Yeniliklər

Qlobal şəbəkəmizdəki fəaliyyətləri, əməkdaşlıqları və mühüm hadisələri izləyin

24 İyul 2026

DAAB İdarə Heyətinin sədri professor Məsud Əfəndiyevin
Beynəlxalq Yay Məktəbi başa çatıb.

Professor Məsud Əfəndiyevin Beynəlxalq Yay Məktəbi afişası, AzMİU, 20–24 iyul 2026
Professor Məsud Əfəndiyevin Beynəlxalq Yay Məktəbi, AzMİU, 24.07.2026
Professor Məsud Əfəndiyevin Beynəlxalq Yay Məktəbi seminarı, AzMİU, 24.07.2026

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) kompleks sistemlərin öyrənilməsi və müxtəlif sahələrdə tətbiqinə həsr olunan Beynəlxalq Yay Məktəbi başa çatıb.

AzMİU-dan AZƏRTAC-a bildirilib ki, bir neçə gün davam edən proqram çərçivəsində iştirakçılar kompleks sistemlərin modelləşdirilməsi, riyazi yanaşmaların müxtəlif elm sahələrində tətbiqi, fənlərarası tədqiqat metodologiyası, müasir elmi yanaşmalarla bağlı nəzəri və praktiki biliklər əldə ediblər.

Yay məktəbi çərçivəsində AzMİU rektorunun müşaviri, Dünya Azərbaycanlı Alimlər Birliyinin İdarə Heyətinin sədri, professor Məsud Əfəndiyev tərəfindən müasir riyazi modelləşdirmə, kinetik proseslərin hesablanma üsulları, mürəkkəb sistemlərin analizi və müxtəlif elmi istiqamətlər arasında bilik inteqrasiyasına həsr olunmuş mühazirələr təqdim edilib. Eyni zamanda, iştirakçılar süni intellekt, səhiyyə, ekologiya, iqtisadiyyat və mühəndislik kimi sahələrdə kompleks sistemlərin tətbiqi imkanları ilə tanış olub, interaktiv müzakirələrə qatılıblar.

Proqramın əsas fərqləndirici cəhətlərindən biri müxtəlif ixtisas sahələrini təmsil edən iştirakçıların multidisiplinar komandalar şəklində fəaliyyət göstərməsi olub. Formalaşdırılan qruplarda müxtəlif elmi baxışlar bir araya gətirilərək yeni tədqiqat ideyaları müzakirə edilib, birgə elmi layihələrin hazırlanması, nüfuzlu beynəlxalq jurnallarda dərc olunacaq elmi məqalələrin yazılması və uzunmüddətli elmi əməkdaşlıq imkanları istiqamətində fikir mübadiləsi aparılıb.

Sonda yay məktəbi iştirakçılarına sertifikatlar təqdim olunub.

Yay məktəbində iştirak etmək üçün ümumilikdə 46 nəfər qeydiyyatdan keçib. Onlardan 33 nəfəri AzMİU-nun əməkdaş və tələbələri olub, 13 nəfəri isə Azərbaycan Tibb Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Universiteti, ADA Universiteti və Qarabağ Universitetini təmsil edib.

AZƏRTAC — Tam xəbər
22 İyul 2026

Professor Əmirulla Məmmədovun 80 illik yubileyi münasibətilə Dünya Azərbaycanlı Alimlər Birliyinin təbriki

Professor Əmirulla Məmmədov

Dünya Azərbaycanlı Alimlər Birliyinin (DAAB) üzvləri olaraq görkəmli azərbaycanlı alim, DAAB-ın üzvü, fizika-riyaziyyat elmləri doktoru, professor Əmirulla Məmmədovu 80 illik yubileyi münasibətilə təbrik edir, ona möhkəm can sağlığı, uzun ömür və fəaliyyətində uğurlar arzu edirik!

Professor Əmirulla Məmmədov (d.1946) Qeyri Xətti Optika və Lazer Fizikası, Fotonik və Nanofotonik, Optik Informasiya Texnologiyaları, Nəzarətetmə və Hədəfgöstərmə Sistemləri, həmçinin Süni Sinir Şəbəkələri sahələrində uzun illərdir dünya elminə öz töhfələrini vermiş tanınmış alimdir. O, 1973-cü ildə SSRİ Elmlər Akademiyası A.F. Ioffe adına Fizika-Texnika İnstitutunda (St. Petersburg) Fizika-Riyaziyyat Elmləri sahəsində Elmlər Namizədi elmi dərəcəsini, 1986-cı ildə Latviya Dövlət Universitetində Optika ixtisası üzrə Fizika-Riyaziyyat Elmləri sahəsində Elmlər Doktoru Elmi dərəcəsini və 1988-ci ildə SSRİ Ali Attestasiya Komitəsi tərəfindən verilmiş Professor Elmi-Pedaqoji adı və Diplomunu qazandıqdan sonra dünyanın müxtəlif dövlət müəssisələri, qurumları və universitetlərində elmi fəaliyyətini davam etmişdir. Əmirulla müəllim ABŞ-ın Nebraska-Lincoln universitetində baş elmi işçi, Stanford Universitetində və Naval Air Warfare Weapon elmi mərkəzində baş elmi işçi, Wisconsin-Madison Universitetində və California İnstitute of Technology həmçinin University of California universitetlərində dosent vəzifəsində işləmişdir. O, Bakı Dövlət Universitetində Qeyri Xətti Optika kafedrasının müdiri və professoru, Yaponiyanın Tsukubo elmi mərkəzində baş elmi işçi, İtaliyanın First Rome Universitetində professor vəzifəsində işləmişdir. 1991-ci ildən günümüzədək Türkiyənin müxtəlif universitetlərində işləmişdir. Türkiyənin Savunma Sanayi ve Teknoloji Eğitim Mərkəzində elmi müşavir və müdafiə sənayesi proyektləri nəzarətçisi, 2011-ci ildən isə Ankara Bilkənd Universiteti Nanotexnologiya Araşdırmaları Mərkəzində professor-emeritus olaraq elmi fəaliyyətini davam etdirmişdir. Bu qurumlarda çalışdığı müddətdə Prof. Dr. Əmirullah Məmmədov 25 doktorluq işinə elmi rəhbərlik etmişdir. Həmin doktorluq elmi dərəcəsini almış mütəxəssislərdən 17-si Azərbaycan və Türkiyə Universitetlərində dosent və professor olaraq çalışmaqdadırlar, bir professor Misir Assuit Universitetində və bir professor isə Hindistan Allahabad Universitetində çalışmaqdadır.

Hələ Sovet İttifaqı dövründə Əmirullah Məmmədov 1988-ci ildə Elm Sahəsində Dövlət Mükafatı Laureatı olmuşdur, 2016-cı ildə isə Azərbaycan Respublikası Əməkdar Elm Xadimi fəxri adı almışdır. Harada yaşamasından asılı olmayaraq, Əmirulla Məmmədov daima Azərbaycanın milli maraqlarının müdafiəsində, Azərbaycan həqiqətlərinin təbliğində və elm sahəsində əməkdaşlığın genişləndirilməsində mühüm rol oynamışdır. Türkiyədə fəaliyyət göstərən nüfuzlu ictimai qurumlarda təmsil olunan alim, eyni zamanda, Azərbaycanlı Elm Adamları Dərnəyinin rəhbəri kimi xaricdə çalışan azərbaycanlı alimləri bir araya gətirən təşəbbüslərin də müəllifidir. Onun səyləri nəticəsində elm adamları arasında əməkdaşlıq genişlənib.

Əmirullah Məmmədov elmi fəaliyyəti ilə yanaşı, ictimai və diaspor sahəsindəki xidmətləri ilə də seçilən ziyalılardandır. Onun yüksək insani keyfiyyətləri, elmə bağlılığı və vətənpərvər mövqeyi gənc alimlərimizə örnəkdir. Onun Türkiyə – Azərbaycan dostluq münasibətlərinin inkişafında xidmətləri hər iki ölkədə yüksək dəyərləndirilir. Əmirullah Məmmədov Diaspor quruculuğu və milli həmrəyliyin möhkəmləndirilməsi sahəsində xidmətlərinə görə “Dostluq” ordeni ilə təltif olunub. Bu yüksək mükafatın Azərbaycanın mədəniyyət paytaxtı Şuşada keçirilən Dünya Azərbaycanlılarının Zəfər Qurultayında təqdim edilməsi alim üçün xüsusi qürur mənbəyi olub.

Fəxr edirik ki, professor Əmirullah Məmmədov əsası 9 dekabr 2022-ci il tarixində Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi nümayəndələrinin və müxtəlif ölkələrdən təşrif gətirmiş azərbaycanlı elm xadimlərinin iştirakı ilə İstanbul şəhərində təşkil edilmiş görüşdə qoyulmuş Dünya Azərbaycanlı Alimlər Birliyinin üzvüdür və bu təşkilatın Bakıda 2024-cü ilin Sentyabr ayında keçirilən ilk Forumunda fəal iştirak etmiş bir alimimizdir.

Birliyimizin bütün üzvləri adından Əmirullah müəllimi bir daha təbrik edirik, ona yorulmaz ruh və səadət arzu edirik.

Dərin ehtiramla və xoş arzularla,
Dünya Azərbaycanlı Alimlər Birliyinin İdarə Heyəti

20 İyul 2026

Professor Məsud Əfəndiyev: Azərbaycan elmində ən perspektivli innovasiya istiqaməti fənlərarası tədqiqatlardır

Professor Məsud Əfəndiyev, AZƏRTAC, 20.07.2026

Dünya Azərbaycanlı Alimlər Birliyinin İdarə Heyətinin sədri, professor Məsud Əfəndiyev hesab edir ki, Azərbaycanın elmi inkişafında prioritet istiqamət fənlərarası tədqiqatların genişləndirilməsi olmalıdır. Onun sözlərinə görə, süni intellekt, riyaziyyatın tibb və biologiyaya tətbiqi, ekoloji problemlərin elmi həlli və “Ağıllı şəhər” konsepsiyası ölkənin innovasiya gündəliyində mühüm yer tutur. Professor Məsud Əfəndiyev Azərbaycan elmində perspektivli innovasiya istiqamətlərindən danışıb.

AZƏRTAC — Video
3 İyul 2026

UNEC-in Zaqatala filialının 10 ili: Uğurlar və rəqəmsal hədəflər

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Zaqatala filialının 10 illiyinə həsr olunmuş “Rəqəmsallaşma dövründə regional universitet modeli” mövzusunda Beynəlxalq elmi-praktiki konfrans keçirilib. Naxçıvan və Qarabağ universitetləri də daxil olmaqla Azərbaycanın bütün regional universitetlərinin rektorları tədbirdə iştirak ediblər. Elm və Təhsil nazirinin müavını, Zaqatalanın icra hakimiyyətinin başçısı, millət vəkillərimiz də konfransda çıxış etdilər. Dünya Azərbaycanlı Alimlər Birliyinin İdarə Heyətinin sədri Məsud Əfəndiyev çıxış edərək birliyin hədəflərini iştirakçılara çatdırdı. Yubiley tədbirləri çərçivəsində əməkdar elm xadimi, professor Məsud Əfəndiyevin adını daşıyan yeni yaradılmış auditoriyanın açılışı oldu.

UNEC — Tam xəbər
5 İyun 2026

DAAB üzvü «Azərbaycan, Quzey və Güney» adlı kitab nəşr etdirmişdir

Kitab üzü: Vəhid Gəruslunun «Azərbaycanda Kimlik — Quzey və Güney» kitabı

Miyanada anadan olmuş Vəhid Gəruslu bu əsərdə həm şəxsi həyat təcrübəsinə, həm də analitik müşahidələrinə əsaslanır. Muğam, qarmon və ləzginka mühitində böyümüş, Azərbaycanın şimalındakı kökləri və cənubda keçən formalaşma illəri ilə yoğrulmuş müəllif Azərbaycanı ortaq, lakin eyni zamanda parçalanmış tarixi kimliyə malik vahid bir xalq kimi görür. Peşəkar fəaliyyəti informasiya texnologiyaları və proqram mühəndisliyi sahəsi ilə bağlı olsa da, o, bu araşdırma marağını doğma Vətəninə və əsas bir suala yönəldir: bir xalq eyni zamanda birdən çox kimliyi necə daşıya bilər?

Kitab Araz çayının şimalında və cənubunda yaşayan azərbaycanlıların iki əsrdən artıq müddətdə müxtəlif dövlətlər, təhsil sistemləri, dil siyasətləri və geosiyasi reallıqlar şəraitində necə fərqli, lakin hələ də bir-biri ilə bağlı kimliklər formalaşdırdığını araşdırır. Əsər sadə şimal–cənub müqayisəsindən kənara çıxaraq kimliyi dinamik bir spektr kimi təqdim edir. Bu yanaşma xüsusilə Cənubi Azərbaycan kontekstində institutların, siyasi və mədəni təzyiqlərin, assimilyasiya proseslərinin, tədrici uzaqlaşmanın, mədəni davamlılığın və milli oyanışın kimlik üzərində təsirini izah edir.

Uzunmüddətli müşahidələrə və sistemli təhlilə əsaslanan, həmçinin Azərbaycan məsələsini digər bölünmüş cəmiyyətlərin təcrübəsi ilə müqayisəli şəkildə dəyərləndirən Vəhid Gəruslu göstərir ki, uzunmüddətli ayrılıq insanların özlərini necə dərk etməsinə tədricən təsir göstərə bilər. Bununla belə, dil, musiqi, tarixi yaddaş və gündəlik mədəni həyat nəsillər boyunca daha dərin bağları yaşatmaqda davam edir.

Kitabı Amazon platformasından əldə edə bilərsiniz:

Amazon — Azerbaijan, North and South
25 May 2026

I Forum haqqında kitab, Zərdabi Nəşr, 2026

Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin Forumu kitabının üz qapağı

Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin Forumu. 9–11 sentyabr 2024-cü il. Bakı–Xankəndi–Şuşa. Bakı, «Zərdabi-Nəşr» MMC. 2026. 264 səh.

Bu kitab 9–11 sentyabr 2024-cü il tarixlərində Bakı, Xankəndi və Şuşa şəhərlərində keçirilmiş Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin birinci Forumuna həsr edilmişdir. Nəşrdə tədbirin ideya əsasları, Dünya Azərbaycanlı Alimlər Birliyinin (DAAB) təşəkkül və institusional inkişaf mərhələləri, Forum çərçivəsində aparılmış müzakirələr, irəli sürülmüş təşəbbüslər və DAAB-ın strateji hədəfləri sistemli şəkildə təqdim olunur.

Azərbaycan elmi diasporunun intellektual potensialının səfərbər edilməsi, beynəlxalq akademik əməkdaşlığın genişləndirilməsi və milli elmi inkişafa töhfə verilməsi baxımından Forumun rolu xüsusi vurğulanır; xaricdə fəaliyyət göstərən azərbaycanlı alimlərin elmi nailiyyətləri və Azərbaycanla əməkdaşlıq imkanları ətraflı şərh olunur. Kitab Diasporla İş üzrə Dövlət Komitəsinin, universitet rektorlarının, AMEA rəhbərliyinin qiymətləndirmələrini, iştirakçıların bədii-publisistik üslubda yazılmış şəxsi təəssüratlarını, həmçinin tanınmış yazıçı Eldar Əhədovun Foruma həsr etdiyi dörd hekayəni özündə birləşdirir.

Əsər elm və təhsil sahəsində ekspertlər, tədqiqatçılar, həmçinin diaspor fəaliyyəti və elmi əməkdaşlıq məsələləri ilə maraqlanan geniş oxucu auditoriyası üçün nəzərdə tutulmuşdur. Nəşr Azərbaycanın qlobal elmi məkanda mövqeyinin möhkəmləndirilməsi baxımından konseptual və praktik əhəmiyyət kəsb edir.

ISBN 978 9952 611 85 4

© 2026 Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi
© 2026 Dünya Azərbaycanlı Alimlər Birliyi

Elmi redaktor: Məsud Əfəndiyev, Prof., Dr.
Mətn redaktorları: Bəxtiyar Siracov, Dr.; Eldar Əhədov; Sarvan Kərimov
Korrektor: Bəxtiyar Siracov, Dr.
Nəşr koordinatoru: Teymur Rzayev, Prof., Dr.

Kitabın ərsəyə gətirilməsinə töhfə vermiş qurumlar:

  • Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsi
  • Azərbaycan Elm və Təhsil Nazirliyi
  • DAAB İdarə Heyəti və üzvləri
  • Azərbaycan Milli Elmlər Akademiyası
  • Azərbaycan Universitetləri
  • Forum iştirakçıları
Kitabın elektron versiyası (PDF)
27 Aprel 2026

Ankara Universitetinin rektorundan Azərbaycan alimləri haqqında paylaşım

NECDET ÜNÜVAR AKADEMİK KAMAL ABDULLA, PROFESSORLAR RAFİQ ƏLİYEV VƏ MƏSUD ƏFƏNDİYEV İLƏ KEÇİRİLƏN GÖRÜŞÜ ƏLAMƏTDAR HADİSƏ ADLANDIRIB.

Aprelin 24-də Ankara Universitetində Azərbaycan-Türkiyə elmi və mədəni əməkdaşlığının müasir tarixinə daha bir uğurla səhifə əlavə edilib. Həmin gün Ankara Universitetində Azərbaycanın görkəmli elm xadimləri – Xalq yazıçısı, akademik Kamal Abdulla və AMEA-nın müxbir üzvü, professor Rafiq Əliyevin həmmüəllif olduqları "Kitabi-Dədə Qorqud" və qeyri-səlis məntiq", "Qeyri-səlis məntiq və dil-nitq", eləcə də azərbaycanlı alimlərin Türkiyənin sabiq təhsil naziri, professor Ziya Selcuk ilə birgə qələmə aldıqları "Uşaqlar üçün qeyri-səlis məntiq" kitablarının təqdimatı və müzakirəsi keçirilib. Ankara Universitetinin rektoru Necdet Ünüvar akademik Kamal Abdulla, professorlar Rafiq Əliyev və Məsud Əfəndiyev ilə keçirilən görüşü əlamətdar hadisə adlandırıb.

Müsavat — Tam xəbər
11 Aprel 2026

Azərbaycan Tibb Universiteti ilə Dünya Azərbaycanlı Alimlər Birliyi əməkdaşlığa başlayır

Azərbaycan Tibb Universiteti (ATU) ilə Dünya Azərbaycanlı Alimlər Birliyi (DAAB) arasında rəsmi əməkdaşlığı dəstəkləyən Anlaşma Memorandumu imzalanıb. ATU-nun rektoru, professor Gəray Gəraybəyli və DAAB-ın sədri, professor Məsud Əfəndiyev tərəfindən imzalanan sənəd təhsil, elm və mədəniyyət sahəsində qarşılıqlı, faydalı əməkdaşlığın təşkili və inkişafını nəzərdə tutur. Bundan əlavə, memorandum birgə elmi və tədqiqat proqramları, layihə və işlərin icrasını dəstəkləyir. Eyni zamanda müxtəlif sahələr üzrə, o cümlədən elmi tədqiqat, alim və mütəxəssislərin peşəkar inkişafı, akademik və inzibati heyətin, bakalavr, magistratura və rezidentura tələbələrinin mübadiləsi kimi istiqamətləri ehtiva edir.

ATU — Tam xəbər
8 Aprel 2026

Qarabağ Universiteti ilə Dünya Azərbaycanlı Alimlər Birliyi arasında əməkdaşlıq genişlənir

Aprelin 8-də Dünya Azərbaycanlı Alimlər Birliyi (DAAB) ilə mövcud əməkdaşlıq çərçivəsində Qarabağ Universitetində görüş keçirilib. Bu əməkdaşlıq yalnız ayrı-ayrı tədbirlərin təşkili ilə məhdudlaşmır, eyni zamanda Qarabağ Universitetinin beynəlxalq elmi mühitə inteqrasiyası, akademik potensialının gücləndirilməsi və müasir ali təhsil standartlarına uyğun inkişafı baxımından mühüm strateji əhəmiyyət daşıyır.

Tərəflər arasında əvvəlki görüşlərdə ortaq elmi-tədqiqat layihələrinin həyata keçirilməsi, müasir laboratoriyaların yaradılması, onlayn dərs və seminarların təşkili, xaricdə fəaliyyət göstərən azərbaycanlı alimlərin tədris prosesinə cəlb edilməsi, eləcə də birgə konfrans, forum və simpoziumların keçirilməsi kimi mühüm əməkdaşlıq istiqamətləri müəyyən edilib və bu istiqamətlər üzrə konkret fəaliyyət planı formalaşdırılıb.

Görüşdə DAAB-ın sədri, Almaniyada fəaliyyət göstərən azərbaycanlı riyaziyyatçı-alim, professor Məsud Əfəndiyev və birliyin üzvü, İsveçdə yerləşən Qoteborq Universitetinin professoru Səadət Kərimi iştirak ediblər.

AZƏRTAC — Tam xəbər
15 Mart 2026

DAAB və Bakı Mühəndislik Universiteti arasında onlayn görüş keçirilib

Bakı Mühəndislik Universiteti (BMU) ilə Dünya Azərbaycanlı Alimlər Birliyinin (DAAB) üzvləri arasında onlayn görüş keçirilib. Görüşdə universitetlə xaricdə fəaliyyət göstərən azərbaycanlı alimlər arasında əməkdaşlıq imkanları müzakirə olunub. Görüş zamanı alimlərin tədris prosesinə cəlb olunması, tələbələr üçün master-klasların təşkili və birgə elmi tədqiqatların aparılması kimi məsələlər ön plana çıxarılıb. BMU-nun rektoru universitetin son illərdəki nailiyyətləri, beynəlxalq tərəfdaşlıqları və elmi fəaliyyətin genişləndirilməsi istiqamətindəki işlər barədə məlumat verib. Sonda tərəflər gələcək əməkdaşlığın inkişafı ilə bağlı ilkin razılıq əldə edərək koordinatorlar təyin ediblər.

AZƏRTAC — Tam xəbər
24 Fevral 2026

DAAB İH-nin həmsədri Bəxtiyar Siracov Bakının 187 saylı məktəbinin müəllim və şagirdləri ilə onlayn görüşdə iştirak etmişdir

DAAB İdarə Heyətinin həmsədri Dr. Bəxtiyar Siracov Bakının 187 saylı ümumtəhsil məktəbinin müəllim və şagirdləri ilə onlayn görüş keçirmişdir. Görüş zamanı elmin önəmi, beynəlxalq elm arenasında azərbaycanlı alimlərin rolu və gənc nəslə tövsiyələr müzakirə olunmuşdur.

3 Fevral 2026

DAAB İdarə Heyətinin sədri Prof. Məsud Əfəndiyev Milli Aviasiya Akademiyasında "Fevral Məruzələri" konfransının açılışında çıxış edib

Milli Aviasiya Akademiyasında "Fevral məruzələri 2026: Aviakosmik məsələlərin həllində gənclərin yaradıcı potensialı" adlı XI beynəlxalq elmi-praktik gənclər konfransının açılışı olub. Plenar iclasda DAAB-ın sədri, professor Məsud Əfəndiyev xaricdə yaşayan azərbaycanlı alimlərin Azərbaycan elm və təhsilinə inteqrasiyasının əhəmiyyətindən danışıb. O, DAAB-ın əsas məqsədlərindən birinin dünya üzrə fəaliyyət göstərən azərbaycanlı alimlər arasında əməkdaşlığı gücləndirmək olduğunu vurğulayıb.

AZƏRTAC — Tam xəbər (video)
13 Yanvar 2026

DAAB-ın bir neçə üzvü Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən təltif olunub

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 7 yanvar 2026-cı il tarixli Sərəncamı ilə xalqlar arasında dostluğun möhkəmləndirilməsi və Azərbaycan diasporunun inkişafına göstərdikləri töhfələrə görə bir qrup azərbaycanlı yüksək dövlət təltifinə layiq görülmüşdür. Təltif edilənlər arasında DAAB-ın fəal üzvləri də xüsusi yer tutmuşdur: Məsud Aşina "Şöhrət" ordeni, Akif Alaferdov, Bəxtiyar Siracov, Xədicə Zeynalova və Xəlil Kələntər isə "Tərəqqi" medalı ilə mükafatlandırılmışlar.

Məsud Aşina

Məsud Aşina

Akif Alaferdov

Akif Alaferdov

Bəxtiyar Siracov

Bəxtiyar Siracov

Xədicə Zeynalova

Xədicə Zeynalova

Xəlil Kələntər

Xəlil Kələntər

Prezidentin müvafiq Sərəncamı
22 Dekabr 2025

Humboldt mükafatı laureatı professor Məsud Əfəndiyev AzMİU-nun 50 illik yubiley tədbirində iştirak edib, AzMİU-nun gənc alimləri ilə görüşüb

Dekabrın 18-də Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) yaradılmasının 50 illik yubileyi münasibətilə təntənəli yığıncaq keçirilib. Tədbirin iştirakçıları arasında olan dünya şöhrətli alim, DAAB İdarə Heyətinin sədri, AzMİU rektorunun müşaviri professor Məsud Əfəndiyev təəssüratlarını bölüşüb.

"Azərbaycan Memarlıq və İnşaat Universitetinin keçdiyi 50 illik yol tədbirdə gözümüzün qarşısında canlandı. AzMİU Azərbaycan üçün önəmli bir universitetdir. Memarlıq və inşaat bizim qalib xalqımıza yaraşan, Azərbaycan üçün vacib olan komponentlərdən biridir. Tədbirdə Memarlıq və İnşaat Universiteti barədə çox gözəl fikirlər səsləndi, onun müstəsna rol oynadığı vurğulandı."

Məsud Əfəndiyev həm də bu ali məktəbin doktorantları və gənc tədqiqatçı alimləri ilə ikigünlük görüş keçirib. Görüş çərçivəsində doktorantların elmi-tədqiqat fəaliyyəti, beynəlxalq elmi inteqrasiya imkanları və qlobal elm arenasına çıxış mexanizmləri geniş müzakirə olunub. Gənc tədqiqatçıların elmi məqalələrinin "Web of Science" və "Scopus" kimi beynəlxalq indeksli jurnallarda dərc olunması məsələləri xüsusi diqqət mərkəzində olub.

Professor Məsud Əfəndiyev məqalə yazılışı, resenziya prosesləri, elmi etik normalar və beynəlxalq akademik şəbəkələrə çıxış yolları barədə ətraflı tövsiyələr verib. Müzakirələr zamanı "Alexander von Humboldt" Fondu, DAAD (Alman Akademik Mübadilə Xidməti), "Horizon Europe və ERC" (European Research Council) proqramları, eləcə də digər beynəlxalq elmi-tədqiqat və innovasiya platformaları geniş müzakirə olunub. Qlobal elmi gündəmdə olan aktual tədqiqat istiqamətləri, multidisiplinar layihələr və beynəlxalq konsorsiumlarda iştirak imkanları da nəzərdən keçirilib.

17 Dekabr 2025

DAAB-ın həmsədri Seymur Nəsirov Misirdə beynəlxalq konfransda elmi töhfələrinə görə təltif olunub

Qahirədə "Fətva və humanitar gerçəklik problemləri" şüarı ilə keçirilmiş beynəlxalq konfransda 50-dən çox ölkədən müftilər, şəriət alimləri və mütəxəssislər iştirak edib. Konfransda DAAB-ın həmsədri Seymur Nəsirov Azərbaycandakı tolerantlıq mühitindən danışıb. Misir müftisi tərəfindən seçilmiş alim və müftilər fəaliyyətlərinə görə təltif edilib; Seymur Nəsirov da mükafat alanlar sırasında olub.

Crossmedia.az — Tam xəbər
4 Noyabr 2025

AMEA ilə DAAB arasında anlaşma memorandumu imzalanıb

AMEA-nın 80 illik yubileyi çərçivəsində bir sıra ölkələrin Elmlər Akademiyaları ilə anlaşma memorandumlarının imzalanma mərasimi olub. Digər anlaşmalarla yanaşı, AMEA ilə Dünya Azərbaycanlı Alimlər Birliyi (DAAB) arasında da anlaşma memorandumu imzalanıb.

science.gov.az — Tam xəbər
3 Noyabr 2025

Professor Məsud Əfəndiyev: "AMEA bütün dövrlərdə öz prinsiplərinə sadiq qalıb"

Dünya elminin ən yüksək təltiflərdən biri sayılan Humboldt mükafatının ilk azərbaycanlı laureatı, Almaniyada "Helmholtz" Elmi-Tədqiqat Mərkəzinin Dinamik Sistemlər şöbəsinin müdiri, professor Məsud Əfəndiyev AMEA-nın 80 illik yubileyi ilə əlaqədar açıqlama verib.

science.gov.az — Açıqlama
29 Oktyabr 2025

Prof. Dr. Yulduz Rəhimov ADA Universitetinin Qazax Mərkəzinə səfər edib

Dünya Azərbaycanlı Alimlər Birliyinin Elmi katibi, Kanadada yaşayan Azərbaycanlı alim, York Universitetinin Professoru Yulduz Rəhimov 29 oktyabr 2025-ci il tarixində ADA Universitetinin Qazax Mərkəzinə səfər edib. Səfər ADA Universitetinin Təsisçi Rektoru və Qazax Mərkəzinin yaradıcı ideya müəllifi olan Hafiz Paşayevin təşəbbüsü ilə həyata keçirilib. Ziyarətdə İtaliyanın Roma Tor Vergata Universitetinin magistrantı Nicat Rəhimli də iştirak etmişdir. Mərkəzin sədri Yeganə Göyüşova qonaqlara Mərkəzin fəaliyyəti, tarixi binaların bərpası və inkişaf məqsədləri haqqında geniş məlumat təqdim edib.

Qazax Müəllimlər Seminariyasının tarixi binasında 2022-ci ilin oktyabrından fəaliyyət göstərən ADA Universiteti Qazax Mərkəzi həm regionun tarixi irsini qoruyur, həm də bölgəyə müasir və innovativ təhsil mühiti gətirir. Kompleksin memarlığı orijinal üslubuna uyğun olaraq yüksək səviyyədə bərpa olunub, ətraf ərazi abadlaşdırılaraq müasir kampus infrastrukturuna çevrilib. Tələbələr üçün rəqəmsal tədris avadanlıqları ilə təchiz edilmiş dərs otaqları, geniş kitabxana, oxu və müzakirə sahələri, komfortlu sosial məkanlar və dekorativ bitgilərlə bəzədilmiş yaşıl istirahət zonaları yaradılıb.

Mərkəzdə yaşayan pedaqoji heyət üçün inşa edilmiş Müəllimlər Evi tam şəraitli yaşayış imkanları ilə təmin olunub. Tikinti prosesi zamanı, əvvəllər həmin ərazidə yaşayan sakinlər üçün ədalətli kompensasiya verilməsi layihənin sosial məsuliyyət prinsiplərinə uyğun şəkildə həyata keçirildiyini göstərir. Eyni zamanda ADA Qazax Mərkəzində tələbələr üçün nəzərdə tutulmuş yataqxana da tam şəraitli, funksional və müasir standartlara cavab verən yaşayış mühiti təmsil edir. Tələbə yataqxanası geniş otaqlar, istirahət sahələri, oxu və qrup işləri üçün müasir məkanlarla təchiz olunub, həmçinin əlilliyi olan tələbələr üçün xüsusi uyğunlaşdırılmış şərait nəzərdə tutulub.

Mərkəzin tədris kompleksinə daxil olan XIX əsrə aid yerli əhəmiyyətli tarixi İsrafil Ağa hamamı da bərpadan sonra mədəniyyət və yaradıcılıq məkanına çevrilib. Hamamın daxilində Qazax xalçaçılıq məktəbinə aid nümunələri bir araya gətirən muzey və yerli gənclər üçün rəsm dərnəyi fəaliyyət göstərir. Bu tarixi məkan kiçik həcmli musiqili, ədəbi və mədəni tədbirlərin təşkili üçün ideal şəraitə malikdir və Seminariyanın tarixi ruhunu müasir yaradıcılıq ilə birləşdirir.

Səfər zamanı DAAB elmi katibi və ADA Universiteti Qazax Mərkəzinin rəhbərliyi arasında aparılan müzakirələr xüsusilə səmimi və ilhamverici atmosferdə keçib. Tərəflər elmi şəbəkənin genişləndirilməsi, birgə tədqiqat layihələrinin həyata keçirilməsi və akademik mübadilə imkanlarının artırılması ilə bağlı fikirlərini bölüşərkən həm Qazaxın tarixi elmi irsinə, həm də burada formalaşan yeni təhsil mühitinə böyük dəyər verildiyini vurğulayıblar. Regionun elmi-mədəni potensialının gücləndirilməsi, gənclərin elmə bağlılığının artırılması və Qazaxın intellektual mərkəz kimi yenidən dirçəlməsi istiqamətində irəli sürülən ideyalar görüşə xüsusi ruh qatıb. Səfər hər iki tərəf üçün yeni əməkdaşlıq imkanlarının formalaşdırılmasına töhfə verən əhəmiyyətli addım kimi yadda qalacaq.

23 Oktyabr 2025

Prof. Dr. Yulduz Rəhimov BDU-nun Tətbiqi Riyaziyyat və Kibernetika Fakultəsində ustad dərsi verib

BDU-nun məzunu, Kanadanın York Universitetinin professoru, DAAB İdarə Heyətinin üzvü Yulduz Rəhimov ilə görüş keçirilib. Professor Yulduz Rəhimov fakültənin professor-müəllim heyəti, tələbə və doktorantları qarşısında "Ədədlər nəzəriyyəsi və kriptoqrafiya" mövzusunda ustad dərsi keçib.

BDU.edu.az — Tam xəbər
20 Oktyabr 2025

Dr. Bəxtiyar Siracov BDU-nun Tətbiqi Riyaziyyat Fakultəsinin professor-müəllim heyəti və tələbələrlə görüşüb

Bakı Dövlət Universitetinin (BDU) Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin məzunu, DAAB İdarə Heyətinin həmsədri Dr. Bəxtiyar Siracovla görüş keçirilib.

Tədbirdə BDU-nun elm və innovasiyalar üzrə prorektoru Hüseyn Məmmədov, Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin dekanı Ələkbər Əliyev, fakültənin müəllim və tələbələri iştirak ediblər.

Fakültə dekanı Ələkbər Əliyev qeyd edib ki, Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin məzunları dünyanın müxtəlif ölkələrində, o cümlədən Azərbaycanda uğurla fəaliyyət göstərir, yüksək vəzifələrdə çalışırlar. Belə məzunlardan biri də Nobel Sülh Mükafatına layiq görülən Bəxtiyar Siracovdur. Ələkbər Əliyev Norveç Sülh Komitəsinin qərarı ilə 2005-ci ildə Nobel Sülh mükafatına layiq görülən və uzun illər Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) məsul əməkdaşı olan məzunumuzun həyat yolu haqqında tələbələrə məlumat verib, belə görüşlərin tələbələrin inkişafında önəmli rol oynadığını vurğulayıb.

Bəxtiyar Siracov bildirib ki, 1974-1979-cu illərdə BDU-nun Tətbiqi riyaziyyat və kibernetika fakültəsində təhsil alıb. O, məzunu olduğu universitetdə tələbələrlə görüşdən məmnunluğunu ifadə edib. Qonaq tələbəlik illərindən tutmuş AEBA-dakı fəaliyyətinədək keçdiyi yol barədə ətraflı məlumat verib, elmin inkişafına gənclərin töhfəsinin vacibliyini vurğulayıb. O, bilik və təcrübələrindən bəhrələndiyi Azərbaycan alimlərini minnətdarlıqla yad edib, onların yetirmələrinin bu gün dünyanın nüfuzlu universitetlərində, elm mərkəzlərində çalışdığını fəxrlə bildirib.

Qeyd olunub ki, 2005-ci ildə Norveç Sülh Komitəsinin qərarı ilə AEBA və onun Baş Direktoru Məhəmməd əl-Baradei nüvə enerjisinin hərbi məqsədlər üçün istifadəsinin qarşısının alınmasında və nüvə enerjisindən dinc məqsədlər üçün təhlükəsiz şəkildə istifadə edilməsinin təmin edilməsində göstəridikləri xidmətlərə görə Nobel Sülh Mükafatına layiq görülüblər. Bəxtiyar Siracov da məhz o tarixdən AEBA-da çalışan digər əməkdaşlarla bərabər Nobel Sülh Mükafatını alanlar sırasındadır.

Sonra Bəxtiyar Siracov tələbələrin suallarını cavablandırıb.

BDU.edu.az — Tam xəbər
1 Oktyabr 2025

Azərbaycanlı alim Misir Təhsil Nazirliyinin medalı ilə təltif olunub

Tədqiqatçı-alim Seymur Nəsirov Misir Ərəb Respublikası ilə Azərbaycan Respublikası arasında elmi-mədəni əlaqələrin inkişafındakı xidmətlərinə görə Misir Təhsil Nazirliyinin medalı ilə təltif olunub. Mükafatı ona Bakıda Misir Mədəniyyət Mərkəzinin direktoru professor Tariq Əbu Futuh təqdim edib.

AZƏRTAC — Tam xəbər
3 Sentyabr 2025

Misir Prezidenti azərbaycanlı alimi birinci dərəcəli "Elm və Fənlər" ordeni ilə təltif edib

Misir Prezidenti Əbdül Fəttah əl-Sisi azərbaycanlı tədqiqatçı-alim Seymur Nəsirovu birinci dərəcəli "Elm və Fənlər" ordeni ilə təltif edib. Misir Prezidentinin şəxsən özü tərəfindən verilən bu orden elmin inkişafı və yayılması sahəsindəki xidmətlərə görə görkəmli alimlərə təqdim edilir.

AZƏRTAC — Tam xəbər
19 İyul 2025

DAAB və Qarabağ Universiteti arasında əməkdaşlıq çərçivəsində "ALİ MƏKTƏB PEDAQOQİKASI" kursu tədris edilib

2025-ci ilin May ayından başlayaraq DAAB-ın İdarə Heyətinin üzvü və mətbuat katibi, İsveçin Gothenburg Universitetinin dosenti, elmlər doktoru Səadət Kərimi Qarabağ Universitetinin bir qrupp müəllimlərinə "ALİ MƏKTƏB PEDAQOQİKASI" (TEACHING AND LEARNING IN HIGHER EDUCATION) fənni üzrə əhatəli kursun tədrisinə başlamışdır. Tədris əsasən İngilis dilində və Avropa İttifaqı qaydalarına uyğun olaraq distant formatda həyata keçirilmişdir. İştirak edən müəllimlərin əksəriyyəti xaricdə magister, doktorantura təhsili almış olmasına baxmayaraq, bu kursun əhəmiyyətini dərk etdiklərini və yaranan imkana görə minnətdarlıqlarını bildirirlər.

Kursun məqsədi bakalavriat və magistratura pillələrində təhsilin keyfiyyətini gücləndirmək, tələbələrin öyrənilməsi və biliklərinin inkişafı üçün yaxşı şərait yaratmaq üçün ali məktəb müəllimlərini müəllim hazırlığı ilə təmin etməkdir. Kurs həmçinin elmi rəhbərlik (supervisor) işinin keyfiyyətini gücləndirməyi əhatə edir.

Kurs iki moduldan ibarətdir. Birinci modul 10 İyun 2025 tarixində imtahanlarla başa çatmışdır; ikinci modul avqustun ikinci yarısından noyabr ayının ilk həftəsinədək davam edəcək və sertifikatla nəticələnəcəkdir. Toplam 50 saatlıq kurs 15 kredit səviyyəsindədir: həftədə 3 saat leksiya, seminar və vorkşoplardan ibarət olub.

Səadət Kərimi Qarabağ Universitetinə töhfə verə bildiyi üçün şərəf və məmnuniyyət hissi duyduğunu, Azərbaycan Respublikasının sürətli quruculuq işlərində, o cümlədən elm və təhsil sahəsində, yaxından iştirak edə bildiyi üçün xoşbəxt olduğunu bildirmişdir. Onun fikrincə, kursun mütəmadi olaraq hər semestrdə yeni işə qəbul olunmuş ali məktəb müəllimlərinə verilməsi məqsədəuyğundur. Bu kurs Azərbaycanın müxtəlif universitetlərindən müəllimlər tərəfindən distant şəkildə götürülə bilər.

Müzakirə, təklif və əməkdaşlıq üçün əlaqə

Telefon: +46 70 46 48 650

✉️ saadat.karimi@edu.lidkoping.se

✉️ saadat953@hotmail.com

2 May 2025

Akademik Telman Əliyevin 90 illik yubileyi münasibətilə DAAB-ın İdarə Heyəti təbrik məktubu ünvanlamışdır

Akademik Telman Əliyev

02 May 2025-ci il

Azərbaycan Milli Elmlər Akademiyasının Həqiqi Üzvü
Əməkdar Elm Xadimi
Akademik Telman Abbas oğlu Əliyevə

Hörmətli Telman müəllim!

Sizi – Azərbaycan elminin görkəmli nümayəndəsini, əvəzsiz alim, müdrik müəllim və yüksək nüfuza malik elm təşkilatçısını 90 illik yubileyiniz münasibətilə səmimi-qəlbdən və dərin ehtiramla təbrik edirik.

Sizin zəngin həyat və yaradıcılıq yolunuz bütövlükdə Azərbaycanın elmi inkişaf tarixi ilə səsləşir. Siz informatika, kibernetika və idarəetmə sistemləri sahələrində respublikamızda yeni istiqamətlərin əsasını qoymuş, fundamental elmi nəticələriniz və tətbiqyönlü texnoloji yeniliklərinizlə bu sahələrin inkişafında misilsiz rol oynamısınız. Sizin rəhbərliyinizlə həyata keçirilmiş tədqiqatlar və onların sənayedə tətbiqi bu gün də öz aktuallığını və praktiki dəyərini qoruyub saxlayır.

Azərbaycan elmi ictimaiyyəti Sizi həm də görkəmli elm təşkilatçısı kimi tanıyır. Uzun illər rəhbərlik etdiyiniz Kibernetika (indiki İdarəetmə Sistemləri) İnstitutu Sizin sayənizdə təkcə Azərbaycanda deyil, beynəlxalq miqyasda tanınan elmi mərkəzə çevrilmişdir. Siz onlarla elmlər doktoru və fəlsəfə doktorunun yetişməsinə bilavasitə rəhbərlik edərək, öz məktəbinizi yaratmış və elmi irsinizin davamçılarından ibarət nəsil formalaşdırmısınız.

Sizin elmi fəaliyyətdəki yüksək nailiyyətləriniz beynəlxalq səviyyədə də tanınmış, Springer nəşriyyatında çap olunan monoqrafiyalarınız və nüfuzlu jurnallardakı məqalələriniz dünya elminə dəyərli töhfələr vermişdir. Bu fəaliyyətiniz UNESCO və Avrasiya Patent Təşkilatının ekspertləri sırasında yer almanızla da təsdiqlənmişdir.

Əziz Telman müəllim,

Bu əlamətdar gündə Sizə uzun ömür, möhkəm cansağlığı, yeni elmi nailiyyətlər və elmi məktəbinizin davamçıları ilə qürur duyacağınız uğurlar arzulayırıq. Elmin inkişafına göstərdiyiniz xidmətlər Azərbaycan xalqının və elmi ictimaiyyətin yaddaşında daim yaşayacaqdır.

Dərin ehtiramla və xoş arzularla,
Dünya Azərbaycanlı Alimlər Birliyinin İdarə Heyəti

4 Fevral 2025

Milli Aviasiya Akademiyasında "Fevral məruzələri 2025" beynəlxalq konfransında DAAB İdarə Heyətinin sədri Professor Məsud Əfəndiyev birliyin fəaliyyəti barədə məruzə ilə çıxış etmişdir

Fevralın 4-də “Azərbaycan Hava Yolları” QSC-nin Milli Aviasiya Akademiyasında (MAA) Azərbaycan Gəncləri Gününə və ölkəmizin ilk telekommunikasiya peyki “Azerspace 1”in orbitə buraxılması tarixinə həsr olunan “Fevral məruzələri 2025: Aviakosmik məsələlərin həllində gənclərin yaradıcı potensialı” 10-cu beynəlxalq elmi-praktik gənclər konfransı işə başlayıb.

AZƏRTAC xəbər verir ki, konfransa Rusiya, Qazaxıstan, Türkiyə, Ukrayna, Belarus, Almaniya, Böyük Britaniya, Fransa, İsrail və Azərbaycandan olmaqla 20-dən çox elm və təhsil müəssisəsi, o cümlədən 13 universitet, 7 tədqiqat mərkəzi, institut, dövlət qurumları və aparıcı təşkilatları təmsil edən 150-dən çox iştirakçı qatılıb.

Konfransda DAAB İdarə Heyətinin sədri Professor Məsud Əfəndiyev DAAB-ın fəaliyyətii barədə məruzə ilə çıxış etmişdir.

Fevral məruzələri 2025 konfransı — Milli Aviasiya Akademiyası
AZƏRTAC
4 Fevral 2025

Qahirə Beynəlxalq Kitab Sərgisi çərçivəsində Misir-Azərbaycan Dostluq Cəmiyyətinin sədri azərbaycanlı alim Seymur Nəsirovla görüş keçirilib

Qahirə Beynəlxalq Kitab Sərgisi çərçivəsində Misir-Azərbaycan Dostluq Cəmiyyətinin sədri azərbaycanlı alim Seymur Nəsirovla görüş keçirilib.

AZƏRTAC Misir-Azərbaycan Dostluq Cəmiyyətinə istinadla xəbər verir ki, Misirin Vəqflər Nazirliyi tərəfindən təşkil olunan görüşdə Misirin yüksəkvəzifəli şəxsləri, elm xadimləri və burada təhsil alan xarici tələbələr iştirak ediblər.

Tədbirdə İslam İşləri Üzrə Ali Şuranın baş katibi professor Məhəmməd əl-Bəyyumi Seymur Nəsirovun elmi, ictimai və mədəni fəaliyyətlərinin Misir ictimaiyyəti tərəfindən yüksək qiymətləndirildiyini və onun ölkədə təhsil alan tələbələr üçün böyük bir nümunə olduğunu qeyd edib.

Qahirə Beynəlxalq Kitab Sərgisi — görüş 1
Qahirə Beynəlxalq Kitab Sərgisi — görüş 2
AZƏRTAC
23 Yanvar 2025

85 ölkədən 1000-ə yaxın soydaşımızın iştirakı ilə videokonfrans keçirilib — DAAB üzvləri "Diaspor fəaliyyətində xidmətə görə" medalı ilə təltif olunub

Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə 85 ölkədən 1000-ə yaxın soydaşımızın iştirakı ilə videokonfrans keçirilib. Konfrans zamanı DAAB üzvləri Səidə Xəlilova (Oman), Rövşən İbrahimov (Cənubi Koreya) və Hacalı Nəcəfov (Türkiyə) "Diaspor fəaliyyətində xidmətə görə" medalı ilə təltif olunduqları elan edilib.

Diaspora videokonfransı — 2024-cü ilin yekunları 1
Diaspora videokonfransı — 2024-cü ilin yekunları 2
Diasporla İş üzrə Dövlət Komitəsi - 2024-cü ilin yekunları
20 Yanvar 2025

QOBUSTAN — İsveçdə Azərbaycan Aydınlar Ocağı M.Qorbaçovun Nobel sülh mükafatından məhrum edilməsi tələbi ilə Norveç Nobel Komitəsinə Müraciət

İsveçdə Azərbaycan Aydınlar Ocağı Norveç Nobel Komitəsinə Mixail Qorbaçovun Nobel sülh mükafatından məhrum edilməsi tələbi ilə rəsmi müraciət ünvanlamışdır.

İSVEÇ Krallığında fəaliyyət göstərən
"QOBUSTAN" – AZƏRBAYCANLI ALİMLƏR ASSOSİASİYASINDAN (AAAS)
NORVEÇ NOBEL KOMİTƏSİNƏ
AÇIQ MƏKTUB
20.01.2025

19 Yanvar 2025 ci il tarixində İsveçdə fəaliyyət göstərən ”GOBUSTAN - Azərbaycan Aydınlar Ocağı” dərnəyinin təşkil etdiyi ZOOM konfransına qatılan 100 nəfərdən çox iştirakçı, dərnəyin üzvləri, və dəvət olunmuş Azərbaycan ictimai fəalları, 20 Yanvar şəhidlərinin ailə üzvləri, 20 Yanvar veteranları konfransın nəticəsi olaraq QƏTNAMƏ qəbul ediblər. Bu qətnamə Norveç Nobel Komitəsinin sədrinə və üzvlərinə Açıq Məktubda ünvanlanıbdır.

Hörmətli Norveç Nobel Komitəsinin sədri cənab Jørgen Watne Frydnes.
Hörmətli Norveç Nobel Komitəsinin üzvləri - cənab Asle Toje, xanım Anne Enger, xanım Kristin Clemet, xanım Gry Larsen.

Biz – İsveçdə fəaliyyət göstərən Qobustan Azərbaycan Aydınlar Ocağı – 19 Yanvar 2025 ci tarixində keçirdiyimiz ictimaiyyətə açıq konfransa qatılan 20 Yanvar şəhidlərinin ailə üzvləri, dünyanın müxtəlif ölkələrində yaşayan Azərbaycanlı sosial-ictimai fəallar, 20 Yanvar veteranları ilə birlikdə, Sizə 1990-cı ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi MİXAİL QORBAÇOVUN Norveç Nobel Komitəsi tərəfindən NOBEL SÜLH MÜKAFATI ilə təltif olunması barədə qəbul etdiyimiz QƏTNAMƏMİZİ TƏQDİM EDİRİK.

Mixail Qorbaçovun hələ də Nobel Sülh Mükafatı laureatı adını daşımasını bu mükafatın tarixində və bəşəriyyət tarixində ən böyük ədalətsizlik, Azərbaycan xalqına qarşı sayqısızlıq və tarixdə qara ləkə hesab edirik! Mixail Qorbaçovun Nobel Sülh Mükafatından məhrum edilməsini gərəkli addım hesab edirik!

Mixail Gorbaçovu Nobel Sülh Mükafatından məhrum etməklə Nobel Komitəsi gec də olsa bu qara ləkəni təmizləmiş olar və Azərbaycan xalqına qarşı yol verilmiş haqsızlığı aradan qaldırmış olar. Mixail Qorbaçovu mükafatından məhrum etmək qərarınız dünya ictimaiyyətinin ədalətə və Nobel Sülh Mükafatının mənəvi nüfuzuna inamını gücləndirərdi. Buna ciddi ehtiyac var!

Böyük ağrı hissi ilə bildiririk ki, məhz 1990 cı il 20 Yanvar qətliamından sonra Norveç Nobel Komitəsi tərəfindən əlləri Azərbaycan xalqının qanına batmış Mixail Qorbaçovun Nobel Sülh Mükafatı ilə təltif edilməsi bizim üçün 20 Yanvar kədəri qədər əzablıdır. Lakin, Azərbaycan ictimaiyyəti uzun illərdir ki, bu ədalətsizliyin bir gün mütləq aradan qaldırılacağına inamını itirməyib.

Azərbaycan xalqı hər il 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet qoşunlarının Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridilməsi, dinc əhalinin ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutulması nəticəsində ümumilikdə 150 nəfərin kütləvi şəkildə qətlə yetirilməsinin ildönümünü hər il olduğu kimi bu ildə eyni hüznlə qeyd edir, qatil Mixail Qorbaçovu lənətləyir, bu faciəni törədənlərə dərin nifrətini ifadə edir. Mixail Qorbaçovun şəxsən Bakıya, dinc əhaliyə qarşı qoşun yeridilməsi əmrini verməsi məlum və inkar edilməz faktdır! O, kütləvi qətllərə görə birbaşa məsuliyyət daşıyır! Bu cinayətin qanlı izi silinməzdir.

20 Yanvar faciəsini törədən cinayətkarların ədalət mühakiməsinə cəlb olunması üçün kifayət qədər hüquqi əsaslar mövcuddur. 20 Yanvar 1990 Qətliamı hər şeydən öncə BMT-nin Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin, Mülki və Siyasi hüquqlar Haqqında Beynəlxalq Paktın və digər beynəlxalq hüquqi konvensiyaların tələblərinin pozulması faktıdır! Bu qətliam bəşəriyyət əleyhinə cinayətdir, bu hadisə zamanı dinc insanlar qətlə yetirilib, yaralanıb, oğurlanıb, işgəncələrə məruz qalıb. Bütöv bir xalqa qarşı tarixi cinayət törədilib.

Bütün araşdırmalar bizə 20 Yanvar qətliamını SSRİ-nin ədalətsiz siyasətinə etiraz edən Azərbaycan xalqının azadlıq və müstəqillik mübarizəsinin boğulması üçün əvvəlcədən planlaşdırılmış dövlət cinayəti adlandırmağa əsas verir!

Biz ümid edirik ki, Nobel Sülh Komitəsi Nobel dəyərlərinin təhqir edilməsinə göz yummayacaq, Azərbaycan xalqının, eləcə də keçmiş Sovet İttifaqının digər xalqlarının dərin nifrətini qazanmış Mixail Qorbaçovun Nobel Sülh Mükafatından məhrum edilməsi barədə qərara imza atmaqla tarixi ədaləti bərpa edəcəksiniz.

Hörmətlə,
100 imza

17 Yanvar 2025

AZPOLİTİKA.İNFO — UNEC ilə Dünya Azərbaycanlı Alimlər Birliyi yeni təşəbbüsə imza atdı

DAAB-UNEC onlayn görüş

UNEC-in rektoru Prof. Ədalət Muradov: Dünya Azərbaycanlı Alimlər Birliyinin (DAAB) bütün qitələrdən olan üzvləri ilə UNEC-in əməkdaşlıq imkanlarını müzakirə etdik. Ortaq elmi tədqiqatlar və onların nəticələrinin yayılması, gənc alimlərə dəstək, birgə jurnallar, elmi fəaliyyət sahəsində məlumat mübadilə mexanizminin yaradılması və digər məsələləri müzakirə etdik. UNEC-ə ayırdıqları vaxta və göstərdikləri dəstəyə görə DAAB-ın İdarə Heyətinin Sədri professor Məsud müəllim Əfəndiyev başda olmaqla müzakirədə iştirak edən hər bir DAAB üzvünə təşəkkür edirəm.

AzPolitika.info
13 Dekabr 2024

525-ci Qəzet — Məsud Əfəndiyevlə müsahibə

Məsud Əfəndiyev — NDU

Məqalədə Almaniyada fəaliyyət göstərən tanınmış azərbaycanlı alim, "Aleksander fon Humboldt" ("Kiçik Nobel mükafatı") mükafatının ilk azərbaycanlı laureatı Məsud Əfəndiyev haqqında geniş məlumat verilir. Alim Azərbaycanın elm və təhsil siyasətinin son illərdə sistemli və strateji xarakter aldığını, xüsusilə süni intellekt və informasiya texnologiyalarına diqqətin artdığını vurğulayır. O, Dünya Azərbaycanlı Alimlər Birliyi vasitəsilə xaricdə yaşayan azərbaycanlı alimlərin Azərbaycan elminin inkişafına töhfə verməyə çalışdıqlarını qeyd edir. Məqalədə həmçinin Naxçıvan Dövlət Universiteti ilə əməkdaşlıq perspektivləri, beynəlxalq elmi əlaqələrin genişləndirilməsi və gənclərin elmə təşviqinin əhəmiyyəti xüsusi vurğulanır. Məsud Əfəndiyev hesab edir ki, güclü elmi mühit, beynəlxalq əməkdaşlıq və keyfiyyətli tədqiqatlar gələcəkdə azərbaycanlı alimlərin daha böyük beynəlxalq uğurlar qazanmasına yol aça bilər.

525-ci Qəzet
15 Oktyabr 2024

Qarabağ Universiteti ilə onlayn görüş

Qarabağ UniversitetiQarabağ Universiteti ilə onlayn görüş

15 oktyabr 2024-cü il tarixində Dünya Azərbaycanlı Alimlər Birliyinin (DAAB) İdarə Heyətinin üzvləri və Qarabağ Universitetinin rəhbər heyəti arasında görüş keçirilib. DAAB-ın təşəbbüsü ilə onlayn formatda keçirilən görüş tədris, elmi-tədqiqat, eləcə də Qarabağ Universitetinin beynəlxalq səviyyədə tanınması və nüfuzunun gücləndirilməsi istiqamətlərində əməkdaşlıq imkanlarının müzakirəsi məqsədi daşıyıb.