Hörmətli qonaqlar, əziz soydaşlar, dəyərli elm xadimləri,
Prezident İlham Əliyevin forum iştirakçılarına müraciətində diasporun təşkilatlanması, ana dilinin qorunması və azərbaycanlı alimlərin, tədqiqatçıların Qarabağda gedən yenidənqurma işlərinə dəstək göstərməsi xüsusi vurğulanıb.
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin Forumu komitənin həyata keçirdiyi iri layihələrdən biridir və bu ideyanın təməli 2018-ci ildə qoyulub. O vaxt bizim alimlərlə, rektorlarla görüşümüz oldu, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin bu sahədə gələcək fəaliyyət istiqamətləri müəyyən olundu və bu məsələlər Yol Xəritəsinə daxil edildi.
Qarabağla bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, ölkəmizə qarşı olan məkrli planlara cavab verilməsi və təbii ki, işğaldan azad olunan ərazilərin inkişafına diqqətin yönəldilməsi Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətində xüsusi yer tutur. Xaricdə yaşayan soydaşlarımız bizim üçün hər biri dəyərlidir və onlar bu sahələrə öz töhfələrini verməkdədir.
Zaman göstərdi ki, bizim istənilən sahədə uğurlarımızın təməli birliyimizdir. Ona görə də Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi əsas fəaliyyətini məhz bu istiqamətdə qurub. Azərbaycan dövlətinin dəstəyi ilə müxtəlif xarici ölkələrdə 30 Azərbaycan Evi açılıb.
Azərbaycan dövləti xaricdə yaşayan soydaşlarımızın təhsil imkanlarının artırılması, yeni nəsil diasporun ana dilini öyrənməsi istiqamətində də xüsusi addımlar atır. Ölkəmizin Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə açılan Qarabağ adlı həftəsonu məktəbləri uğurla fəaliyyət göstərir. Bu gün dünyada ümumilikdə 100-dən çox Azərbaycan həftəsonu məktəbi açılıb və onların hər biri lazım olan vəsaitlə təmin olunub. Xaricdəki yeni nəsil azərbaycanlılar həmin məktəblərin imkanlarından yararlana bilirlər. Həftəsonu məktəbləri üçün xüsusi dərslik nəşr olunub. Bundan başqa Azərbaycan dilini öyrənmək istəyən xaricilər üçün “A grammar of contemporary Azerbaijani” (“Müasir Azərbaycan dilinin qrammatikası”) adlı dərs vəsaiti də hazırlanıb.
Azərbaycanın ərazi bütövlüyünün təmin olunması, daha sonra Dünya Azərbaycanlılarının Şuşada keçirilən V Zəfər Qurultayı diaspor hərəkatına güclü təkan verdi. Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının V Zəfər Qurultayındakı çıxışı ilə Azərbaycan diasporunun gələcək fəaliyyətini proqram şəklində müəyyənləşdirdi və diasporun qarşısında böyük vəzifələr qoydu. Mən deyərdim ki, bütün bunlardan sonra diaspor arasında sarsılmaz birlik yarandı və hər kəs Azərbaycanda gedən proseslərə dəstək göstərmək üçün böyük bir həmrəylik nümayiş etdirdi.
Biz xaricdəki alimlərin şəbəkələşməsi istiqamətində bir neçə ildir işləyirik, çoxlu görüşlər keçirmişik, problemləri müzakirə etmişik. Xaricdəki azərbaycanlı elm adamlarının bir yerə toplanması müəyyən zaman tələb etdi. Təbii ki, xaricdəki elm xadimlərinin təşkilatlanmasına Azərbaycan dövlətinin dəstəyi, qayğısı prioritet məsələdir, lakin bizim gözləntimiz ondan ibarətdir ki, sonrakı mərhələdə alimlərimiz həm yaşadıqları ölkəyə, həm də Azərbaycana töhfələr versinlər. Biz istəyirik ki, xaricdəki gənc alimlərimiz özündən əvvəlki nəslin təcrübəsindən istifadə edərək daha böyük nailiyyətlər əldə edə bilsin. Bunun üçün bütün imkanlar var. Mənə elə gəlir ki, Xankəndidə Qarabağ Universitetinin açılması da bu istiqamətdə yaxşı fürsətlər yaradacaq. Xaricdə yaşayan azərbaycanlı alimlər həmin ali təhsil ocağında çalışmaq istəsələr Diasporla İş üzrə Dövlət Komitəsi bu işdə onlara dəstək olacaq.
Xaricdə yaşayan azərbaycanlı həkimlərin, mühəndislərin, tələbələrin, eyni zamanda mədəniyyət xadimlərinin forumlarının təşkili də bu istiqamətdə atılan addımlardır. Avropada, ABŞ-də bu cür forumlar təşkil olunub. Tələbələrlə bağlı onu da əlavə etmək istəyirəm ki, hər il azərbaycanlı gənclər Azərbaycan dövlətinin imkanları çərçivəsində xaricdə təhsil almağa gedirlər. Bizi burada ən çox cəlb edən məsələ odur ki, həmin tələbələr mövcud diaspor təşkilatlarının güclənməsi üçün diaspor hərəkatına qoşulsunlar. Məhz bu məqsədlə 2 ilə yaxındır ki, müxtəlif xarici ölkələrdə təhsil alan azərbaycanlı tələbələrin forumlarını təşkil edirik.
Bizim “Beyinqazanma” adlanan layihəmiz var. Biz bu layihə vasitəsilə nüfuzlu xarici elm ocaqları ilə ciddi əlaqələr qururuq. Əldə etdiyimiz məlumat bazasını alimlərimizə, universitetlərimizə təqdim edə bilərik. Bu yolla ali təhsil ocaqlarımız xarici universitetlərlə, elmi mərkəzlərlə birbaşa əlaqələr qura bilərlər və bu, elmi potensialın inkişafına ciddi töhfələr verər.
Əgər biz inkişaf istəyiriksə, problemlərdən də danışmalıyıq. Biz alimlərimizin inkişaf etməsini, xarici ölkələrdə nüfuz qazanmasını, həmin nüfuzdan istifadə edərək gələcəkdə Azərbaycan dövlətinə dəstək olmasını istəyiriksə, təbii ki, bir çox məsələləri, o cümlədən mövcud problemləri mütləq şəkildə müzakirə etməliyik. İnkişaf sahəsində ən böyük maneələrdən biri dil maneəsidir. Elmi mənbələrə əlçatanlığın təmin olunması üçün ingilis dilinin mükəmməl öyrənilməsi, texniki biliklərə sahib olmaq çox vacibdir. Digər vacib bir problem beynəlxalq elmi resurslar və məlumat bazasına keçidin olmamasıdır. Biz çox istəyirik ki, alimlərimiz bu məsələlərə diqqət yetirsinlər.
Eyni zamanda alimlərimizin elmi məqalələrinin daha çox beynəlxalq indeksli jurnallarda nəşri vacib məsələrdən biridir. Alimlərimizin həmin jurnallara çıxış imkanlarını da xaricdə yaşayan diaspor üzvlərinin xətti ilə həyata keçirmək olar.
Bir məsələni də qeyd etmək istəyirəm. Biz çox istəyirik ki, xaricdəki alimlərimiz daha çox kitablar nəşr etdirsinlər və bu kitablar beynəlxalq kitabxanalara təqdim olunsun. Yeri gəlmişkən qeyd edim ki, komitə xaricdəki 400-dən çox kitabxanaya müxtəlif nəşrlər təqdim edib.
Biz daha çox peşəkar birliklərin yaradılmasına fokuslanmışıq və bu birliklərin yaradılmasına dəstək və önəm veririk. Bütün bunların təməlində o durur ki, xaricdə yaşayan alimlərimiz Azərbaycan elminə və ölkəmizdə gedən proseslərə öz dəstəklərini göstərə bilsinlər.
Bir daha bildirirəm ki, hər birinizi doğma vətəndə görməyə şadıq. Forumun işinə uğur arzulayır, bu mühüm tədbirə dəstək göstərən hər kəsə minnətdarlığımı ifadə edirəm.