universitetinin kitabxanasında Azərbaycana aid çoxsaylı mənbələrə rast gəlmək mümkündür.

Qeyd etmək lazımdır ki, sovet dövründə Azərbaycan alimlərinə bu mənbələrlə daha yaxından işləməyə lazımi şərait yaradılmamış, ideoloji əsasda məhdudiyyətlər qoyulmuşdur. Bir çox hallarda Azərbaycan tarixi, ədəbiyyatı və incəsənəti ilə bağlı olan məlumatlar Moskva və o zaman Leninqrad şərqşünaslıq məktəbləri vasitəsilə Azərbaycana çatdırılmışdır ki, burada da siyasi-ideoloji əsasda təhriflərə yol verilmiş və məhdudiyyətlər tətbiq olunmuşdur.

Nəzərə almaq lazımdır ki, ərəb mənbələrində Azərbaycana və azərbaycanlılara aid mənbələrin yenidən tədqiqi Azərbaycan tarixinə və ədəbiyyatına məlum olmayan adları, faktları ortaya çıxarar, eyni zamanda yaradıcılıqları haqqında səthi məlumatlar olan Azərbaycan alimlərinin yeni əsərləri barədə yeni istinadlar aşkarlana bilər.

Əl-Əzhər Universitetində təhsil aldığım müddət ərzində ərəb mənbələrində Azərbaycana aid olan bəzi tarixi həqiqətlərin üzə çıxarılması və bununla da Azərbaycan tarixinin bizə qaranlıq qalan səhifələrinin yenidən öyrənilməsi işinə töhfə vermək məqsədilə həmin sahədə araşdırmalara başladım. 25 ildən artıq davam edən bu fəaliyyət çərçivəsində minlərlə müxtəlif mənbəyə müraciət edərək, hər bir azərbaycanlıya iftixar hissi verəcək şanlı tariximiz və görkəmli şəxsiyyətlərimiz barədə yeni faktları üzə çıxarmağa nail oldum.

IX əsrin böyük ərəb alimi, ədəbiyyatşünas Abdullah bin Muslim ibn Quteybə “Şeir və şairlər” əsərində Əbu Yəqəzan əl-Cuveyriyyədən nəql edərək yazır: “Mədinə şəhərində yaşayan məvalidən (islam dinini qəbul etmiş qeyri-ərəblərdən) olan bütün şairlərin əsli azərbaycanlıdır”(1).

XI əsr ərəb alimi Əbu Tahir Əs-Siləfi Azərbaycanla Əndəlüs arasında müqayisə apararaq yazır: Azərbaycan ölkəsinin Şərqdəki yeri, elm və ədəbiyyatda Əndəlüsün Qərbdəki yeri kimidir. Bu iki ölkənin əhalisi elm öyrənməyə çox həvəslidir (2).

XIII əsr ərəb alimi İmam Cəzəri isə Azərbaycanın Mərənd şəhəri haqqında yazır: “Azərbaycan elmin hər bir sahəsində dahi alimlər yetişdirmişdir” (3).

Digər Orta əsr ərəb mütəfəkkiri İmam Səməani isə “Əl-Ənsab” (Nəsəblər) əsərində yazmışdır: “Azərbaycan qədimdən ta bu günə qədər alimlər yetişdirən bir diyardır” (4).

Ərəb alimi İbn Aşur “Ət-Təhrir və Ət-Tənvir” (Redaktəetmə və işıqlandırma) adlı təfsir əsərində müqəddəs Qurani-Kərimin “əl-Casiyə” surəsinin on altıncı ayəsində cənnətdə vəsfi verilən xalçanın Azərbaycanla bağlılığı olduğuna işarə etmişdir. Onun təfsirinə görə, həmin ayədə cənnətin Azərbaycan xalçaları ilə döşəndiyi bildirilmişdir.

Qeyd etmək lazımdır ki, İbn Aşur Quran təfsirçiləri arasında xüsusi hörmətə və nüfuza malik olan alimdir. Müəllif “əl-Casiyə” surəsinin on altıncı ayəsini şərh edərkən yazır ki, burada işlənən “zərabiy” “zərbiyə” kəlməsinin cəmi olaraq, “boyanmış”, “yumşaq yundan toxunmuş kilim” və ya “xalça” mənasındadır. Xalçanı varlı və maddi durumu yüksək olan insanların bəzək və üzərində oturmaq üçün yerə sərdiklərini yazan İbn Aşur “zərbiyə” kəlməsi ilə ərəb dilinə xas inversiya olunmuş formada Buxara ölkələrindən olan Azərbaycana işarə edildiyi qənaətindədir. Belə ki “Zurbiyyə” kəlməsinin kar “z” samiti ilə işlənən “Əzribiyyə”yə işarə olduğunu yazan alim “a” hərfinin silinməsinin tələffüzü asanlaşdırmaq üçün ərəb dilində geniş yayılmış fonetik qayda olduğunu qeyd edir (5).

Ərəb dilinin fonetik quruluşu və qrammatikası baxımından tutarlı dəlillər gətirən İbn Aşurun bu təfsiri ilə hamı hesablaşır. Digər tərəfdən, Azərbaycanın qədim xalçaçılıq sənətinin dünyada şöhrət qazandığını və bu ənənələrin günümüzə qədər gəlib çatdığını nəzərə alsaq, burada məntiqi əlaqənin təməlini görərik. Əlbəttə, İbn Aşurun təfsirinə istinadən sözügedən ayənin Azərbaycanla bağlı hər hansı bir ehtimalı ortaya qoyması xüsusi əhəmiyyət kəsb edə bilər.

XIII–XIV əsrlərdə yaşamış coğrafiyaşünas alim əl-Qəzvini “Asar əl-Bilad və Əxbar əl-İbad” (Ölkələrdən nişanələr və bəndələrdən xəbərlər) əsərində Hz. Məhəmmədin (s) hədisində Savalan dağından danışarkən Azərbaycan adının qeyd olunduğu rəvayəti nəql edir (6).

Qəzvini eyni mənbədə Azərbaycanın qədim şəhəri Gəncə haqqında yazarkən dahi Azərbaycan şairi Əbu Məhəmməd Nizamidən (Nizami Gəncəvidən) bəhs edir. Gəncənin coğrafiyası, tarixi və sakinlərinin əsas məşğuliyyətindən danışan alim Əbu Məhəmməd Nizaminin dahi və müdrik şair olduğunu və onun “Xosrov və Şirin”, “Leyli və Məcnun”, “Sirlər xəzinəsi” və “Yeddi gözəl” kimi əsərlərinin olduğunu yazaraq, Nizaminin hicri tarixi ilə təqribən 590-cı ildə vəfat etdiyini qeyd edir (7).

XIII əsrdə yaşamış böyük ərəb coğrafiyaşünası Məhəmməd bin Əbdul Munim Himyəri qələmə aldığı “Ər-Raudu əl-Mitar fi Xəbəri əl-Əqtar”(Ölkələrdən xəbər verən ətirli bağça) əsərində xəlifə Əbubəkrin özündən sonra Hz. Öməri xəlifə təyin etmək istədiyində Azərbaycan yununun adını çəkdiyini yazmışdır. Bundan başqa, Himyəri Azərbaycan haqqında məlumat verərkən azərbaycanlıların elmə bağlı olduqlarını və elmin müxtəlif sahələrində şöhrət tapdıqlarını xüsusilə qeyd etmişdir (8).

Azərbaycana aid mənbələrdə rast gəlinməyən digər maraqlı fakt isə ərəb tarixi mənbələrində Səlib yürüşlərinin qarşısının alınmasında, müsəlman torpaqlarının işğaldan azad edilməsində mühüm xidmətləri olmuş sərkərdə Sultan Səlahəddin Əyyubinin Azərbaycandan olması barəsində söylənilən fikirlərdir. XVI əsrin əvvəllərində yaşamış ensiklopedik biliyə malik ərəb alimi İbn Xallikən “Vəfiyyətu əl-Əyani və Ənbəi Əbnəi əz-Zəmən” (Tanınmış adamların vəfatları və zaman övladlarının xəbərləri) əsərində yazır ki, bütün tarixi mənbələrə görə, Sultan Səlahəddin Əyyubi və əyyubilər ailəsi Azərbaycanın qərbində yerləşən, gürcülərin ölkəsinə yaxın Dvin şəhərindəndir (9).

Həmçinin XIII əsrin ikinci yarısında yaşamış tarixşünas alim İbn əl-Əsir (10), XIV əsrdə yaşayıb yaratmış İmam Zəhəbi (11), XV əsrin əvvəllərində yaşamış Təğriberdi və başqaları Səlahəddin Əyyubinin Azərbaycandan olduğu qənaətindədirlər (12).

ƏDƏBİYYAT

  • Əbu Məhəmməd Abdullah ibn Muslim ibn Quteybə – “Əş-Şiir və əş-Şuəra” (Şer və şairlər). “Dəru əl-Məarifi” (Maarif evi) nəşriyyatı , Qahirə : 577
  • Əhməd ibn Məhəmməd əl-Muqri əl-Təlməsani – “Nafhu ət-Tib min Ğusni əl-Əndəlusi ər-Rətib” (Yaş Əndəlos budağından ətirli qoxu) ,”Dəru Sadir” (Sadir evi) nəşriyyatı , Beyrut: 3/224
  • Əli ibn Mahmud əş-Şeybani əl-Cəzəri – “Əl-lubab fi Təhzibi əl-Ənsəb”(Nəsəblərin düzgün tərtibində seçilmiş əsər) ,”Dəru Sadir” (Sadir evi), Beyrut. 3/198
  • Abdulkərim ibn  Məhəmməd ət-Təmimi əs-Səməani – “Əl-Ənsəb”(Nəsəblər) , “Dər əl-cinan” “Mərkəz əl-Xədəmət və əl-Əbhəs əs-Səqafiyyə” (Mədəni xidmətlər və araşdırmalar mərkəzi nəşriyyatı):  5/261
  • Məhəmməd ət-Tahir ibn Aşur ət-Tunisi – “Ət-təhrir və ət-tənvir” (Redaktəetmə və işıqlandırma), “Muəssəsə ət-Tarix əl-Ərəbi” (ərəb tarixi müəssisəsi), Beyrut .30/268
  • Zəkəriyyə ibn  Mahmud ibn Mahmud əl-Qazvini – “Asaru əl-Biləd və Əxbaru əl-İbəd”(Ölkələrdən nişanələr və bəndələrdən xəbərlər), “Dəru Sadir” (Sadir evi) nəşriyyatı , Beyrut.: 284
  • Zəkəriyyə ibn  Mahmud ibn Mahmud əl-Qazvini – “Asaru əl-Biləd və Əxbaru əl-İbəd” (Ölkələrdən nişanələr və bəndələrdən xəbərlər),”Dəru Sadir” (Sadir evi), nəşriyyatı, Beyrut. 523
  • Məhəmməd ibn Abdulmunim əl-Himyəri – “Ər-Raudu əl-Mitar fi Xəbəri əl-Əqtar”(Ölkələrdən xəbər verən ətirli bağça) , “Muəssəsə Nasir Lissəqafə” (Nasir mədəniyyət müəssisəsi) , Beyrut.1/20.
  • Əhməd ibn Muhamməd ibn Xallikən –”Vəfiyyətu əl-Əyani və Ənbəi Əbnəi əz-Zəmən”(Tanınmış adamların vəfatları və zaman övladlarının xəbərləri), “Dəru əs-səqafə” (Mədəniyyət evi) nəşriyyatı, Livan.  1/259
  • İbn Əl-Əsir  Ali ibn Məhəmməd əş-Şeybani – “Əl-Kəmil fi ət-Tərix” (Tarixdə kamil əsər”), “Dəru əl-Kutub əl-İlmiyyə” (Elmi kitablar evi) nəşriyyatı, Beyrut.10/16
  • Mahmud ibn Əhməd əz-Zəhəbi –”Siyər Əələmi ən-Nubələi” (Görkəmli şəxslərin həyatı), “Muəssətu ər-Risalə” (məktub müəssisəsi). 21/278
  • Yusif ibn Təğriberdi Əl-Atabəki – “Mərəddu əl-Lətafə”(Lütfkarlığın dönüş yeri) – “Dəru əl-Kutubi əl-Məsriyyə” (Misir kitabları evi) nəşriyyatı , Qahirə, 1997-ci il. 2/3

Toğrul İsmayil

Toğrul İsmayil

Azərbaycan və Türkiyə arasında elm və təhsil sahəsindəki əməkdaşlıq məsələlərinə aktual yanaşma

Azərbaycan və Türkiyə arasında elm və təhsil sahəsindəki əməkdaşlıq illər boyu möhkəmlənmiş və strateji əhəmiyyət daşıyan bir əlaqə olaraq davam etmişdir. Hər iki ölkənin tarixi, mədəni və dil baxımından yaxınlıqları bu sahədə əməkdaşlığın inkişafına təkan vermişdir. Aşağıda bu əməkdaşlığın aktual istiqamətləri və əsas aspektləri təqdim olunur:

1. Müqavilələr və protokollar

Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası: Azərbaycan və Türkiyə arasında 2011-ci ildə təsis edilmiş bu şura iki ölkə arasında təhsil və elmi əməkdaşlığı gücləndirmək üçün bir platforma yaradır. Müxtəlif razılaşmalar çərçivəsində təhsil mübadiləsi, tədqiqat layihələri və birgə proqramların təşviqi ilə bağlı konkret addımlar atılmışdır.

YÖK (Türkiyə Ali Təhsil Qurumu) və Azərbaycan Təhsil Nazirliyi arasındakı anlaşmalar: Bu anlaşmalar çərçivəsində universitetlər arasında tələbə və müəllim mübadiləsi, birgə elmi tədqiqatlar və proqramlar həyata keçirilir.

2. Universitetlərarası əməkdaşlıq

Birgə Təhsil Proqramları: Azərbaycan və Türkiyənin bir çox universitetləri arasında tələbə və müəllim mübadiləsi proqramları fəaliyyət göstərir. Bu proqramlar tələbələrin hər iki ölkədə təhsil almasına, təcrübə keçməsinə və iki ölkənin akademik standartlarına uyğun tədris almasına imkan yaradır.

Türk Dünyası Universitetlər Birliyi: Bu birlik Azərbaycan və Türkiyə də daxil olmaqla, Türk dövlətləri arasında təhsil sahəsində əməkdaşlığı təşviq etmək üçün yaradılmışdır. Birlik çərçivəsində müxtəlif seminarlar, konfranslar və birgə layihələr təşkil olunur.

3. Tələbə mübadiləsi və təqaüdlər

Azərbaycanlı tələbələr üçün Türkiyə təqaüdləri: Hər il minlərlə azərbaycanlı tələbə Türkiyədə müxtəlif sahələr üzrə bakalavr, magistr və doktorantura təhsilinə qəbul olur. Türkiyə hökuməti azərbaycanlı tələbələrə müxtəlif təqaüdlər və maliyyə dəstəyi təklif edir.

ERASMUS+ proqramı: Bu proqram çərçivəsində Azərbaycan və Türkiyə universitetləri arasında tələbə mübadiləsi və qısamüddətli təhsil imkanları təmin edilir. ERASMUS+ azərbaycanlı tələbələrə Avropa ölkələrində təhsil alma imkanı verir və Türkiyə bu proqramda fəal rol oynayır.

4. Elmi tədqiqat və innovasiya əməkdaşlığı

Birgə tədqiqat layihələri: Azərbaycan və Türkiyə alimləri müxtəlif sahələrdə, xüsusən enerji, mühəndislik, texnologiya və humanitar sahələrdə birgə tədqiqat layihələri həyata keçirirlər.

Texnoparklar və innovasiya mərkəzləri: Türkiyə və Azərbaycanda fəaliyyət göstərən texnoparklar və innovasiya mərkəzləri arasında əməkdaşlıq qurulmuşdur. Bu əməkdaşlıq çərçivəsində startaplar və innovativ layihələr dəstəklənir.

5. Mədəniyyət və dil əlaqələri

Türkiyə türk dili və mədəniyyət institutları: Bu institutlar Azərbaycanda türk dilinin və mədəniyyətinin tədrisi və təbliği ilə məşğuldur. Eyni zamanda Azərbaycanda türk dili və ədəbiyyatı sahəsində fəaliyyət göstərən mərkəzlər mövcuddur.

Türkiyədə Azərbaycan dili və mədəniyyət mərkəzləri: Bu mərkəzlər Türkiyədə Azərbaycan dili və mədəniyyətinin tədrisi, təbliği ilə məşğuldur, mədəni tədbirlər təşkil edir və iki ölkə arasında mədəni əlaqələrin güclənməsinə dəstək verir.

6. Gələcək perspektivlər

İki ölkə arasında akademik və elmi əməkdaşlığın genişlənməsi: Azərbaycan və Türkiyə təhsil nazirlikləri arasında əməkdaşlıq müqavilələrinin yenilənməsi, genişləndirilməsi planlaşdırılır. Yeni birgə tədqiqat layihələrinin başlanması və yeni təhsil proqramlarının həyata keçirilməsi gözlənilir.

Rəqəmsal təhsil platformaları və onlayn kurslar: Müasir texnologiyaların istifadəsi ilə hər iki ölkənin universitetləri arasında onlayn kurslar və virtual təhsil proqramları təşviq olunur.

Azərbaycan və Türkiyə arasında elm və təhsil sahəsində əməkdaşlıq iki qardaş ölkənin gələcəkdə də davam edəcək güclü əlaqələrinin təməlini təşkil edir. Bu əməkdaşlıq gənc nəslin daha yaxşı təhsil almasına və hər iki ölkənin elmi inkişafına töhfə verəcəkdir.

Azərbaycan və Türkiyə arasında elmi əməkdaşlıq çox güclü mədəni əlaqələr və ortaq tarixi keçmiş sayəsində perspektivli bir sahədir. Lakin bu sahədə müəyyən çətinliklər və problemlər yarana bilər. Əsas problemlər bunlardır:

  • Maliyyə və resurs çatışmazlığı: Elmi layihələrin həyata keçirilməsi üçün kifayət qədər maliyyə dəstəyinin təmin edilməməsi əməkdaşlığı məhdudlaşdıra bilər. İki ölkə arasında əməkdaşlıq daha çox vəsaitlə dəstəklənməlidir.
  • Bürokratik maneələr: Akademik əməkdaşlıqlarda vizalar və yaşayış icazələri kimi bürokratik proseslərin mürəkkəbliyi tədqiqatçı mübadiləsini çətinləşdirə, tədqiqat vaxtlarına təsir edə bilər.
  • İnfrastruktur və texnoloji çatışmazlıqlar: Türkiyə son illərdə tədqiqat infrastrukturunu inkişaf etdirməkdə böyük addımlar atsa da, bəzi sahələrdə lazımi infrastruktur və texnoloji imkanlar hələ də qeyri-kafi ola bilər. Oxşar infrastruktur problemləri Azərbaycanda da yaşana bilər.
  • Dil və ünsiyyət maneələri: Türk və Azərbaycan dilləri yaxın dil olsa da, akademik yazışmalar və terminoloji fərqlər ünsiyyəti çətinləşdirə bilər. Birgə layihələrdə dil uyğunluğu problemləri ola bilər. Buna diqqət edilməsi vacibdir.
  • Strateji Planlaşdırmanın olmaması: İki ölkə arasında müəyyən tədqiqat sahələrində uzunmüddətli strateji planlar və məqsədlər tam olaraq müəyyən edilməmiş ola və bu, elmi əməkdaşlığın davamlılığına mənfi təsir göstərə bilər.
  • Akademik standartların uyğunlaşdırılması: Akademik standartlar və meyarlar iki ölkədə fərqli ola bilər. Bu uyğunsuzluq birgə tədqiqat layihələrində və ya nəşrlərdə problemlər yarada bilər.

Bu cür problemlər daha güclü koordinasiya, siyasətin uyğunlaşdırılması və ümumi məqsədlərin müəyyən edilməsi ilə aradan qaldırıla bilər. İki ölkə arasında əməkdaşlıq potensialı qiymətləndirildikdə mövcud problemlərin həlli ilə elmi əməkdaşlığı daha da inkişaf etdirmək olar.

Eyni zamanda Türkiyədə yaşayan Azərbaycanəsilli alimlər müxtəlif elmi sahələrdə mühüm töhfələr veriblər. Bu elm adamları akademik aləmdə və tədqiqat mərkəzlərində, xüsusilə mühəndislik, tibb, sosial elmlər və fizika elmləri kimi sahələrdə diqqətəlayiq tədqiqatlar aparmışlar.

1. Nəşrlər və beynəlxalq əməkdaşlıqlar

Türkiyədəki Azərbaycanəsilli alimlər beynəlxalq jurnallarda çoxlu elmi məqalə dərc etdirmiş, müxtəlif konfranslarda məruzələrlə çıxış etmişlər. Bu nəşrlər Azərbaycan və Türkiyə arasında elmi əməkdaşlığı gücləndirmiş və iki ölkənin akademik dünyada tanınmasını artırmışdır.

Bundan əlavə, bu alimlər beynəlxalq tədqiqat layihələrində iştirak edərək qlobal elmi şəbəkələrə inteqrasiya və biliklərin mübadiləsində mühüm rol oynamışlar.

2. Təhsil və akademik töhfələr

Türkiyədə universitetlərdə çalışan azərbaycanlı alimlər tələbələrə mühazirə oxumaqla, elmi işləri aparmaqla yeni nəsil alimlərin yetişdirilməsinə öz töhfələrini verirlər. Bu elm xadimləri müxtəlif tədqiqat mərkəzlərində və laboratoriyalarda layihələr həyata keçirərək elmi tədqiqatların inkişafına da öz töhfələrini verirlər.

Türkiyədə yaşayan Azərbaycanəsilli alimlər iki ölkə arasında möhkəm mədəni və akademik əlaqələri daha da möhkəmləndirərək elmə və bəşəriyyətə dəyərli töhfələr verməkdə davam edirlər.

Toğrul Kəri̇mov

Toğrul Kəri̇mov

Sənaye inqilablarında müasir riyazi metodların rolu

Hörmətli xanımlar və cənablar,

İcazə verin Azərbaycan elmi ictimaiyyətinin həyatında çox əlamətdar hadisə olan bugünkü forumun iştirakçılarını salamlayım, belə mühüm əhəmiyyət kəsb edən tədbirin keçirilməsi təşəbbüsünü irəli sürən alimlərimizə və təşkilatçılara öz təşəkkürümü bildirim.

Sizə sənaye inqilablarında müasir riyaziyyatın rolu haqqında danışmaq istərdim.

Ölkəmiz öz zəngin resursları, kadr potensialı və uğurlu xarici siyasəti ilə dünya iqtisadi sisteminə getdikcə daha çox inteqrasiya olunur və hazırda 4-cü sənaye inqilabını yaşayır. Dövlətimizin başçısı cənab İlham Əliyev bu prosesə çox böyük önəm verir. Cəmiyyətin və iqtisadiyyatımızın bu çağırışlara hazır olması üçün hökumət qarşısında konkret vəzifələr müəyyən edilmişdir.

Sənaye inqilablarını qısaca xatırlayaq. 1-ci sənaye inqilabı buxar maşınının, 2-ci sənaye inqilabı dәmir yolları vә teleqrafın yaranması, 3-cü inqilab isə rabitə və sənaye proseslәrinin rəqəmsallaşdırılması ilə səciyyələnir. Bu inqilablar ayrı-ayrı iqtisadi, texnoloji və sosial sistemlərdə ciddi keyfiyyət dəyişikliklərinə səbəb olmuşdur.

Hazırkı dövrdə 4-cü sənaye inqilabı (Sənaye 4.0) baş verməkdədir ki, bu da süni intellekt, әşyaların interneti (IoT), kiber-fiziki sistemlərin meydana gəlməsi və onların insanların həyatına təsirinin artması ilə səciyyələnir.

Yaxın gələcəkdə 5-ci sənaye inqilabı da gözlənilir. Avropa Birliyinin təbirincə desək, bu zaman sənaye dəyərlərinin insan dəyərlərinə uyğunlaşdırılması baş verəcək.

Hazırda dünyada kiber-fiziki sistemlərin mövcudluğunun və iştirakının sürətlə artması baş verir. Nümunə olaraq müasir avtomobili göstərmək olar. Burada kiber – alqoritmlər, verilənlərin təhlili, qərar qəbul etmə, fiziki ifadəsi isə mexaniki hissələr, koordinatlar, enerji mənasını verir.

Sistemin proqram təminatı spesifikasiyasını (burada: “Avtomobilin sürəti verilmiş aralıqda tənzimlənsin”) yerinə yetirmək üçün mexaniki hissələri idarə edir.

Müasir tədqiqatların qarşısında duran ən vacib vəzifə kiber-fiziki sistemlər üçün zəmanətli alqoritmlərin hazırlanmasıdır.

  • Verilənlər: sistemin modeli, tələb olunan spesifikasiyalardır.
  • Nəticə: sistemi idarə edən proqram və ya zəmanətin (“Sistem, ən azı, 99.9% ehtimalla tələbləri təhlükəsiz şəkildə yerinə yetirir”) işlənib-hazırlanmasıdır.

Bu alqoritmlərin və zəmanətlərin əldə edilməsi hüquqi baxımdan da vacibdir: özü hərəkət edən avtomobil nə zaman istifadəyə buraxıla bilər?

Riyazi metodlar

Sistemlərin fiziki komponenti diferensial tənliklər vasitəsilə modelləşdirilir → klassik tədqiqat sahəsi

Sənaye 4.0 üçün tələb olunan alqoritmlər

  • Verilən: diferensial tənlik, xassə (“t-nin bütün qiymətləri üçün 2x(t) + 3y(t) > 1”)
  • Nəticə: verilən tənliyin həlli verilən xassəyə malikdirmi?

Son on ildə əldə olunmuș nəticələr

  • Bu alqoritmlərin yaradılması ədədlər nəzəriyyəsi və Diofant approksimasiyasında Fields mükafatına layiq görülmüş nəticələr tələb edir! (Məsələn, Baker teoremi.)
  • Bu əlaqə iki istiqamətlidir: bəzi kiber-fiziki sistemlərin doğruluğunu və təhlükəsizliyini təmin edən alqoritmləri sintez edə bilsək, ədədlər nəzəriyyəsində yeniliklərə nail olacağıq. (Məsələn, Skolem probleminin həlli, “p-adic subspace” teoreminin effektiv versiyası).

Mənim tədqiqat sahəm

Kompüter elmlərinin nəzəriyyəsi, müasir ədədlər nəzəriyyəsinin kiber-fiziki sistemlərə tətbiqi, bu sistemlər üçün sürətli alqoritmlərin yaradılması

Qısa xülasə: Kiber-fiziki sistemlərin aktual alqoritmik problemləri ədədlər nəzəriyyəsinin aktual problemləri ilə sıx bağlıdır.

Xədicə Zeynalova

Xədicə Zeynalova

Qlobal mədəni əlaqələr, Azərbaycan mədəniyyətinin və zəngin musiqi tarixinin dünya miqyasında tanıdılması və təbliği

Hörmətli forum iştirakçıları!

Əziz qonaqlar!

Mən öncə Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin forumunun nümayəndələrini və qonaqlarını salamlayır və hər bir iştirakçıya uğurlar diləyirəm.

Çıxışım “Qlobal mədəni əlaqələr, Azərbaycan mədəniyyətinin, zəngin musiqi tarixinin dünya miqyasında tanıdılması və təbliği” mövzusundadır.

Azərbaycan qədim mədəniyyətə malik bir ölkədir. Tarixə nəzər salsaq, Avropa ilə Asiyanın kəsişməsində yerləşən bu ölkənin mədəniyyəti, folkloru əsrlərə söykənir.

Bizim zəngin musiqimiz, aşıq sənətimiz, muğamlarımız, şifahi xalq ədəbiyyatımız, Şərqdə ilk operanın yaradılması – bütün bunlar Azərbaycan xalqına məxsusdur.

Son dövrlər Heydər Əliyev Fondunun gördüyü qlobal işlər – muğamımızın dünyada tanıdılması, tarixi abidələrimizin, musiqi alətlərimizin UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilməsi çox mühüm təqdirəlayiq işlərdəndir. Mədəniyyət Nazirliyinin, Dövlət Diaspor Komitəsinin və Fondunun Azərbaycan mədəniyyətinin təbliğində gördüyü işlər danılmazdır.

Son illərdə bu uğurlara baxmayaraq, qlobal mədəni əlaqələri daha da artırmaq məqsədilə və eyni zamanda Azərbaycanın mədəni zənginliklərini dünyaya çatdırmaq üçün məlumatların rəqəmsallaşdırılmasına ehtiyac duyulur.

25 illik musiqişünas, bəstəkarlıq təcrübəmə əsaslanaraq, “Bridge of Sound” təşkilatının, “Harmony of Sound” Beynəlxalq Musiqi Festivalının təsisçisi və bədii rəhbəri olaraq topladığım təcrübə əsasında Azərbaycan mədəniyyətinin dünya miqyasında tanıdılması üçün aşağıdakı strategiyanı təklif etmək istəyirəm:

1. Rəqəmsal platformanın yaradılması

Hesab edirəm ki, ilk növbədə, Azərbaycan mədəniyyətini tanıtmağa imkan verən vahid rəqəmsal platformanın yaradılması zəruridir. Bu platforma Azərbaycan mədəniyyətinin tarixi, ənənələri və musiqisi barədə məlumatları bir araya gətirəcək və yeni resurslarla zənginləşdirəcək.

Azərbaycan mədəniyyəti haqqında bilgi əldə etmək üçün bu platformada bütün zəruri məlumatlar toplanmış olsun.

Fikrimcə, platforma çoxdilli olmalı, incəsənət nümunələri və musiqi əsərlərinin rəqəmsal formatda təqdim edilməsini təmin etməlidir.

2. Rəqəmsal platformanın təbliği və yayımlanması

Platforma fəaliyyətə başladıqdan sonra növbəti mərhələdə qarşıda duran məsələ bu resursların xaricdə təbliğidir. Musiqi sahəsində Azərbaycan bəstəkarlarının əsərlərinin xaricdə nəşri, tərcüməsi və ya CD formatında istehsalı və s. Məqsəd Azərbaycan mədəniyyəti haqqında məlumatları xarici auditoriyaya əlçatan etməkdir.

3. Beynəlxalq əməkdaşlıqların qurulması

Rəqəmsal platforma qurulduqdan sonra universitetlər, institutlar, fondlar və digər təşkilatlarla qarşılıqlı əlaqələr qurmaq çox vacibdir. Bu əməkdaşlıqların məqsədi ölkələrimiz arasında mədəniyyət əlaqələrinin qurulmasıdır. Azərbaycan mədəniyyəti ilə bağlı seminarlar, vorkşoplar keçirmək və bu mübadilələri daha əlçatan etmək üçün qısamüddətli təqaüd proqramları təşkil etmək məqsədəuyğun olardı. Həmçinin Qarabağ Universiteti ilə xarici təhsil ocaqları arasında qarşılıqlı əlaqələrin və proqramların təşkil edilməsi, simpozium və konfransların təşkili çox vacibdir. Xaricdə yaşayan və fəaliyyət göstərən azərbaycanlı musiqiçilərin Qarabağ Universitetində ustad dərslərinin keçirilməsinin təmin olunması da məqsədəuyğundur.

Eyni zamanda müəllif hüquqları sahəsində Azərbaycanın beynəlxalq hüquq təşkilatları ilə əlaqələrini gücləndirmək vacibdir. Almaniyada “GEMA” adlanan müəllif hüquqları beynəlxalq təşkilatı mövcuddur ki, müəlliflərin hüquqlarını qoruyur. Qeyd etmək istərdim ki, mən ilk azərbaycanlı qadın bəstəkar kimi 2007-ci ildən GEMA təşkilatının həqiqi üzvüyəm. Eyni zamanda 1999-cu ildən Azərbaycan Bəstəkarlar İttifaqının həqiqi üzvüyəm.

Beynəlxalq əməkdaşlıqların qurulması həmçinin xarici və yerli CD leybllar, xarici və yerli nəşriyyatlarla əməkdaşlıq proqramı çərçivəsində elmi kitab, dərslik və Azərbaycan bəstəkarlarının əsərlərinin dünyada nəşri ən vacib məsələlərdəndir.

4. Xarici musiqiçilərlə birgə beynəlxalq layihələr və festivallar

Azərbaycan musiqisinin dünya səviyyəsində tanıdılması üçün xarici musiqiçilərlə birgə beynəlxalq layihələr və festivalların təşkili çox vacibdir. Bu layihələr vasitəsilə musiqi mədəniyyətimizin bir-birinə inteqrasiyası və unikal Azərbaycan musiqisinin və mədəniyyətinin qlobal auditoriyalara çatdırılması mümkündür. Mənim təşəbbüsümlə yaradılan “Bridge of Sound” orkestri və “Harmony of Sound” festivalı bu məqsədə xidmət edən uğurlu nümunələrdəndir. Əlbəttə ki, bu işlər çox böyük enerji, güc və zəhmət tələb edir. Mən öz təcrübəmə əsaslanaraq onu qeyd etmək istərdim ki, xaricdə Azərbaycan musiqisinə çox böyük maraq var. Almaniyada fəaliyyət göstərdiyim 20 il ərzində müxtəlif beynəlxalq tədbirlərin, festivalların və layihələrin təşkilatçısı və ideya müəllifi olmuşam. Bu layihələrin həyata keçirilməsi ideyası Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsi və Diaspor Fondu, Almaniyanın Mədəniyyət Nazirliyi tərəfindən rəğbətlə qarşılanır.

Azərbaycanın zəngin musiqi irsini qorumaq, təbliğ etmək və gələcək nəsillərə ötürmək bizim hər birimizin vətəndaşlıq borcudur. Bu istiqamətdə birgə çalışmaqla biz istər elm sahəsində, istərsə də, mədəniyyət sahəsində böyük nailiyyətlər və uğurlar əldə edə bilərik. Mən də, öz növbəmdə, xaricdə topladığım təcrübəni, bilik və bacarıqları qalib Azərbaycanın çiçəklənməsi naminə öz ölkəmdə tətbiq etməyə hazıram.

Diqqətiniz üçün minnətdaram!

Yulduz Rəhi̇mov

Yulduz Rəhi̇mov

Ətraf mühit nümunələrinin proqnozlaşdırılmasında və insan müdaxilələri təsirinin qiymətləndirilməsində riyazi modellərin rolu

Belə bir deyim var: “Eyni çaya iki dəfə girmək qeyri-mümkündür!” Bu atalar sözü dərin məna kəsb edir və ümumilikdə ətraf mühit nümunələrinin proqnozlaşdırılmasında və insan müdaxilələri təsirinin qiymətləndirilməsində riyazi modellərdən istifadənin zəruriliyini əsaslandırır.

Məlumdur ki, 1960-cı illərin sonlarına qədər insan-biosfer münasibətləri sahəsi və biosferdə baş verən ümumi proseslərin öyrənilməsi, sadəcə olaraq, diqqət mərkəzindən kənarda qalmışdır. Elm sahəsinə belə hallar kifayət qədər xarakterikdir: tədqiqatçının gördüyü işdə ən vacib hesab etdiyi nöqtələr bir qayda olaraq başqaları üçün eyni əhəmiyyət kəsb etmir, çünki tədqiqatçının baxış bucağı, adətən, onun oxucularının nöqteyi-nəzərindən fərqli olması istisna edilmir.

Hər hansı bir alim biosferin təkamülü və onun inkişaf prosesləri ilə insan cəmiyyəti prosesləri arasındakı əlaqələrlə bağlı problemlər üzərində işləməyə başlayanda dərhal hiss edir ki, o, müqəddəslərin ən müqəddəsinə toxunmuş olur və əvvəllər onun üçün tamamilə əlçatmaz olan nəyisə görmək ərəfəsindədir.

Hazırda biosfer proseslərinin modelləşdirilməsinə aid tədqiqatlar ildən-ilə daha cəlbedici olmaqdadır. Eyni zamanda biosferin insan cəmiyyəti ilə yanaşı, cansız və orqanik təbiəti də əhatə edən vahid sistem (noosfer) kimi tədqiqi, onların kosmosla qarşılıqlı əlaqəsi həmin tədqiqatların məqsədlərini tam dərk edən və bir-biri ilə bölüşən yüksək səviyyəli həmfikir mütəxəssislərin etibarlı kooperasiyasını tələb edir. Buna görə də bu cür işdə böyük vahid nəzəri və praktiki tədqiqatçı komandasının kollektiv səyləri tələb olunur. Komanda üzvlərinin hər biri komandaya fərdi töhfə verərkən layihənin ümumi məqsədini anlamalı və digər komanda üzvləri ilə sinxron hərəkət etməyi bacarmalıdır.

Məlum olduğu kimi, 2023-cü ildə dünya enerjisinin təqribən yalnız 12–13%-i bərpa olunan mənbələrdən əldə edilib. Buraya təbii təkrar emal prosesində iştirak edən və davamlı hesab olunan günəş, külək, su və biokütlə kimi mənbələrdən alınan enerji də daxildir. Dəqiq faiz rəqəmlər mənbəyindən və hesablamalar üçün istifadə olunan metodologiyadan asılı olaraq bir qədər dəyişə bilər. Eyni zamanda enerjiyə tələbat sürətlə artmaqdadır. 1969-cu ildə adambaşına düşən qlobal enerji istehlakı, təxminən, 7.7 qiqacoul olmaqla bərabər, 2023-cü ildə, təxminən, 82 qiqacoula qədər yüksəlmişdir, yəni həmin müddət ərzində artım faktoru 82/7.7 ≈ 10.6-ya bərabər olmuşdur. Beləliklə, 2023-cü ildə adambaşına düşən qlobal enerji istehlakı 1969-cu ildəkindən, təxminən, 10.6 dəfə çox olmuşdur. 2024-cü ilə qədər bərpa olunan mənbələr, o cümlədən günəş, külək, su və biokütlə mənbələrindən alınan enerji nüvə enerjisi ilə birlikdə ümumdünya illik enerji istehlakının, təxminən, 22–23%-ni təşkil edir.

1960-cı illərin sonlarında alimlər həmin illərdə mövcud olan texnoloji inkişaf səviyyəsində və materialların təbii təkrar emalı şəraitində planetimizin nə qədər insanı təmin edə biləcəyini müəyyən etməyə çalışırdılar. Dəqiq qiymətləndirmə üçün qeyri-müəyyənlik dərəcəsinin çox yüksək olmasına baxmayaraq, bəzi hesablamalar təqribən 500 milyon rəqəmini vermişdir!

O zaman əsaslandırma belə idi: Müşahidə edilmişdir ki, insanların istifadə etdiyi enerjinin yalnız on faizi bərpa oluna bilən mənbələrdən əldə edilən enerjidir, yəni təbii təkrar emal prosesində iştirak edir. Qalan doxsan faizi isə əvvəlki biosferlərin qalıqları anbarından və ya Yerin “doğum” zamanı yaranan radioaktiv materiallar yataqlarından alınır. Buradan belə nəticəyə gəlinirdi ki, Yer kürəsinin bərpa olunmayan ehtiyatlarını qorumaq, onun təbii təkrar emal prosesini pozmamaq və bütün digər canlı orqanizm növləri kimi təbiətlə harmoniyada yaşamaq üçün bəşəriyyət ya öz iştahını ciddi şəkildə cilovlamalıdır, ya bu iştahı təmin etmək üçün yeni texnoloji vasitələr yaratmalı, ya da ki, öz əhalisinin mövcud zaman sayını, təxminən, səkkizdə birə endirməli imiş!

Digər hesablamalara əsasən, 2019-cu ildə dünyada illik enerji istehlakı 1969-cu ildəki 62,949 teravatt-saatdan (TWh) 173,340 TWh-a qədər, yəni üç dəfəyə yaxın artmışdır. Buna görə də yuxarıda qeyd edilmiş nisbətdən istifadə etsək, alınır ki, 2020-ci illərdə təbiətlə harmoniyada yaşamaq üçün bəşəriyyət ya öz iştahasını ciddi surətdə cilovlamalıdır, ya bu iştahanı təmin etmək üçün yeni texnoloji vasitələr yaratmalıdır, ya da ki, əhalisinin 2023-cü ildə mövcud olan sayını təqribən 8 000 000 000 / 3 ≈ 2 666 666 666-ya qədər azaltmalı, yəni, təxminən, 2.7 milyarda endirməlidir!

Yuxarıda göstərilən üç variantdan hansı bizim üçün daha məqbul hesab edilə bilər? Təbii ki, iştahamızın təmin edilməsi üçün yeni texnoloji vasitələrin yaradılması!

1970-ci illərdə elm adamlarının və siyasətçilərin dilində “qlobal problemlər” ifadəsi getdikcə tez-tez istifadə edilməyə başladı və bu problemlərə həsr edilmiş bir neçə göz oxşayan əsərlər meydana çıxdı. Məşhur histoloq, professor Moris Marua tərəfindən yaradılmış Həyat Elmləri Beynəlxalq İnstitutu bu qəbildən olan problemlər üzərində işə başladı və Roma klubu yaradıldı.

Həmin sahəyə həsr edilmiş əsərlər sırasında professor Cey Forresterin, həqiqətən də, qabaqcıl işi olan “Dünya dinamikası” (“World Dynamics”) əsəri idi. Orada Forrester cəmi beş dəyişəndən ibarət olan model vasitəsilə iqtisadiyyatda, demoqrafiyada və ətraf mühitin çirklənməsinin artmasında əsas saydığı prosesləri və onların qarşılıqlı əlaqələrini planetar miqyasda tədqiq etməyə çalışırdı. “Dünya dinamikası” əsərində istifadə olunan funksional asılılıqların çoxu sanki havadan götürülmüşdü və ən xoşniyyətli tənqidlərə belə tab gətirmirdi. Eyni zamanda əsərin elmi dərinliyi qənaətbəxş olmasa da, orada istifadə olunan metodlara görə biosferdə baş verən proseslərin hərtərəfli təsvirinə insan fəaliyyətini daxil etməyə çalışan müəllifin cəsarəti heyranedici idi. Təəssüf ki, əsərdə alternativ yanaşmalar, mürəkkəb dinamik sistemlərin ədədi təhlili haqqında, ümumiyyətlə, heç nə deyilməmişdir.

Bu arada qlobal problemlər, yəni planet miqyaslı problemlər beynəlxalq təşkilatların, xüsusilə UNESCO-nun qayğıları arasında yer almağa başladı. 1971-ci ildə UNESCO rəsmisi professor Fortinin təşəbbüsü ilə Venesiyada qlobal problemlərə dair ilk konfrans keçirildi. Konfransın əsas hadisəsi, Forresterin aspirantı Dennis Medouzun “İnkişaf Məhdudiyyətləri” (“The Limits of Growth”) adlı məruzəsi oldu. Məruzənin sonradan nəşr olunan kitab versiyası “bestseller” olub böyük tirajla nəşr edildi.

Artıq o dövrdə uyğun kompüter modellərinə böyük ehtiyac hiss edilirdi. Onların geniş təbliğinın aparılması vacib idi ki, müasir həyat tərzimizin özü ilə bir çox təhlükələr daşıdığı barədə geniş ictimaiyyət məlumatlandırılsın. Yaxınlaşan fəlakətin xəbərdarlıq edilmədən baş verə biləcəyi, burulğana doğru gedən gəminin kursunu son anda dəyişməyin mümkün olmayacağı xəbərdarlığına mümkün qədər çox insan qulaq asmalı idi.

Ona görə də Medouzun əsərinə həqiqi elmi status vermək çətin idi. O, ali məktəb auditoriyalarında tələbə nümayişləri üçün istifadə edilə bilən bir nümunəni xatırladırdı. Medouzun (və onun müəllimi Forresterin) yanaşmasındakı əsas qüsur ondan ibarət idi ki, o, planetimizdə baş verənlərin faktiki dinamikasını tədqiq etmək üçün öz yanaşmasını həddən artıq ciddi qəbul edir və problemi həll etmək üçün, əslində, bunun kifayət olduğunu düşünürdü. Medouz şübhələrin çoxunun səbəblərini başa düşə bilmirdi. Məsələn, o, hesab edirdi ki, tarazlığın (homeostazın) itirilməsindən sonra müşahidə oluna biləcək eksponensial artım fenomeni yeni bir kəşfdir.

Əslində, problem Medouz və Forresterin texnikasından istifadə edərək planetar inkişafı modelləşdirən digər alimlərin hesab etdiklərindən daha mürəkkəb və çətindir. Problemin düzgün həlli üçün həm təbiət daxilində baş verən, həm də təbiətlə interaktiv olan proseslərin daha etibarlı təsvirinin vacib olduğu başa düşülürdü.

İlk addım olaraq okeanların, atmosferin və biotanın qarşılıqlı təsirini simulyasiya edən və müxtəlif fərdi ssenarilərdə iqtisadiyyatla bağlı insan fəaliyyətini nəzərə alan kompüter modellərinin yaradılması təklif oluna bilərdi. Və bu səpkidə improvizasiya səviyyəsində olsa da, belə bir kompüter simulyasiyası üçün bir plan hazırlamaq zərurəti hiss edilirdi.

Son bir neçə onillikdə bu istiqamətdə mühüm işlər görülmüşdür və biz hal-hazırda iqlim dəyişikliyi ilə bağlı illik qlobal sammit və konfransların şahidi oluruq. Ən sonuncusu 2023-cü il noyabrın 30-dan dekabrın 12-dək BƏƏ-nin Dubay şəhərində keçirilib.

Təmiz enerjiyə keçidi sürətləndirmək məqsədilə COP 28 iqlim konfransında 200-ə yaxın ölkədən nümayəndələr, biznes və maliyyə liderləri, vətəndaş cəmiyyəti nümayəndələri iştirak edirdi. ABŞ prezidentinin həmin dövrdəki xüsusi nümayəndəsi konfransda qeyd etmişdir: “Bu gün müstəsna bir gündür. Biz rəsmi olaraq Paris Sazişinə qayıtdıq – bu, yenidən qlobal iqlim dəyişikliyi səylərinin bir hissəsidir. Heç bir ölkə bu mübarizəni təkbaşına apara bilməz”. O, gələcək məhsuldar illərin və uğurlu görüşlərin də səbirsizliklə gözlənildiyini bildirdi.

Bütün qeyd olunanların ruhuna uyğun olaraq, 2022-ci il oktyabrın 10–12-də Bakıda keçirilmiş ““Yeni yaşıl iqtisadi model”ə keçid: qlobal çağırışlar, imkanlar və perspektivlər” adlı konfrans və “Heydər Əliyev İli” çərçivəsində 15–16 dekabr 2023-cü il tarixlərində Gəncə Dövlət Universitetində keçirilmiş “Milli ekoloji prioritetlər və qlobal iqtisadi təhdidlər: yeni çağırışlar, imkanlar və perspektivlər” mövzusunda beynəlxalq elmi konfransın Azərbaycan sənayesinin bu istiqamətdə inkişafına mühüm töhfə verdiyini müşahidə etməkdəyik.

Kanada Azərbaycanın “yaşıl iqtisadiyyat” yolunda irəliləyişinə əsaslı dəstək göstərə bilər. Bu sahədə nələrin edilməsi, ilk növbədə, vacib olardı:

Bərpa olunan enerji layihələri

Kanada bərpa olunan enerji texnologiyaları, o cümlədən hidroelektrik, külək və günəş enerjisi sahəsində əhəmiyyətli təcrübəyə malikdir. Neft və qaz ehtiyatlarına malik Azərbaycan öz enerji kompleksini şaxələndirmək üçün Kanada texnologiyalarından və “know-how”-sundan faydalana bilər. Günəş fermaları və külək enerjisi qurğuları kimi bərpa olunan enerji layihələrində birgə əməkdaşlıq təşkil edilə bilər.

Enerji effektivliyi texnologiyaları

Kanada enerji səmərəliliyi texnologiyaları və davamlı tikinti təcrübələrindəki irəliləyişləri ilə tanınır. Azərbaycanın sənaye sektorunda və binalarında enerji səmərəliliyini artırmaq üçün bu texnologiyalardan istifadə edilə bilər.

Texnologiya transferi

Kanada alüminium istehsalı üçün yaşıl texnologiyaların işlənib hazırlanması və həyata keçirilməsində liderdir. Buraya istixana qazları emissiyalarının azaldılması və enerji səmərəliliyinin artırılması sahəsində yeniliklər daxildir. Kanada bu sahədə olan texnologiya və qabaqcıl təcrübələrini, o cümlədən daha təmiz enerji mənbələrindən və daha səmərəli proseslərdən istifadə edən qabaqcıl əritmə texnologiyalarını Azərbaycana ötürə bilər.

Tədqiqat və innovasiya

Kanada və Azərbaycan universitetləri və tədqiqat institutları arasında tədqiqat tərəfdaşlığının yaradılması yaşıl texnologiyalarda innovasiyaya təkan verə bilər. Təmiz enerji yanaşmaları, tullantılardan səmərəli istifadə edilməsi və davamlı kənd təsərrüfatı üzrə birgə tədqiqatlar yeni irəliləyişlərə və tətbiqlərə səbəb ola bilər.

Təlim və bacarıqların artırılması

Kanada Azərbaycan mütəxəssislərinə yaşıl texnologiyalar və davamlı təcrübələr üzrə təlim proqramları və seminarlar təklif edə bilər. Buraya karbon idarəçiliyi, ətraf mühitə təsirin qiymətləndirilməsi və yaşıl biznes təcrübələrinə aid biliklərin ötürülməsi daxil ola bilər.

Ətraf mühitin idarə edilməsi və mühafizəsi

Hər iki ölkə biomüxtəlifliyin qorunması, təbii resursların davamlı şəkildə idarə edilməsi və çirklənmə ilə mübarizə layihələrində əməkdaşlıq edə bilər. Birgə təşəbbüslər iqlim dəyişikliyinin təsirlərini azaltmaq üçün təbiətin mühafizəsi layihələrini və strategiyalarını əhatə edə bilər.

Yaşıl maliyyə və investisiya

Kanada inkişaf etmiş yaşıl maliyyə sektoruna və davamlı layihələrin maliyyələşdirilməsində qabaqcıl təcrübəyə malikdir. Azərbaycan ekoloji layihələr üçün yaşıl istiqrazların strukturlaşdırılması və investisiyaların cəlb edilməsində Kanada təcrübəsindən yararlana bilər. Birgə səylər yaşıl layihələr üçün maliyyə alətlərinin və investisiya strategiyalarının hazırlanmasına yönəldilə bilər.

Siyasət inkişafında təcrübələr mübadiləsi

Yaşıl sənayelərin təşviqi üçün ən yaxşı təcrübələrin və siyasət çərçivələrinin mübadiləsi faydalı ola bilər. Kanadanın ətraf mühitlə bağlı qanun və qaydaları, yaşıl siyasətlərin tətbiqi təcrübəsi Azərbaycana davamlı sənaye təcrübələrini təşviq etmək üçün oxşar siyasətlər hazırlamağa və tətbiq etməyə kömək edə bilər.

Davamlı nəqliyyat

Kanada elektrik və hidrogen yanacaq elementli nəqliyyat vasitələrinin inkişafında irəliləyir. Azərbaycan elektromobil infrastrukturu və ictimai tranzit sistemləri də daxil olmaqla, davamlı nəqliyyat texnologiyaları hazırlamaq və tətbiq etmək üçün Kanada şirkətləri ilə əməkdaşlıq edə bilər.

Bu sahələrə diqqət yetirməklə Kanada və Azərbaycan güclü yaşıl iqtisadiyyatı inkişaf etdirə, davamlı inkişaf üçün yeni imkanlar yarada və ekoloji problemləri birgə həll edə bilər.

2024-cü ilin mart ayında Toronto Universitetində “COP 29 üçün birləşmək: Dünyamız – Sizin məsuliyyətiniz – Gələcəyimiz” mövzusunda panel konfransı keçirilmişdir. Bu konfransda apardığımız araşdırmaların iqlim dəyişiklikləri sahəsində potensial tətbiq imkanları xüsusi olaraq vurğulanmışdır.

Prezident İlham Əliyev 2024-cü il martın 2-də Cənub Qaz Dəhlizi Məşvərət Şurası nazirlərin 10-cu iclası və Yaşıl Enerji Məşvərət Şurası nazirlərin 2-ci iclası zamanı “Euronews” telekanalına müsahibəsində bildirmişdir: “Azərbaycan “neft lənəti”ndən yaxa qurtara bildi. COP 29 bizim ortaq “yaşıl” gündəmimizin və məsuliyyət hissimizin bir hissəsidir, çünki qalıq yanacaqlarla zəngin bir ölkə “yaşıl enerji”yə keçid prosesində olan ölkələr arasında ön sıralarda olmalıdır”.

Ümid edirik, DAAB bütün dünyada və xüsusilə Azərbaycan Respublikasında ekoloji tarazlığın qorunması ilə məşğul olan bütün təşkilat və qurumların səylərinin vahid akademik platforma ətrafında birləşməsində layiqli rol oynayacaq. Əldə edilmiş elmi tədqiqat nəticələrinin Azərbaycanda tətbiqinin təşkil edilməsinə və respublikamızda “yaşıl sənaye”nin inkişafına mühüm töhfələr verəcək.