Akademiklər

Azərbaycan Milli Elmlər Akademiyası rəhbərlərinin Forumla bağlı görüşləri

İsa HƏBİBBƏYLİ

İsa HƏBİBBƏYLİ

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik

DİASPOR HƏRƏKATINDA MÜHÜM İSTİQAMƏT: ELMİ DİASPORUN TƏŞKİLATLANMASI

Azərbaycanda diaspor hərəkatı hələ XX əsrin 80-ci illərindən, sovet siyasi rejimində aşkarlıq və demokratiya meyilləri başlandığı dövrdən ilk addımlarını atmışdır. Həmin dövrdə “Vətən” Cəmiyyətinin yaradılması dünyanın müxtəlif ölkələrində yaşayan tanınmış azərbaycanlıların ölkəmizə gəlib-getmələrinə, əlaqələr qurmalarına şərait yaratmışdır. Bu qurum əvvəlki dövrlərdə fəaliyyət göstərmiş Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqə Cəmiyyəti ilə müqayisədə nisbətən daha sərbəst bir təşkilat olub, dünya azərbaycanlıları ilə yalnız mədəni əlaqələr vasitəsilə deyil, daha geniş miqyasda münasibətlərin yaradılmasına meydan açan bir təşkilat idi. Məhz “Vətən” Cəmiyyətinin açdığı yol digər sahələrlə yanaşı, yazıçı və şairlərin, incəsənət xadimləri və elm adamlarının Ana Vətənlə əlaqələrinin genişləndirilməsinə təkan vermişdir. Bütün bunlara baxmayaraq, diasporla əlaqələrin miqyası bir qədər genişləndirilsə də, SSRİ adlanan imperiyanın tərkibindəki xalqlara verdiyi azadlıqların miqyasının məhdudluğu üçün xarici ölkələrdə yaşayan azərbaycanlıların tarixi vətənlə geniş və ardıcıl əlaqələr yaratması mümkün olmamışdır.

Dünya azərbaycanlıları ilə əlaqələrin sistemli və ardıcıl şəkildə təşkili ölkəmizin dövlət müstəqilliyi əldə etdiyi dövrdən etibarən formalaşdırılmışdır. Respublikamızda diaspor hərəkatının dünya azərbaycanlıları ilə mədəni əlaqə səviyyəsindən dövlət siyasəti səviyyəsinə çatdırılması görkəmli dövlət xadimi Heydər Əliyevin adı ilə bağlı olan tarixi xidmətdir. Bu uzaqgörən dahi şəxsiyyətin hələ Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri vəzifəsində çalışarkən – 16 dekabr 1991-ci il tarixdə imzaladığı Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün təsis edilməsi haqqındakı Sərəncamı dövlət müstəqilliyi dövründə diasporla əlaqələrin geniş miqyas almasında mühüm əhəmiyyətə malik hadisəyə çevrilmişdir. Azərbaycan xalqının Ümummilli Liderinin 1993-cü ildən yenidən Azərbaycan Respublikasına rəhbərlik etdiyi dönəmdə ölkəmizdə diaspor quruculuğu işi müstəqil dövlətin əsas vəzifələrindən biri kimi siyasi gündəmdə ön mövqeyə çıxarılmışdır. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin təşəbbüsü və sədrliyi ilə keçirilən Dünya Azərbaycanlılarının I qurultayı ölkəmizdə diaspor quruculuğunun start nöqtəsi olmuşdur. Bundan sonra ölkəmizin tarixində ilk dəfə Dünya Azərbaycanlıları ilə Əlaqə üzrə Dövlət Komitəsinin təsis edilməsi Ulu öndər Heydər Əliyevin diaspor quruculuğu işi sahəsindəki tarixi xidmətidir. Artıq bu iş müstəqil Azərbaycan Respublikasının dövlət siyasətinin üzvi tərkib hissəsidir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xüsusi diqqəti və qayğısı sayəsində ölkəmizdə diasporla əlaqələr ən yüksək səviyyəyə çatdırılmışdır. Dünya Azərbaycanlılarının V Qurultayının Qarabağda – Şuşada keçirilməsi, diasporumuzun fəal və tanınmış nümayəndələrinə fəxri adların verilməsi, onların dövlət təltifləri ilə rəğbətləndirilməsi, xarici ölkələrdə yaşayan həmvətənlərimizin fəaliyyətini təşkil edən və tənzimləyən Azərbaycan evlərinin qurulması müasir dövrdə diaspor hərəkatının mütəşəkkil xarakter almasına təminat verir.

Bununla belə, xarici ölkələrdə yaşayan həmvətənlərimizin sıralarında xüsusi çəkiyə malik olan elm adamları ilə əlaqələrin sistemli şəkildə qurulması, elmi diasporun təşkilatlandırılması qarşıda duran mühüm vəzifələrdən biri idi. Bu baxımdan 9–11 sentyabr 2024-cü il tarixdə Dünya Azərbaycanlı Alimlər Birliyi (DAAB), Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsi (ARDİDK) və Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin (ETN) təşəbbüsü və təşkilatçılığı ilə Bakı şəhərində və Xankəndidə keçirilən Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin I forumu elmi diasporun təşkilatlanması sahəsində dövlət səviyyəsində həyata keçirilən və mühüm tarixi əhəmiyyətə malik olan hadisədir. Xüsusən, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin forum iştirakçılarına təbrik məktubu göndərməsi elmi diaspor işinin müstəqil dövlətimizin prioritetlərindən biri olduğunu nümayiş etdirmişdir. Dünya Azərbaycanlı Alimlər Birliyinin təsis edilməsi elmi diaspor üzrə işin ölkəmizin diaspor hərəkatının aparıcı istiqamətlərindən birinə çevrilməsinə səbəb olmuşdur.

Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin I forumu elm tariximizdə dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən Azərbaycan alimlərinin birliyi və həmrəyliyinin yaradılması kimi tarixi bir missiyanın əsas müddəalarının formalaşdırılmasını həyata keçirmişdir. Bu forum xarici ölkələrdə yaşayan alimlərimizin onların tarixi vətəni olan Azərbaycanda yaşayan alimlərimizlə əlaqələrinin fəaliyyət proqramını müəyyən etmişdir. Bu mənada Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin I forumunun qərarları Azərbaycan elmi diasporunun strategiyasıdır. Bu strategiya xaricdə yaşayan azərbaycanlı alimlərlə müstəqil Azərbaycan Respublikasının elmi qurumlarında və ali təhsil müəssisələrində çalışan alimlər arasında möhkəm əməkdaşlıq platformasının qurulmasına zəmanət verir, işıq salır.

Bütün bunlara görə Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin I forumunun keçirilməsi və dünya üzrə elm adamlarının birgə fəaliyyətinin təşkili məqsədilə müstəqil bir qurumun yaradılması əlamətdar hadisədir. İnanırıq ki, Dünya Azərbaycanlı Alimlər Birliyi ölkəmizin elm və ali təhsil qurumları ilə xaricdəki elmi diaspor təşkilatları arasında möhkəm və əhəmiyyətli körpülər quracaq, nəticə etibarilə Azərbaycan elminin inkişafına böyük töhfələr verəcəkdir. Azərbaycan Milli Elmlər Akademiyası olaraq Dünya Azərbaycanlı Alimlər Birliyi ilə bütün səviyyələrdə qarşılıqlı surətdə əməkdaşlıq etməyi elmimizin daha da inkişaf etdirilməsi baxımından faydalı hesab edir, ölkəmiz üçün əhəmiyyət daşıyan bütün elmi proqram və layihələrdə təmsil olunmağa hazır olduğumuzu bildiririk.

Dünya Azərbaycanlı Alimlər Birliyinin işinə uğurlar arzulayırıq!

Rasim ƏLİQULİYEV

Rasim ƏLİQULİYEV

Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik

AZƏRBAYCANLI ALİMLƏRİN QLOBAL BİRLİYİ

Mən həmişə Azərbaycandan kənarda elmi fəaliyyət göstərən həmvətənlərimlə yaxından maraqlanmış və onlarla qürur duymuşam. Bu səbəbdən hələ 2017-ci ildən xaricdə yaşayan 530 alim haqqında zəruri məlumatların toplanması ilə bağlı müəyyən işlər görmüşdük. 2019-cu ildə www.elmidiaspora.az adlı sayt yaradıb Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinə təhvil vermişdik. Ən böyük arzularımdan biri də o olub ki, xaricdə yaşayan azərbaycanlı alimlərin bir diaspor təşkilatı formalaşsın, müstəqil Azərbaycan ideyası ətrafında birləşsinlər, bir tərəfdən, ölkəmizin elm tutumlu problemlərinə dəstək versinlər, digər tərəfdən də, Azərbaycan həqiqətlərini dünya ölkələrinə, xalqlarına çatdırsınlar. Etiraf edim ki, bu çətin, məsuliyyətli məqsədə nail olmaq o qədər də asan iş deyildi...

9–11 sentyabr 2024-cü il tarixində Bakı şəhərində keçirilən Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin forumuna dəvət alanda, həmçinin bu tədbiri Dünya Azərbaycanlı Alimlər Birliyi (DAAB) təşkil etdiyini biləndə çox sevindim. Həm də ona görə ki belə şərəfli, ağır, məsuliyyətli işə şəxsiyyətlərinə çox hörmət etdiyim professor Məsud Əfəndiyev, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Bəxtiyar Siracov rəhbərlik edirdilər.

İlk olaraq, onu qeyd etmək istərdim ki, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və DAAB-nin təşkilatçılığı ilə keçirilən forum çox yüksək səviyyədə təşkil olunmuşdu. Seçilmiş problemlər, mövzular Azərbaycanda həyata keçirilən elmi islahatlar kontekstində çox aktual idi. Dünya ölkələrinin aparıcı elmi mərkəzlərində, universitetlərində çalışan həmvətənlərin müxtəlif formatlarda təşkil olunmuş diskussiyalarda fəal iştirak etmələri, qabaqcıl beynəlxalq təcrübənin Azərbaycana gətirilməsi, bu işlərdə özlərinin dəstəyini və köməyini əsirgəməyəcəklərini bildirmələri dinlədikcə qürur verirdi. Müşahidə olunan o idi ki, xaricdə yaşayan hər bir azərbaycanlı alim Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağ probleminin həllindən sonra öz ərazisi üzərində tam suverenlik qazanmış Azərbaycan Respublikasının inkişafı naminə vətən qarşısında məsuliyyətini hiss edir, bu işdə mənəvi-intellektual borclarını vermək istəyirlər.

Bu, olduqca sevindirici idi. Çox qısa müddət ərzində DAAB tərəfindən xaricdə yaşayan bu qədər azərbaycanlı alimi vahid Azərbaycançılıq ideyası ətrafında toplamaq, müstəqil ölkəmizin qarşısında elmi-intellektual problemlərin həllinə yönəltmək çox böyük uğurdur. Bu münasibətlə DAAB-nin rəhbərliyinə, bu işə dəstək verən hər bir qurum və təşkilata, millətini, dövlətini sevən insanlara dərin minnətdarlığımı bildirirəm.

Əlbəttə, bu hələ başlanğıcdır, irəlidə çox mühüm vəzifələr vardır. Əminəm ki, DAAB başladığı bu şərəfli və məsuliyyətli işi böyük vətən sevgisi ilə daha da yüksək səviyyədə təşkil edərək qarşıya qoyduğu hədəflərə doğru inamla irəliləyəcəkdir.

Onu da qeyd etmək istəyirəm ki, həm DAAB-nin fəaliyyətinə dəstək verməyi, onun işində yaxından iştirak etməyi, həm də ölkədə və xaricdə yaşayan azərbaycanlı alimlər arasında daha səmərəli münasibətlərin qurulması işlərinə yardımçı olmağı özümə mənəvi borc bilirəm.